"Qarabağdakı ermənilər Azərbaycan ərazisində yaşayır və vətəndaşlığı qəbul etməlidir"

GÜNDƏM 09 okt 2021, 17:49
“Qarabağdakı ermənilər sülhməramlıların səlahiyyət zonasında yaşayırlar. Bu o demək deyil ki, onların Ermənistanla hüquqi cəhətdən hansısa bağlılıqları var. Məlum məsələdir ki, separatçı qüvvələr qalmaqdadır və revanşist qüvvələr bundan istifadə edir”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Qarabağda yaşayan erməni vətəndaşlarla bağlı mümkün razılıqla bağlı danışan deputat qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan qanunlarını qəbul etsələr, onların Azərbaycanda yaşamaq hüququ da tanınacaq:

“Həmçinin, həmin ermənilər arasında cinayət məsuliyyəti daşıyanlar varsa, bu məsuliyyət araşdırıldıqdan sonra həmin şəxslərin də Azərbaycanda yaşamaq hüququ tanınmalıdır. Yalnız bundan sonra onlarla birgə yaşayış məsələsinə baxılmalıdır. Qarabağdakı ermənilər Azərbaycan ərazisində yaşayır və vətəndaşlığı qəbul etməlidirlər”.

Deputat Azərbaycanın erməni vətəndaşları üçün şərtlərini açıq şəkildə ifadə etdiyini xatırladıb:

“Ermənistan sülh sazişi imzalamalıdır və bu, gec-tez olacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra ərazimizdə yaşayan ermənilər də Azərbaycan vətəndaşı hesab olunacaq. Bu baş verdikdən sonra Azərbaycan onlarla bağlı məsələni niyə Ermənistanla razılaşdırmalıdır? İnandırıcı deyil ki, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığı almasından sonra biz onlarla bağlı Ermənistanla hansısa razılaşmaya gedək. Azərbaycan hüquqlarını daşıyan, vətəndaşı olan şəxslərlə bağlı başqa ölkəylə müzakirələr, razılaşdırmalar etməyəcək. Həmin ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra hüquqları tam qorunacaq, Azərbaycan bu istiqamətdə öz mövqeyini açıq şəkildə ifadə edib”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top