Qarabağa köç sürətlənəcək — Vahid Əhmədov

GÜNDƏM 07 okt 2021, 22:05
“Neft qiymətlərinin yüksək olması Azərbaycanın dövlət büdcəsinə, Dövlət Neft Fonduna əlavə vəsaitlər gətirir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Deputat bildirib ki, neftdən gələn vəsaitlərdən Qarabağda quruculuq işlərində, şəhid ailələri və qazilərin təlabatlarının ödənilməsində istifadə edilir.

“Neft qiymətləri  nə qədər yüksək olarsa, bu Azərbaycan üçün o qədər yaxşıdır. Bu Qarabağa köçü də sürətləndirəcək” – deyən millət vəkili qeyd edib ki, bu məqam həm də dövlət borcunun artmasının qarşısını alır: 

“Xarici banklardan kredit almağa ehtiyac olmur. Digər tərəfdən manatın devolvasiyasına yol verilmir, məzənnə qorunub saxlanılır. Artıq neçə idir ki, Azərbaycan manatı 1,7 dollar səviyyəsində saxlanılır ki, bu da böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, son zamanlar neft qiymətləri, o cümlədən də "Azeri LT CIF" markalı xam neftin qiyməti yükələn xətlə inkişaf edir.

Yalnız bu gün Azərbaycan neftinin qiymətində bir qədər eniş olsa da bir barelinin qiyməti 83,17 dollar təşkil edib. 

Erməni işğalından qurtulan Qarabağın bərpası, əhalinin ora köçürülməsi isə 10 milyardlarla dollar vəsait tələb edir. Bu baxımdan da neft həmişə olduğu kimi ölkə iqtisadiyyatı üçün təhlükəsizlik yastığı funksiyasını daşımaqla yanaşı, indi həm də vətəndaşlarımızın öz yurd-yuvalarında daha tez qayıtmasının qarantına çevrilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top