"Ermənistan çətin vəziyyətə düşəndə İran silah-sursat, ərzaq və yanacaqla təmin edib" — ​Deputat

GÜNDƏM 05 okt 2021, 19:15
İranın molla rejimi istəklərinin yaxşı, ya pis olmasından asılı olmayaraq reallaşmasını istəyirlər. Azərbaycanın Vətən müharibəsindəki zəfərinə, Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşırlar. İran daim Ermənistanı silah-sursat, ərzaq və yanacaqla təmin edir, qanunsuz yollarla ermənilərə yük maşınları göndərir. Bu, beynəlxalq hüquqa ziddir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.


Deputat bildirib ki, Azərbaycanın İrana münasibəti və diplomatik gedişləri hər zaman sağlam olub:

"Həm ulu öndər Heydər Əliyevin dövründə, həm də Prezident İlham Əliyevin hakimiyyəti illərində İranla daim dostluq münasibəti qurmağa çalışmışıq. İranda 40 milyona yaxın soydaşımız yaşayır. Ona görə də iki dövlət arasındakı münasibətlərin yaxşı olması tərəflər üçün faydalıdır. Lakin təəssüflər olsun ki, İranın Azərbaycana qarşı münasibətində daim soyuqluq olub və ikili standartlar müşahidə edilib. Belə qənaətə gəlmək olur ki, İran Azərbaycanın inkişafına, şöhrətlənməsinə qısqanclıqla yanaşır. Ancaq cənab Prezident dəfələrlə qeyd edib ki, biz İranın daxili işlərinə qarışmırıq. Orada yaşayan azərbaycanlılar İran vətəndaşıdırlar və soydaşlarımızın rahat yaşaması bizim üçün vacibdir. Bütün bu reallığın fonunda İran Ermənistanı dəstəkləyir, onlara maddi və mənəvi yardım göstərir. Bu, həm birinci, həm də ikinci Qarabağ müharibəsində belə olub. Ermənistan hər dəfə çətin vəziyyətə düşəndə İran onları silah-sursat, ərzaq və yanacaqla təmin edib. Nəticədə, vaxtilə daha çox torpağımızın işğal olunmasına şərait yaradılıb. Vətən müharibəsindəki qələbəmizdə də bu zəfərə sevinməyib Ermənistana dəstəyini davam etdirir. Bu, geosiyasi gedişdir, çünki İran heç zaman Azərbaycanın güclənməsini, beynəlxalq aləmdə nüfuz qazanmasını istəməyib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top