Zaman İranın addımlarının mənasızlığını ortaya qoymaqdadır

GÜNDƏM 13 okt 2021, 17:40
Bir müddətdir Azərbaycanla İran arasında məhz sonuncunun heç bir çərçivəyə sığmayan siyasəti ucbatından davam edən gərginlik o reallığı bir daha ortaya qoydu ki, Azərbaycanla diqtə dili ilə  danışmağın heç bir perspektivi yoxdur. Hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycanla bu formada münasibətlər qurmaq uğursuzluğa məhkumdur və ötən zaman bunu dəfələrlə isbat edib. Görünən odur ki, İran bunu hesablamayıb və fərz edib ki, gəldiyi hədələr qarşısında Azərbaycan geriyə addımlar atacaq. 

Münasibətləri indiki duruma gətirib çıxaran səbəblər gizli deyil. İran Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirib. Əvvələ dönsək, Qarabağ münaqişəsində Azərbaycanın haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyinə müsəlman və qonşu ölkə olan İran heç vaxt səmimi dəstək verməyib. Əli həmişə Ermənistanın çiynində olan İran üzdə Azərbaycanla qonşuluq münasibətlərindən dəm vurmaqla məşğul olub. Qarabağ münaqişəsinin ilk günlərindən İran daima gizli və açıq yollarla Ermənistana dəstək verib. Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyəti, Qarabağın və həmin ərazilərdə Azərbaycan xalqının maddi sərvətlərinin talan edilməsində İran iş adamlarının xüsusi rolunun olması ilə bağlı tutarlı faktlar var. İran müsəlman dövləti olsa da, Ermənistanın Qarabağda məscidləri dağıtmasına, orada donuz saxlamasına göz yumub, heç bir cavab verməyib.   

Bununla kifayətlənməyən İran ötən 30 ildə Azərbaycanla bağlı zaman-zaman sərsəm açıqlamalar verib. 

Reallıq budur ki, İran Azərbaycanın güclü, qüdrətli dövlət olmasına qısqanc yanaşıb. Və düşünüb ki, Ermənistana dəstək verməklə Azərbaycanı zəiflədəcək. Bu, İranın guya görünməyən siyasəti olub. Əslində isə bu siyasət özünü çox gözəl biruzə verirdi. 44 günlük müharibə İranın bu gizli siyasətini tam ifşa etdi. Müharibə dövründə İranın Ermənistana yanacaq və silah ötürməsi ilə bağlı görüntülər mətbuatda yer aldı. İran yalnız müharibədə Azərbaycanın qələbəsi qətiləşəndən sonra candərdi Qarabağla bağlı mövqe ortaya qoyaraq haqq işimizə dəstək ifadə edən açıqlamalar verdi. Amma yenə səmimi olmağı bacarmadı. Özünün mətbuatında Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədilə guya Qarabağda terrorçuların olması məlumatını dövriyyəyə buraxdı.

Gözləmək olardı ki, nəhayət Azərbaycanın tarixi qələbəsindən sonra İran yeni reallığa uyğun davranaraq şərdən əl çəkəcək. Amma nə baş verdi? İran Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə mənşəyi bəlli olmayan yüklər daşımağa başladı. Rəsmi Bakının xəbərdarlıqları, rəsmi etirazlarını İran vecinə almayaraq, yük daşımaqda davam etdi. Azərbaycan əməli tədbirlər həyata keçirib İranın tırlarını durdurduqdan sonra isə rəsmi Tehran hədə dilində danışmağa başladı. Əyalət mollası səviyyəsində, sonra daha yuxarı səviyyədə Azərbaycana qarşı bəyanatlar verildi. Ermənistanla daha sıx qucaqlaşmağa başlayan rəsmi Tehran daha da irəli getdi. Azərbaycan sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirdi və s.

Bunun müqabilində Azərbaycan tərəfi diplomatik etika qaydalarına uyğun təmkinli davranışı ilə fərqləndi. Azərbaycanın addımları beynəlxalq hüquqa, dövlətlərarası münasibətlərə söykənir, İranın isə yox...

Görünən odur ki, iki qonşu dövlət arasındakı münasibətlər beynəlxalq aləmin də diqqətini cəlb edib. Son vaxtlar nüfuzlu media qurumlarında yer alan yazılar  bunu təsdiqləyir. Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də İranla münasibətlərə dair sualın yer alması təsadüfi deyil.

Söhbət ondan gedir ki, İran yatıb yuxuda İsrailin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gəlməsini görüb və bunu məqsədli şəkildə şişirtməklə məşğuldur. Ortada heç bir sübut yoxdur. Reallıq budur ki, İran Azərbaycanın yaratdığı reallığı həzm edə bilmir. Rəsmi Tehrana hansısa bəhanə lazımdır və deyəsən  İsraildən gözəl bəhanə tapa bilməyib...

Prezident İlham Əliyevin adıçəkilən qəzetə müsahibəsində İranla bağlı suala cavabında yer alan məqamlara diqqət edək:

 - Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.

- Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! 

- Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. 

- İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inaqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”.  Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə biz ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.

Prezident müsahibəsində bundan əvvəlki İran hökuməti ilə olan münasibətlərə də toxunub və münasibətlərin ən yüksək səviyyəyə qaldırıldığını xatırladıb. Bununla da Azərbaycan qonşu ölkə İranla münasibətlərin əsl dostluq üzərində qurulmasının mümkün olduğu mesajını verib.

İran Azərbaycana münasibətdə hörmətsiz yanaşmadan əl çəkməli, əsl qonşu, müsəlman ölkə kimi davranmalı, ermənipərəst siyasətə dur deməli, əsassız bəyanatlarla münasibətlərin gərginləşməsinə çalışmamalıdır. Bunun əksinin heç bir perspektivi yoxdur. Necə ki, zaman İranın addımlarının mənasızlığını ortaya qoymaqdadır...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top