İran kürd terrorçuları Qarabağa necə gətirib? — Tehran PKK əlaqələrinin detalları

SİYASİ 08 okt 2021, 09:52
İranda fəaliyyət göstərən PJAK terror təşkilatı PKK-nın əsas qollarından biri kimi özünün “xarakterik” hərəkət trayektoriyası ilə seçilirdi. Belə ki, PJAK-ın əsas məqsədi İranda kürdlərin yaşadığı ərazilərdə nəzarəti ələ keçirmək idi. Ancaq bir müddət sonra bu terror təşkilatının İran xüsusi xidmət orqanları ilə işbirliyinin ortaya çıxması rəsmi Tehranı terror təşkilatlarının himayəçiləri kateqoriyasına daşımış oldu. 2011-ci ildə İran ordusunun polkovniki Əziz-Həsən Aqdam isə PJAK terror təşkilatının ermənilərlə əlaqəsindən və bu terror təşkilatının Ermənistanda təlimlər keçməsindən danışırdı. Maraqlıdır, terror təşkilatı Ermənistanda harada təlim keçə bilərdi?

Məntiqlə yanaşsaq, soruşa bilərik: Döyüşlər zamanı İran ordusuna itkilər yaşadan PJAK Ermənistanda təlimlər keçirdisə, o zaman İran-Ermənistan münasibətləri niyə gərginləşmirdi? Cavabı çox sadədir: Birincisi, İran Kandildən idarə olunan PKK-nın əsas qanadlarından birini öz ölkəsinə idxal edə bilmişdi. Məqsəd İranı terrordan əziyyət çəkən dövlətlər siyahısına daxil etmək idi. İranla əks qütbdə olan ABŞ “11 sentyabr hadisəsi”ni özünün ideoloji, taktiki və strateji silahına çevirmişdi və bu, ABŞ-ın Şərq ölkələrinə hücumları üçün əsas bəhanə rolunu oynadı. Suriyaya, İraqa müdaxilə etmək üçün isə bu dəfə İran ən optimal varinatlardan birinə əl atmışdı. İkincisi, rəsmi Tehran “mərkəzi ofisi” Kandildən yerləşən PKK və Ermənistanla əldə olunmuş məxfi sövdələşmələrə əsasən PJAK-la rəftar edirdi.

PJAK yalnız Qarabağda təlim keçə bilərdi, başqa ehtimal yoxdur. Məsələ bundadır ki, İran hələ 2015-2016-cı illərdən başlayaraq PJAK terror təşkilatını Qarabağda yerləşdirməyə başlamışdı. Ancaq rəsmi Tehran öz xalqının gözünə kül üfürməyi də bacara bilmişdi: “... ordumuz qalib gəlib və PJAK-ı İrandan qovub çıxarıb”. 

Əslində bu təşkilat məğlub edilərək qovulmamışdı və İran xalqı fars rejiminin kürd terror təşkilatları ilə qardaşlıq münasibətlərindən xəbərsiz idi. 

PJAK gələcəkdə Azərbaycana qarşı döyüşmək üçün İranın nəzarəti altında Qarabağa göndərilmişdi.



Bununla belə, İran dünyaya terror təşkilatları ixrac edən dövlət kimi özünü çoxdan təsdiqləmişdi. Məsələn, İran 2018-ci ilə qədər orada yaşayan qeyri-millətlərin rəsmi qeydiyyati olmayan minlərlə nümayəndələrinə (xüsusilə əfqanları) təlimlər keçərək onları terrorçu təşkilat halına gətirmiş və daha sonra Suriyaya göndərmişdi. Hətta bu döyüşçülər İran xüsusi xidmət orqanlarının agentləri kimi PJAK-ın müxtəlif taborlarına rəhbərlik edirdilər.

Terrorçular Qarabağa necə gətirilib? 

Qarabağa daşınan terrorçuların birinci istiqaməti İrandan başlamışdı...

