“30 il öncə doğru addım atdıq və …”

GÜNDƏM 13 okt 2021, 22:04
“Müstəqilliyin elan edilməsi haqda qərarları verərkən Azərbaycan xalqının bizim  təşəbbüslərimizi dəstəkləyəcəyinə bir an da belə şübhə etmirdim…”
 
“18 Oktyabrın Müstəqilliyimizin Bərpası günü elan edilməsi də məntiqli və təqdirəlayiq addımdır…”
 
“18 oktyabr 1991-ci ildə qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya aktına uyğun olaraq Azərbaycanın öz müstəqilliyini bərpa etməsi çoxminillik tariximiz boyu ən həlledici addımlarımızdan biri oldu.  Bu addım  o zaman Azərbaycanı sevənlər tərəfindən ruh yüksəkliyi ilə, sevməyənlər tərəfindən isə ciddi narahatlıqla qarşılandı”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  30 il öncə Azərbaycanın dövlət müstəqilliyinin bərpası barədə Konstitusiya aktına imza atmış birinci Prezidenti  Ayaz Mütəllibov söyləyib.
 
“Ölkəmiz ətrafında  1990-cı illərin əvvəlində baş verən mürəkkəb geo-siyasi proseslər, o cümlədən Qarabağdakı hadisələr  fonunda müstəqilliyimizin elan edilməsi  müasir Azərbaycanın tarixində yeni səhifə başlatdı və həmin addımın atılmasına şərait yaradanların tarixi-siyasi nöqteyi nəzərdən də qətiyyətliliyini təsdiqlədi. Və Azərbaycanın  bugünkü dövlətçiliyinin durumu da  tariximizin  o  zamankı mürəkkəb dövründə ayıqlıq nümayiş etdirmiş xalqımızın müdrikliyini sübut edir. Ötən onilliklərin bütün keşməkeşləri bizim 30 il öncə - 18 oktyabr 1991-ci ildə doğru addım atdığımızı və Azərbaycanın gələcəyi üçün böyük və geniş bir yol açdığımızı göstərir. Və heç kəsin Azərbaycanın tam mənada müstəqil dövlət olmağı haqq etməsindən şübhəsi yoxdur…  
 
O vaxtkı dövlət başçısı kimi mənə gəldikdə, müstəqilliyin elan edilməsi haqda qərarları verərkən Azərbaycan xalqının bizim  təşəbbüslərimizi dəstəkləyəcəyinə və  öz həyatları bahasına ölkəmizin bərpa olunmuş müstəqilliyini elan edən və mərhələ-mərhələ möhkəmlədən siyasi liderlərin arxasında duracağına bir an da belə şübhə etmirdim… Və bununla fəxr etmək olar”- deyə Ayaz Mütəllibov açıqlamasının ardında söyləyib. 
 
“Yeri gəlmişkən, qeyd edim ki,  18 Oktyabrın Müstəqilliyimizin Bərpası günü elan edilməsi də məntiqli və təqdirəlayiq addımdır… İnanıram ki, gələcək də bizimlədir və bir xalq və dövlət olaraq qarşımızda duran  bugünkü çətinlikləri də dəf edəcəyimizə heç bir şübhə yoxdur.  Xüsusən torpaqlarımızın azadlığı uğrunda  II Qarabağ müharibəsini təşkil etmiş və onu qələbə ilə nəticələndirmiş siyasi rəhbərliyin xidmətlərini vurğulamaq istərdim. Bundan sonra da düşmən güclər qarşısında belə qətiyyətli və iradəli  mövqe tutulması arzusuyla xalqımızı və dövlət rəhbərliyini öncədən Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyi münasibətilə təbrik edir, həyatımızın bütün sahələrindəki, xüsusən Qarabağda, Zəngəzurda – işğaldan azad edilmiş quruculuq və məskunlaşma işlərində yeni-yeni uğurlar diləyir,  müstəqil  Azərbaycan Respublikasının hər bir vətəndaşına daim rifah və şadlıq dolu xoşbəxt həyat arzulayıram”- deyə sabiq dövlət başçısı sözlərini təbriklə bitirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top