Həftəsonu metro və avtobuslarda sıxlıq yaşandımı?


SOSİAL 03 okt 2021, 21:09
Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minən qərarına əsasən, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan ərazisində həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı. Pandemiya ilə əlaqədar uzun müddət həftəsonları fəaliyyəti qadağan edilən metro və avtobuslar 2021-ci il oktyabrın 1-dən etibarən şənbə və bazar günü də xidmət göstərəcək.
 
Bakı Metropolitenindən QSC-dən Modern.az-a verilən məlumata görə, son iki gündə metroda hər hansı sıxlıq müşahidə edilməyib. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, metronun fəaliyyəti ilə bağlı hər hansı çətinlik, problem yaşanmayıb:
 
“İnsanlar uzun müddətdir həftəsonları metronun, ümumilikdə nəqliyyatın işləməməsinə alışıblar. Buna baxmayaraq, ilk həftəsonunda sıxlıq müşahidə olunmadı. Yəqin ki, gələn şənbə və bazar günündə metrodan istifadə edən sərnişinlərin sayında daha çox artım müşahidə edəcəyik”.
 
Bəxtiyar Məmmədov onu da vurğulayıb ki, tədris ilinin başalaması, əyani tədrisin bərpa olunması ilə bağlı həftəiçi metroda daha çox sıxlıq müşahidə edilir:
“Lakin biz hələlik aparılan monitorinqlərin tam nəticəsindən danışmırıq. Çünki ilk 7-10 günlük qrafiqlə həyata keçirilən monitorinqlərimiz əsasən sərnişinlərin axını, onun istiqamətlərinin müəyyən olunması və bununla əlaqədar tədbirlərin görülməsi çərçivəsində daha çox metropolitendən istifadə qaydaları, metodiki göstərişlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Həm tədbirlər planımız, həm də sərnişinlər arasında təbliğat, təşfiqat maarifləndirmə işlərimiz aparılıb. Son iki ildə birinci dəfə idi ki, metropoliten bu qədər sərnişin qəbul etdiyindən sərnişinlər arasında nizam-intizamlı hərəkətin təşkili, pandemiya qaydalarına riayət olunması məsələlərinə daha çox yönəlib”.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə saytımıza açıqlamasında diqqətə çatdırıb ki, aparılan müşahidələrə əsasən, həftə sonu ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətin aradan qaldırılması yollarda nəqliyyat axınına müsbət təsir göstərməkdədir:
“Əgər məhdudiyyətin davam etdiyi günlərlə müqayisə etsək dünən və bu gün paytaxt yollarında xüsusilə, metro stansiyalarının ətrafında avtomobillərin xaotik hərəkəti müşahidə edilməyib. Belə ki, məhdudiyyət səbəbindən sərnişinlər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edirdilər ki, bu da yollarda əlavə sıxlıqların yaranmasına səbəb olurdu.
 
Yəni bir var, 50/60 nəfər bir avtobusda səyahət etsin, bir də var ki, ayrı-ayrı minik avtomobilində. Bu faktın özü bir daha dayanıqlı şəhər mobilliyi baxımından ictimai nəqliyyatın mühüm əhəmiyyətini nümayiş etdirir.
 
Eyni zamanda bildirim ki, şənbə və bazar günləri digər günlərlə müqayisədə sərnişin axını az olur. Bu günlərdə də müntəzəm marşrutlar üzrə xəttə çıxan avtobus sayı və interval sərnişin axınına uyğun tənzimlənir”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 19:17
Top