Quru sərhədlərin bağlı qalması AZAL-a və onun törəmə şirkəti olan “Buta Airways”ə sərf edir — EKSPERTLƏR


SOSİAL 04 okt 2021, 12:30
Azərbaycan vətəndaşlarının qonşu ölkələrlə quru sərhədi vasitəsilə sərbəst hərəkəti pandemiya ilə əlaqədar keçən ilin martından dayandırılıb. Artıq əksər ölkələr quru sərhədlərini açıb, lakin Azərbaycanda analoji qərar hələ verilməyib, bu barədə müzakirələr də yoxdur. Ölkədə koronavirusa yoluxma sayının az olduğunu və vaksinasiya prosesinin uğurla davam etdiyini nəzərə alsaq, quru sərhədlərin hələ də bağlı qalmasının səbəbi maraq doğurur. Xüsusilə, aviabiletlərin baha olması səbəbilə qonşu ölkələrə səfər planlaşdıran vətəndaşlar çətinliklə üzləşirlər.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda quru sərhədlərin bağlı qalması üçün heç bir əsaslı səbəb yoxdur:



“Təyyarə səfərləri zamanı tətbiq olunan qaydalar quru sərhədləri üçün şərt olsa, heç bir problem yaranmaz. Çünki təyyarə səfərləri zamanı da COVID pasportu və ya neqativ test nəticəsi tələb olunur. Bu tələblərlə quru sərhədlərinin açılması mümkündür. Məlumdur ki, vətəndaşların qonşu ölkələrə sıx səfərləri olur, xüsusilə pandemiyadan əvvəl Gürcüstana səfər edənlərin sayı daha çox idi. İndi isə yalnız AZAL və “Buta Airways” tərəfindən səfərlərin təşkil edilməsi əhaliyə ciddi təsir göstərir. Çünki aviabiletlərin qiyməti həddindən artıq bahadır. Təyyarə səfərləri quru sərhədi vasitəsilə hərəkətdən, hətta, 7-8 dəfə baha olur. Bəzi vətəndaşların şəxsi və iş səbəbindən getmək məcburiyyəti var, yəni vətəndaş məcbur qalaraq, yüksək qiymətə bilet alır. Ən azından indilik təyyarə səfərləri zamanı qoyulan tələblərin quru sərhədləri vasitəsilə sərbəst hərəkət üçün də qoyulması və zamanla vəziyyətə uyğun olaraq qaydaların yumşaldılması vacibdir. Azərbaycanda vaksinasiya prosesi yüksək səviyyədə davam etdirilir, həmçinin, koronavirusla bağlı vəziyyət daha qənaətbəxşdir. Bu amillər yumşaldılmalara təsir etməlidir. Bu səbəblə, quru sərhədlərin bağlı qalması bizə heç bir fayda vermir. Quru sərhədlərin bağlı qalması yalnız AZAL-a və onun törəmə şirkəti olan “Buta Airways”a sərf edir. Aviabiletlərin həddindən artıq baha olması isə hər bir halda vətəndaşa ciddi təsir göstərir”.

Turizm eksperti Ruslan Quliyev açıqlamasında qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı yaxın vaxtlarda müzakirələr başlaya bilər:


“Pandemiya ilə bağlı ölkədə həyata keçirilən məhdudlaşmalar iqtisadiyyata, turizmin inkişafına təsir göstərir. O cümlədən, quru sərhədlərimizin bağlı qalması müəyyən mənada çətinlik törədir. Quru sərhədlərin indiyədək bağlı qalması pandemiya riskinin qalması ilə bağlı idi. Artıq ölkədə mərhələli şəkildə yumşaldıcı tədbirlər görülür. Düşünürəm ki, artıq quru sərhədlərin açılması da müzakirə edilməlidir. Artıq bir çox ölkələr quru sərhədlərini mərhələli şəkildə bərpa edir.

Fikrimcə, yaxın vaxtlarda dövlət orqanları məsələ ilə bağlı yeni mövqe bildirəcək. Qoyulan qaydalara əməl etməklə, ilin sonuna qədər ilkin mərhələdə mərhələli şəkildə quru sərhədlərdə hərəkəti bərpa etmək olar. Bununla da, turizmi də müəyyən qədər bərpa etmək şansımız yaranacaq”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top