“Namusuma söz atdığı üçün əsəbiləşdim” — Küçədə qadınlar saçyoldusuna çıxdı

HADİSƏ 05 okt 2021, 11:06
Bakının Nəsimi rayonunda 2001-ci il təvəllüdlü Bahar Vəliyeva yaşadığı evin həyərində kirayə yaşayan Lalə (ad və soyadlar şərti verilib – red.) ilə dava edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 16-da baş verib. Həmin gün saat 11 radələrində Bahar şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Lalə ilə mübahisə edib. 

Mübahisə zamanı Bahar əli ilə Lalənin bədəninin müxtəlif nahiyələrini cırmaqlayıb, saçından tutaraq yolub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Baharın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bahar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, 2019-cu ildə Cəfər ilə ailə qurub və rəsmi nigahlarından bir övladı anadan olub: “Rəsmi nihaga düşməyimə baxmayaraq, şəxsiyyət vəsiqəm dəyişmədiyi üçün ailə vəziyyətim subay gedir. Yaşadığım mənzil ümumi həyət tiplidir və köhnə tikili olduğundan qonşuluqda olan evlər iç-içə tikilib. Azyaşlı övladımın oksigen çatışmamaziığı olduğu üçün onu tez-tez həyətə çıxardıram. Evin qarşısında oturmaq üçün köhnə divan qoymuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 16-da, saat təxminən 11 radələrində həyətə düşüb: “Bu zaman aşkar etdim ki, evin qarşısında olan həmin divan sökülərək kənara qoyulub. Bundan əsəbiləşdiyim üçün divanın kim tərəfindən söküldüyünü müəyyən etmək üçün həyətdə soraqlaşmağa başladım. Buna görə etirazımı bildirdim. Bu zaman, qonşuluqda kirayə yaşayan Lalə evdən çıxdı və mənə tərəf gələn zaman ondan divanın kim tərəfindən sökülməsini soruşdum. Lalə mənə kobud cavab verdiyindən ondan kirayə yaşadığı evin sahibinə, mənzildə səs-küy saldıqları üçün şikayət edəcəyimi bildirdim. Lalə ünvanıma nəlayiq söz işlətdi, namusuma söz atdığı üçün əsəbiləşdim. Onun sinəsindən itələdim. Sonra biz birgə yıxıldıq. Aramızda saç yolma davam etdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lalənin sözlərinə görə, 28 May metro stansiyası yaxınlığında qadın paltar mağazasında satıcı işlədiyi üçün 2021-ci ilin fevralından qeyd olunan ərazidə müvəqqəti kirayə yaşayıb: “Həmin mənzildə məndən başqa digər qızlarda kirayə yaşayıb. Yaşadığım mənzil ümumi məhəllə tipli olduğundan qonşuluqda çoxlu iç-içə evlər var. İyunun 16-da, saat təxminən 11 radələrində evdən çıxaraq işə gedən zaman divar qonşu Baharın həyətdə uca səslə səs-küy salıb, narazılıq etdiyini gördüm. Bahar mənə yaxınlaşaraq, guya evdə səs-küy saldığımı bildirdi, şikayət edəcəyini söylədi. Həmin anda Baharın qaynıda orada idi. Bahara baş qoşmadım, yoluma davam etmək istəyən zaman qarşıma keçdi və əl-qol uzadaraq mənimlə mübahisə etməyə başladı”. 

Zərərçəkmiş bildirib ki, bu zaman Bahar onun boynuna əl ataraq boyunbağını qırıb, sonra isə dırnağı ilə boğazını cırıb: “Baharı özümdən kənarlaşdırmaq üçün itələdim və oradan qaçmaq istəyən zaman saçımdan tutdu, dartaraq yerə yıxdı. Sonradan bildiyimə görə, mənimlə birlikdə yaşayan otaq yoldaşım İradə ora gəlib. Məni Bahar və qaynının əlindən alıb”.

Lalənin ifadəsinə görə, aldığı zərbədən yerə yıxılıb: “Huşumu itirdim. Orada həmin anda kimlərin olmasını xatırlamıram. Yalnız İradə məni qaldırarkən hadisəni dərk etdim. Hadisədən almış olduğum xəsarətlərdən bir neçə gün evdə qalmaq məcburiyyətində oldum. Bu səbəbdən işə gedə bilmədim. Sonra da məni işdən çıxartdılar. Hadisədən sonra həmin ünvandan köçmüşəm və hazırda işsizəm. Təqsirləndirilən şəxs mənə həm maddi və həmdə mənəvi zərər vurub”.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Bahar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top