Şirin quyruğun kim tapdaladı?

SOSİAL 30 sen 2021, 23:59
Hələ bu il aprelində İran dövlət mediası “İsrail casusu” və xarici kəşfiyyat orqanları ilə əlaqədə olmuş bir neçə başqa şəxslərin həbs edildiyi haqda hay-küy qaldırmışdı. O zaman Ərəb Körfəzi ölkələrinə aid media orqanlarından biri İran “hakimiyyət kulislərindəki mənbələrinə” istinadən xəbər verirdi ki, həbs olunanlar arasında BİR ŞİƏ RUHANİSİ, BİR NƏFƏR SÜNNİ RUHANİSİ var. Azəri əsilli hər iki DİN XADİMİNİN SEPARATÇI olduqları vurğulanırdı. Dərhal da iddia olunurdu ki, Naxçıvan Muxtar Respublikasında keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri zamanı xüsusi hazırlanmış casusların İrana atılması və “Sünik vilayətinin Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq üçün İran öz komandoslarını sərhəd zonasına yollayıb. Burdakı “Sünik vilayətinin Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq” söz birləşməsini yadda saxlayaq...

Yaz-yay ayları boyunca Azərbaycanın icazəsi olmadan İran yük avtomobillərinin rus sülhməramlıların məsuliyyət zonasına yük daşımaları haqda videogörüntülər yayılır. Əvvəl təkzib edilsə də, sonrada məsələnin yoluna qoyulması üçün bir neçə dəfə danışıqlar aparılır.

Sentyabırn əvvəllərindən İran yük avtomobillərinn Görus-Qafan yolu üzərində qurulmuş Azərbaycan postlarından keçərkən gömrük rüsumları tələb olunmağa başlayır.

Azərbaycan - Türkiyə təlimləri və ardınca Pakistan-Azərbaycan-Türkiyə təlimlərinə cavab olaraq sentyabırn 17-də Ərdəbil imamcüməsi Həsən Amuli cümə xütbəsində “nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirmədilər. Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir”, - deyə bildirir.

Sentyabın 27-si səhər yenə Körfəz mediası bu dəfə İnqilab Keşikçilərindəki mənbəyə istinadən xəbər yayır ki, İranın şimal sərhədində təxminən bir həftə davam edən gərginlikdən sonra iki ölkəni birləşdirən Qafan-Gorus sərhədi yolunda İran nəqliyyatına Azərbaycan tərəfindən Türkiyənin dəstəyi ilə məhdudlaşdırma tətbiq edilib və:

1) Tehranın Hərbi Qüvvələri siyasi səviyyədə hər hansı bir qərar gözləyərək bölgəyə səfərbər edilib;

2) Ankaranın Bakıya məhdudlaşdırıcı tədbirləri ləğv etmək üçün təzyiq göstərməsi məqsədilə Suriya və İraqdakı Türkiyə hərbi mövcudluğu əleyhinə də addımlar atılacaq.

Qeyd edilir ki, keçən cümə İranın ali dini liderinə şimal sərhədindəki vəziyyətlə bağlı ətraflı bir hesabat təqdim edilib, hesabatda Azərbaycan ordusu iki ölkə arasındakı yolu tam nəzarət altına almaq üçün Ermənistanın sərhəd bölgələrini işğal etməkdə günahlandırır. Ali dini liderə təklif edilir ki, rəsmi Yerevan müraciət edəcəyi halda nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə İran silahlı qüvvələrinin müdaxiləsinə razılıq versin.

Nəşrin mənbələri Putinlə Ərdoğanın Ermənistan sərhədindəki böhranı müzakirə edəcəklərini və Ankaranın Suriyada verəcəyi güzəştlər fonunda Moskvanın mövqeyinin müəyyən ediləcəyini bildiriblər. Nəşrə görə, İran tərəfi anlaşmanın onun maraqlarının NƏZƏRƏ ALINMAMASI (həm Ermənistan-Azərbaycan münaqişəsi, həm də Yaxın Şərqdə) hesabına baş tutacağından narahatdır. Bildirilir ki, İranı Ermənistanla birləşdirən strateji yol üzərindəki böhran səbəbiylə, Tehranla Azərbaycan arasındakı münasibətlər daha çox gərginliyə doğru gedir və İran bu, böhranın arxasında durmaqda günahlandırdığı Ankaranı Suriyada və İraqda hədəfə alır.

Maraqlıdır ki, apreldəki “Sünik vilayətinin “Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq üçün İran öz komandoslarını sərhəd zonasına atdığı deyilirdisə, srağagünkü xəbərdə ali dini rəhbərdən “tələb olacağı təqdidə hərbi müdaxiləyə razılıq verməsi” təklif olunur.

Sentyabrın 28-də isə İranın rəsmi “Keyhan” qəzetində Azərbaycan dövlətinin sabitliyini dindarların üsyanı ilə təhdid edən yazı işıq gördü.