PJAK-ın İran tərəfindən Qarabağa göndərilməsi və orada təlimlər keçməsi İranın Ermənistana verdiyi əvəzsiz dəstək “kuponu” idi. Halbuki Kandildən idarə olunan PKK, YPG, PYD kimi PJAK da öz missiyasına sadiq qalmalı və “İranda kürd əməliyyatı”nı yerinə yetirməli idi. Ancaq İran bu terror təşkilatını Qarabağa daşıdı. Məhz Azərbaycana qarşı!



Terrorçuların Qarabağa daşınmasının ikinci istiqaməti və yaxud Zəngəzur dəhlizi İranı niyə narahat edir?

Ötən ilin yay aylarından başlayaraq, Tələbaninin himayə etdiyi kürd terrorçular Zəngəzur vasitəsilə və Süleymaniyyədən təyyarə relsi ilə İraqdan Qarabağa göndərilmişdi. Yüzlərlə PKK terrorçusu İraqın şimalından Kala-Çivalan, Pencivan, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrindən keçməklə İranla sərhəd Seyran Bənd şəhərciyinə keçmişdi. Burada onları İranın xüsusi xidmət orqanlarının əməkdaşları qarşılamışdı. Terrorçular sərhədi piyada keçərək İranın Saqiz yaşayış məntəqəsinə daxil olublar, oradan isə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi ilə Kirmanşaha qədər gəliblər.

Daha sonra isə Ermənistana və Qarabağa yola düşüblər. Bu müddət ərzində SEPAH bu terrorçuların bütün ehtiyaclarını qarşılayıb və Mazandaranda onlar üçün istirahət məntəqəsi düzəldib. Əsir götürülən erməni Albert Mikayelyan Qarabağa təkcə kürd əsilli 1500-dən artıq döyüşçü gətirildiyini bildirmişdi.



Kürd terror təşkilatları ilə Ermənistanın əlaqələrinin ikinci mərhələsini İraqdakı səfir Qraçya Poladyan həyata keçirmişdi. 2020-ci ilin yay aylarında Yerevan hakimiyyəti kürd təşkilatları ilə  detallı razılığa gəlmişdi. Məhz bu əlaqələr əsasında PKK kürd terror təşkilatı üzvlərinin Qarabağa yerləşdirilməsi haqda razılaşma əldə olunmuşdu. Deməli, “Kürd terror təşkilatları-Ermənistan-İran üçbucağı” Azərbaycana qarşı öncədən “blok” halına gətirilib.

Zanyari" kürd kəşfiyyat xidməti SEPAH-ın ən yaxın tərəfdaşlarındandır.  Lahur Tələbaninin İranla dərin əlaqələrə malik olması ilə bağlı iddialar xarici mediada dəfələrlə səsləndirilib.

Qısa haşiyə: Və bu zaman Azərbaycanın İraqdakı müvəqqəti işlər üzrə vəkili Nasir Məmmədov İraqda Azərbaycan əleyhinə formalaşan böyük bir prosesdən xəbərsiz halda ölkəmizi orada “təmsil edirdi...”.

Bu gün Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini təmin edən Zəngəzur dəhlizi İranı qıcıqlandıran əsas amillərdən biridir. Ona görə də 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı İranın Ermənistana dəstəyi təəccüb doğurmurdu. Ancaq məsələ bundadır ki, 2020-ci il il 10 noyabr razılaşmasının 9-cu bəndi nəqliyyat əlaqələrinin bərpasını özündə ehtiva edir.

Digər tərəfdən, Zəngəzur dəhlizi ərazi funksiyasını yox, nəqliyyat dəhlizi funksiyasını yerinə yetirəcək. Heç şübhəsiz, Azərbaycan əraziləri və rayonları arasında məsafənin qısalması, əlverişli şəkil alması rəsmi Tehranın “maraqlarına” öncdən ziddi idi. Ancaq biz İranın yox, öz maraqlarımızı qoruyuruq, elə buna görə də torpaqlarımızı işğaldan azad etdik. Bu torpaqların işğaldan azad olunmasını  və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını İran özünə təhlükə hesab edirsə, bu, onun öz işidir.

