Vahid Əhmədov: “İran 44 günlük müharibədə də Ermənistanın yanında oldu”

GÜNDƏM 05 okt 2021, 15:29
“Tarixə nəzər salsaq görərik ki, Azərbaycanla İran arasındakı münasibətlər heç vaxt hamar olmayıb, tarixin hər dövründə müəyyən problemlər olub. Amma Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərə xələl gəlməməsi üçün ikili əlaqələrə yüksək qiymət verib. Dövlət başçısı çalışıb ki, İranın Azərbaycandan olan xahişlərini yerinə yetirsin. Azərbaycanda zavov, dərman fabriklərinin tikilməsi kimi məsələlərə həssas yanaşıb və bu istiqamətdə heç vaxt problem yaradılmayıb. Lakin biz oxşar siyasəti İrandan görmürük”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. 

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman İranla qonşuluq, dostluq siyasətinə üstünlük verib:

“Hətta müharibədən sonra Cəbrayıla ilk səfəri zamanı Xudafərin körpüsünün yanındakı çıxışında dövlət başçısı bildirdi ki, Azərbaycan İranı dost ölkə kimi qiymətləndirir və iki dövlət arasındakı əlaqələr hər zaman yüksək səviyyədə olacaq. Lakin təəssüf ki, İranın yürütdüyü siyasəti başa düşmək olmur. 44 gün davam edən müharibədə də İran Ermənistanın yanında oldu, onu müdafiə etdi, silah-sursat, ərzaq, geyim yardımı etdi. Son günlərdə vəziyyətin Ermənistan üçün gərgin olduğunu görən İran Azərbaycanı müdafiə etməyə başladı. Qonşu ölkələrə qarşı bu cür siyasət qəbuledilməzdir”. 

Deputatın sözlərinə görə, bu siyasət İranın digər ölkələrlə münasibətinə də böyük təsir edir:

“Region dövlətlərinin müəyyən siyasətləri var və bu, bəllidir. Rusiya və Ermənistan arasında gərginlik olsa da, müəyyən münasibət var. Rusiya Ermənistanı müəyyən təsir altında saxlamaq istəyir. Ermənistan isə əksinə, son dövrlərdə Qərbə doğru yönələn siyasət aparır. Belə bir şəraitdə İranın siyasətinin nəyə yönəldiyini başa düşmək olmur. Əvvəl hansısa əyalətin mollası absurd fikirlər səsləndirdi, lakin sonra rəsmi şəxslər də oxşar ittihamlar irəli sürməyə başladı. Son olaraq, İranın dini lideri Əli Xamenei bildirib ki, ölkəni xarici güclərdən qoruyacaqlar və müdaxiləyə imkan verməyəcəklər. Aydındır ki, bu ifadələr bizə yönəlib. Onlar bu fikirlərlə Azərbaycan-İsrail dostluğuna xələt gətirmək istəyirlər. Bu addımlar İranın niyyətini bəlli edir. İran qonşuluğunda Azərbaycan kimi güclü və müstəqil dövlətin olmasını istəmir və qəbul edə bilmir”. 

Deputat qeyd edib ki, Prezident hər kəsin cavabını açıq şəkildə və doğru zamanda verir:

“Dövlət başçısı bir daha göstərdi ki, açıq siyasət aparır. Bizimlə dostluq münasibətləri quran dostdur, düşmən siyasəti aparan düşməndir. İran hazırda apardığı siyasətlə Azərbaycanı təhdid edir, Azərbaycan əleyhinə çıxışlar edir. Amma İran ərazisində milyonlarla azərbaycanlının yaşadığını düşünmür. 40 milyona yaxın soydaşımız İranın bu siyasətinə qarşı istənilən an ayağa qalxa və İran üçün ciddi problemlər yarada bilər. Digər tərəfdən, Azərbaycanın müttəfiqi olan Türkiyə, Pakistan, Ukrayna, İsrail kimi ölkələr var. Bu dövlətlər Vətən müharibəsində Azərbaycana siyasi dəstək nümayiş etdirdi. Bu baxımdan, İran hazırda odla oynayır. İran özünü elə bir odun içərisinə atıb ki, ordan necə çıxacaq, məlum deyil. Görünən budur ki, İranın apardığı xarici siyasət sıfıra bərabərdir. İranın xarici siyasəti ədavətə, düşmənçiliyə yönəlib. Buna Azərbaycan dövləti və Prezidenti vaxtında və doğru cavabı verir. Azərbaycan Prezidenti Azərbaycan xalqının qüdrətinə əmindir, xalqın onu müdafiə etdiyini bilir. 44 günlük müharibədə dövlət, xalq, dövlət başçısı bir oldu, yumruq kimi birləşdi, lakin İran bu gücü hələ doğru qiymətləndirə bilmir. İran hələ anlaya bilmir ki, Azərbaycan keçən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan inkişaf etmiş, qüdrətli dövlətdir, Prezidenti beynəlxalq arenalarda tanınmış siyasətçidir. İran bütün bu amilləri nəzərə almalı, mövqeyini dəyişməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top