Partiya sədri: "Paşinyan digər dövlət başçılarına yalvararaq nələrsə əldə etməyə çalışır"

GÜNDƏM 14 okt 2021, 12:42
“Rusiya prezidenti Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşü baş tutdu. Görüşün proseslərə böyük təsirinin olacağını demək çətindir. Güman ki, görüşdə regionla bağlı bir çox məsələ müzakirə olunub. Əsas məsələ isə Ermənistanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
 
Rusiya prezidenti ilə Ermənistanın Baş nazirinin görüşü ilə bağlı fikirlərini bölüşən deputat görüşdə ciddi məsələlərin gündəlikdə olduğunu qeyd edib:

“Paşinyan hər zaman digər dövlət başçılarına yalvararaq nələrsə əldə etməyə çalışır. Lakin o, artıq reallıqla hesablaşmağı öyrənməlidir. Hazırda Ermənistanın qarşısında üçtərəfli bəyanatın hər bir bəndinin icrası məsələsi dayanır. Görüşdəki müzakirə edilən məsələlərdən biri də bu olub. Rusiya prezidenti də bu istiqamətdə işlərin görülməsini istəyir. Ermənistan bu istiqamətdə hərəkət etsə, revanşist ideyalardan və ərazi iddialarından tam əl çəksə, müstəqil dövlət kimi fəaliyyət göstərə bilər. Bu zaman Ermənistanın kömək gözlədiyi Rusiya da ona hansısa formada kömək göstərə bilər. Əks halda, zaman keçdikcə Ermənistanın mövcudluğu suallar doğuracaq. Rusiya da anlayır ki, Ermənistanın proseslərdə real addımlar atması ilə müzakirə edilən məsələlər həll oluna bilər. Bu baxımdan, indiki vəziyyətdə üçtərəfli bəyannamələrin şərtlərinin yerinə yetirilməsi prioritet məsələdir. 

Rusiya isə öz mövqeyinə sadiq qalmalıdır. Son vaxtlar regionda fərqli proseslərin şahidi oluruq. Buna görə də, Rusiya üçtərəfli münasibətlərdə mövqeyini dəyişməməli, proseslərin müsbət inkişafı üçün çalışmalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top