Həmçinin, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtsiadi rayonunun ölkəmiz və region üçün əhəmiyyətinin miqyasını təsəvvür etmək elə də çətin deyil. Məsələ bundadır ki, Azərbaycanın qəbul etdiyi qərarlar regionda terror qruplaşmalarının birdəfəlik bloklanmasını da zəruri edir. Əgər bu halın özü də İranın maraqlarına cavab vermirsə, deməli, rəsmi Tehran özünün təhlükəsizlik konsepsiyasına bu dəfə daha müdrik şəkildə baxmalıdır. 



Qarabağda döyüşən kürd terrorçuları İranda müalicə alır...

İkinci Qarabağ Müharibəsindən sonra təkcə Ermənistan ordusu məhv edilmədi, eyni zamanda Azərbaycana qarşı döyüşmək üçün işğal altındakı torpaqlarımıza gətirilən PKK terrorçuları da darmadağın edildi. Bu baxımdan Azərbaycan terrorla mübarizədə bütün dünyaya töhfə vermiş oldu. Keçək əsas məsələyə...



Müharibədən sonra terrorçuların bir qismi İraqa geri qaytarıldı, onların yaralı olan bir qismi isə İrana aparıldı. Müalicə almaq üçün!

İran Azərbaycan-Ermənistan arasındakı müharibədən sonra terrorçuları müalicə etdi. O terrorçuları ki, Ermənistanla bərabər bu terrorçuların Azərbaycana qarşı döyüşməsinin əsas dirijorluğunu da etmişdi. Terrorçuları müalicə etdirməklə rəsmi Tehran PKK-ya və Ermənistana olan əzəli sədaqətini də nümayiş etdirmiş oldu.

Düşündürücüdür, İran sona qədər bu öhdəliyi yerinə yetirirsə, terrorçuların nöbəti dayanacağı hara olacaq? Deməli, terror missiyası hələ bitməyib.

İranın sərhəddə boyu həyata keçirdiyi təlimlər, son aylarda İrandan ölkəmizə daxil olan narkotik maddələrin miqdarının artması və Tehranın açıq şəkildə Ermənistanı “qardaş dövlət” adlandırması daha məkrli planlardan xəbər verir.

Məsələn, daim “şeytana daş atmaqla” qürurlanan İranın Qarabağdakı erməni terrorçulara göndərdiyi yük maşınlarının sürücülərini azərbaycanlılardan təşkil edəcəyi kimin ağlına gələrdi? O baxımdan İranın yaralı PKK terrorçularını müalicə etməsindəki məqsədin nə olduğunu düşünmək də pis olmazdı. 



Qarabağa terrorçu qrupların daşınması planının ilk və əsas təşəbbüskar icraçılarından biri İran idi. Tovuz döyüşlərindən sonra Yaxın Şərq ölkələrindən terrorçuların Qarabağa gətirilməsi prosesi daha da sürətləndi və Ermənistan özünün “klassik” iş üslubunu işə salaraq terrorçu təşkilatların yüzlərlə üzvlərini işğal altında saxladığı ərazilərə köçürməyə başladı.

Təkcə bu faktın təhlili göstərirdi ki, Ermənistan müharibəyə hazırlaşır. 2020-ci il avqust ayının 4-də Beyrutda baş verən partlayışdan sonra Livan ermənilərinin Qarabağa köçürülməsi də təsadüfi deyildi.

Terrorçu qruplaşmaların üzvləri “Lian erməniləri” adı altında Qarabağa köçürülürdü. Həmin vaxt müxtəlif ekspertlər bunu mümkünsüz hesab etsələr də, müharibənin başlayacağı və Qarabağa ermənilərin köçürülməsinin də müharibə planının bir tərkib hissəsi olması ilə bağlı ehtimallarımız özünü doğrultdu.

