“Azərbaycanın İsraillə dostluq münasibətləri qurması İranı narahat etməməlidir”

GÜNDƏM 05 okt 2021, 14:56
“Azərbaycan siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Öz xarici və daxili siyasətini heç kimlə razılaşdırmır və müstəqil şəkildə müəyyənləşdirir. Kiminlə dost münasibətləri yaradacağında da Azərbaycan müstəqil seçimini edir və dostluq münasibətlərinə sadiqdir. O cümlədən İran da kiminlə istəyirsə, o ölkə ilə əməkdaşlıq edir. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır və hansısa ölkəyə daxili işlərinə qarışmağa imkan verməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov bildirib.

 Deputat vurğulayıb ki, Ermənistan 30 il qədər torpaqlarımızı işğal altında saxlayanda İran Ermənistanın əsas dostu və tərəfdaşı olub:

“İran indi də bu dostluğunu davam etdirir. Biz İrana “Ermənistanla dostluq etməyin” demirik, bunu demək düzgün deyil. Hər bir müstəqil ölkə əməkdaşlıq etməli olduğu ölkələri özü müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanın İsraillə dostluq münasibətləri qurması İranı narahat etməməlidir. İran heç bir halda Azərbaycanı İsraili Qarabağa gətirməkdə ittiham etməməlidir. Azərbaycan asılı ölkə deyil və lazımı ittihamlara da yerində cavabını qaytarır. İranın hansısa məsələdən narazılığı varsa, o narazılığı yaradan səbəbinin olduğunu sübut etməlidir. Boş-boşuna, söz xatirinə fikir ifadə edənlərin cavabı bundan sonra da veriləcək”. 

Deputat qeyd edib ki, Azərbaycan bütün qonşu ölkələrlə səmimi qonşuluq münasibətində öz gələcəyini qurur:

“O cümlədən Azərbaycan Ermənistanla olan ədavətin üzərindən də xətt çəkməyinə hazırdır. Sadəcə, Ermənistan da buna hazır olmalıdır ki, bu münasibətlər müsbət çərçivəyə girsin. Bunun üçün ilk növbədə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiya olunması və Zəngəzur dəhlizinin açılması vacibdir. Qonşu ölkələr əbədi düşmən ola bilməzlər. Ermənistan gec-tez ölkələrarası mübahisəli hesab etdiyi bütün məsələlərin ədalətli həllinə razılığını verməlidir. Çünki bunun alternativi yoxdur.  Bütün bu fikirləri cənab Prezident Cəbrayıla səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündəki nitqində qarşı tərəflərə ətraflı şəkildə bir daha  çatdırdı”.
Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top