Polkovnik Hadrut qələbəsindən danışdı: "Şuşaya gedən yol..."

GÜNDƏM 09 okt 2021, 12:15
“Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi müharibədə hər günün, hər bir döyüş əməliyyatının öz əhəmiyyəti olub. Hər bir yaşayış məntəqəsinin, yaxud yüksəkliyin azad edilməsi ümumi planın bir hissəsi idi. Cəbrayıldan sonra Hadrutun işğaldan azad edilməsinin müharibənin taleyi ilə bağlı böyük əhəmiyyəti oldu. Həm də ona görə ki, azad edilən ərazilər ilk növbədə mənəvi-psixoloji baxımdan böyük ruh yüksəkliyi gətirirdi, ordumuzun qələbəyə inamını yüksəldirdi. Digər tərəfdən, ərazilərin işğaldan azad edilməsi düşmənə böyük psixoloji zərbə vururdu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Hadrutun işğaldan azad edilməsi ilə bağlı danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Hərbi ekspert qeyd edib ki, Hadrut böyük strateji əhəmiyyət kəsb edən yaşayış məntəqəsidir:

“Bu baxımdan, onun işğaldan azad edilməsi müharibənin gedişinə böyük təsir göstərdi. İlk olaraq Hadrut ətrafındakı yüksəkliklər işğaldan azad edildi, daha sonra isə Hadrut düşməndən təmizləndi. Hadrut bizim keçmiş cəbhə bölgəsinin cənub hissəsinin mərkəzində yerləşir. Buna görə də onun azad edilməsi Füzuli istiqamətindəki qüvvələrin irəliləməsini təmin etmək üçün vacib idi. Hadrutun azad edilməsindən sonra Azərbaycan Ordusu Şuşaya doğru da istiqamətlənə bildi. Xüsusi Təyinatlı Qüvvələrimiz məhz Hadrutun azad edilməsindən sonra Şuşa istiqamətində irəliləməyə başladı. Hadrutun azad olunması, həmçinin, Ağdam, Füzuli, Qırmızı bazar istiqamətindəki böyük qüvvənin mühasirəyə alınması ehtimalını çoxaldırdı. Hətta bu nüansı nəzərə alaraq, erməni generalları şəxsi heyətin 20 minə yaxın üzvünün mühasirədə qalması ehtimalını məruzə edərək, atəşkəs imzalanması və müharibənin bitməsi ilə bağlı müraciət etdi. Hadrut uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun cənub istiqamətində irəliləməsinə imkan yaratdı. Düşünürəm ki, Hadrut işğaldan azad ediləndə ermənilər artıq müharibənin nəticəsini özləri üçün müəyyən şəkildə qiymətləndirə bildilər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top