İran üçün həlqələr daralır...



İndiki situasiyada İrana kosmosdan baxsaq, cənub qonşumuzun fiziki və psixoloji portretini daha qabarıq göstərə bilərik.

1). İran şərqdən Əfqanıstanla qonşudur, hazırda “Taliban” Əfqanıstanda hakimiyyətdədir. 2001-ci ildə “Taliban” hakimiyyətdən gedəndə İranla Əfqanıstan arasında ticarət dövriyyəsi sürətlə artmışdı. “Taliban” geri qayıdıb, bəs indi necə olacaq? Dünya narkotik istehsalının 83%-i Əfqanıstanda istehsal olunur və İrana, oradan da başqa ölkələrə, Avropaya qaçaqmalçılıqla daşınır. “Taliban” isə narkotikin kökünü kəsəcəyini bəyan edir. Sanksiyaların vurduğu zərəri narkotik maddələrin satışı hesabına qarşılayan İran böyük bir biznesdən məhrum olur. Hər iki dövlət arasındakı dini ziddiyyətlər isə qaçılmazdır. 2). İran şərqdən Pakistanla da sərhəddir. Türkiyə-Pakistan-Azərbaycan hərbi-siyasi əlaqələri daha da güclənir, hətta hər üç ölkə birgə hərbi təlimlər keçirir. Şimal-qərbdən Azərbaycanla qonşu olan İran bu ittifaqda da yoxdur. 3). İran qərbdən İraqla sərhəddir. İran İraqdakı terrorçu qruplaşmaların tranzit missiyasını yenidən yerinə yetirməli olacaq. Amma bu dəfə hara!? 4). İran şimal-qərbdən Azərbyacanla qonşudur. Azərbaycanın isə ən yaxın və strateji dostlarından biri İsraildir. İsrailin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstək onun bundan sonra regiondakı nüfuzunu və resurslarını daha da artıracaq. Şübhəsiz, bu da Azərbaycanın maraqlarına tam cavab verir. 5) Fars körfəzində ABŞ gəmiləri fırlanır. Deməli, İranın qapısı hər tərəfdən bağlanır və Tehran nüvə bombasını hazırlamağın bir addımlığındadır. İran intihar mərhələsinə gəlib çatıb. 6). İran qərbdən Türkiyə ilə sərhəddir. Türkiyə isə Azərbaycana ən yaxın qardaş dövlətdir. Və dünən Türkiyə İran yük maşınları üçün özünün sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.



Belə bir məngənədə İranın sərgilədiyi mövqeyə diqqət edək: Region dövlətləri atılan addımlarla bağlı Tehrana hesabat verməlidir, İsrail sionistdir və İsraillə dostluq-əməkdaşlıq münasibətlər sionizmə xidmət edir.

Bu fikirləri İran rəsmiləri açıq şəkildə ifadə edir. Şəksiz, İsrail-Azərbaycan əlaqələrinin tam şəkil alması və Azərbaycanın İsrail-Türkiyə yaxınlaşmasındakı rolu İranı aqressiv hala gətirib.

Ancaq İranın bu mövqeyinə Nyu-Yorkun Haninqton Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, əslən iranlı Mənsur Fərhəngin fikirləri ilə cavab vermək daha doğru olardı. O deyir: "Rəsmi Tehran özü İran-İraq savaşında İsraildən silah alırdı, ancaq bunu gizli saxlayırdı. İndi nə haqla Azərbaycana etiraz edir".

Həqiqətən də 1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı İranın ən çox silah aldığı ölkələrdə biri İsrail idi. Bəs indi nə dəyişib?

İranlı professor daha sonra bildirir ki, İran Azərbaycanla qarşıdurmaya getsə, Türkiyə ilə qarşılaşmalı olacaq ki, Ankara ilə qarşıdurma Tehran üçün arzuedilən deyil: “İranın Azərbaycana etirazının nə hüquqi qüvvəsi, nə də siyasi əhəmiyyəti yoxdur”.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top