Uşaqlar məktəbə 5 yaşdan başlaya bilərlər? — CAVABLAR

SOSİAL 04 okt 2021, 11:23
Oktyabrın 1-i təhsildə yeni çağırışlar II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev məktəb yaşının aşağı salınmasını təklif edib.
O bildirib ki, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşıdır.


“Zənnimcə 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq”, - nazir deyib.

Maraqlıdır, Azərbaycanda məktəb yaşının aşağı endirilməsinə ehtiyac varmı?
Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, erkən inkişaf dövrü uşaqların anlama, dinləmə qabiliyyəti yüksək səviyyədə olur:

“İlk növbədə qeyd edim ki, uşaqların erkən inkişaf dövründə məktəbə cəlb olunmaları onların məktəbə daha yaxşı hazırlaşmasına müsbət təsir edir. Çünki erkən inkişaf dövrü uşaqların beyninin daha sürətlə inkişaf etdiyi dövrdür. Həmin dövrdə uşaqların anlama, dinləmə qabiliyyətləri yüksək səviyyədə olur.

Qeyd edim ki, Azərbaycanda uşaqların 5 yaşından məktəbə cəlb edilməsi hazırda tətbiq edilir. Qanunverciliyin tələbinə görə, 2016-cı ildən etibarən məktəblərin nəzdində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına uşaqlar 5 yaşından cəlb olunurlar. Bu o deməkdir ki, Azərbaycanda uşaqlar artıq 5 yaşdan etibarən məktəbin predmetidirlər”.

Ekspert qeyd edib ki, erkən yaşda uşaqların məktəbə cəlb edilməsi ölkənin iqtisadi inkişafı üçün də vacibdir:

“Rəqəmlərə baxsaq, bu gün ölkənin 4435 orta ümumtəhsil məktəbinin 3 minə qədərində məktəbəhazırlıq qrupları var və 90 min şagird bu qruplarda məktəbə hazırlaşır.
Erkən yaşda uşaqların məktəbə cəlb edilməsi təkcə uşaqlar üçün yox, eyni zamanda ölkənin iqtisadi inkişafı, cəmiyyət üçün də vacibdir. Bununla bağlı beynəlxalq araşdırmalar da var. Erkən yaşda uşaqların inkişafına qoyulan investisiya ölkənin iqtisadi inkişafı üçün ən yaxşı addımdır. Ölkənin gələcəyi də bu tipli uşaqlardan asılı olur. Birmənalı şəkildə mən hesab edirəm ki, biz dünyada qəbul edilmiş uşaqların erkən yaşda məktəbə cəlb edilməsi prosesini tətbiq etməliyik”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, nazir bu təklifi irəli sürmədən öncə müəyyən araşdırmalar aparıb:
“Mən hesab edirəm ki, cənab nazir bu təklifi irəli sürmədən öncə müəyyən araşdırmalar aparıb. Araşdırıb və bu sahəyə cavabdeh şəxs kimi münasibətini bildirib.

Düşünürəm ki, biz uşaqların erkən yaşda məktəbə cəlb olunması məsələsini nəzərdən keçirdə bilərik. Çünki biz artıq uşaqlarda daha az yaşlarından güclü inkişaf prosesinin getdiyini müşahidə edirik. Eyni zamanda, dünyanın bir çox ölkəsində bu üsuldan istifadə olunur.
Həmin yaşın sağlamlığı, dərsə davamiyyəti, uşaqların psixologiyası nəzərə alınaraq bu məsələnin üzərində çalışa bilərik. Amma hazırki proqramlarla yox, biz hər şeyi nəzərə alıb, yeni proqramlar təşkil etməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top