Azərbaycan və Türkiyə hökumətlərini, ali dövlət rəsmilərini hədəfə alan, bütün diplomatik etiketləri aşan yazıda ölkəmizin sahəsinin İranın bir coğrafi vahidi qədər olması vurğulanır, iki ölkənin imkanlarının müqayisəsi “fil və fincan” nümunəsi ilə aparılır. Azərbaycanı məxməri inqilablardan qoruduqlarını iddia edən “Keyhan” Paşinyanı Qərbin əlaltısı kimi təqdim edir, bildirir ki, o, sülh razılaşması çərçivəsində də Süniki (Zəngəzuru) İranın icazəsi olmadan Azərbaycana verə bilməz, çünki İran-Ermənistan sərhədlərinin Azərbaycanın nəzarətinə keçməsi Tehranın maraqlarında deyil, “beynəlxalq anlaşmalarda regiondakı digər dövlətlərin maraqları nəzərə alınmalıdır”. Paşinyan Ermənistana “xəyanət edib ABŞ və Türkiyə planını yerinə yetirsə və Sünik Azərbaycan vilayətinə çevrilsə”, erməni xalqı indiki Şimali Qarabağda (Xankəndi və çevrəsi nəzərdə tutulur) qalan ərazilərini də bir müddət sonra itirəcək.

Yazıda İranın öz maraqlarını qorumaq üçün Azərbaycandakı dindar şiə faktorundan istifadə edilə biləcəyi də deyilirdi. - “Əliyev hökuməti, şübhəsiz ki, şiəliyin mərkəzinə yaxın olan 6 milyon şiə ilə, Ərdoğanın Türkiyədəki hökuməti isə təxminən 23 milyon ələvi şiəsi ilə üz -üzədir. İslam Respublikası heç vaxt Ərdoğanı və ya Əliyevi başa salmaq üçün (ifadə “qulaq asmağa məcbur etmək üçün” kimi də tərcümə olunur) bu imkanlardan istifadə etmək istəməyib”.

Beləliklə,
- apreldə “Sünikin Azərbaycan və Türkiyə tərəfindən işğalının qarşısını almaq” üçün komandosların səfərbər olunduğu bildirilir (Körfəz mediası),
- sentyabrın 17-də İnqilab keşikçilərinin hərbi təlimlərinin keçilməsi üçün Ali dini liderə müraciət olunur və bəlii olur ki, artıq icazə varmış (Ərdəbil imamcüməsi Həsən Amulinin xütbəsi),
- sentyabrın 27-də “lazım gələrsə hərbi müdaxilə ediləcəyi” bildirilir (Ali dili liderə təqdim edildiyi iddia olunan sənəd),
- sentyabrın 28-də “sionist rejimin sərhədlərdə mövcudluğuna dözməmək haqda cəfəng bir bəyanat” səsləndirilir (İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə),
- yenə həmin gün Zəngəzur dəhlizinin açılmasının İranın milli maraqlarına zidd olduğu üçün Paşinyanın sülh sazişinə getməyə imkan verilməyəcəyi haqda xəbərdarlıq edilir (“Keyhan” qəzeti).
- Və Azərbaycana təzyiq etmək üçün şiəliyin mərkəzinə meyl edən 6 milyon dindardan istifadə olunacağı “müjdələnir” (“Keyhan” qəzeti). və..

Bundan sonra təzyiqlər İran və İranın təsirində olan xarici (əsasən ərəbdilli) mediadan, parlament kürsülərindən, məscid minbərlərindən Azərbaycanın daxilinə daşımağa cəhd edilir:

a) Əvvəl “geoplitika üzrə politoloq” xanım bir yerli kanalda mövzunu sapdıraraq “3 qardaş” təlimlərinə, Pakistanın Azərbaycanla hərbi əməkdaşlığına qarşı qəribə sonluqla bitən bir çıxış etdi. Çıxışda Pakistan terror dövləti elan olundu, onun bölgəyə gəlişinin İranı qıcıqlandırdığı xüsusi vurğulandı.

b) Iki gün əvvəlsə İranın “Səhər “ telekanalı İran əleyhinə çıxışlar edən azərbaycanlı siyasətçiləri videoşantajla hədələdi. Konkret halda ADP sədri ilə bağlı şok videoların açıqlancağını anons olundu. Bu arada xaricdəki bir -iki blogerin “ifşa etdiyi” deptatların da məhz İran barədə tənqid səsləndirənlər olması az təsadüfə oxşayır.

c) Və nəhayət, “geopolitika üzrə mollalıq edən” gənc dindar xanımların provakativ çıxışları.

Çıxış “Keyhan”ın anons etdiyi “qulaq asmağa məcbur etmək üçün” dini zəmində iğtişaşlara start vermək təşəbbüsüdürmü? Bütün bu təşəbbüslər, əsrlərlə bir-birinə ən yaxın mədəniyyət, tarixi tale, coğrafiya, din və dillə bağlı olan iki ölkənin gələcəyinə necə təsir edəcək? Biz nə etməliyik? Suaların cavabları və əks tədbirlər planı yəqin ki, vardır.

Amma aydındır ki, belə nümayişkaranə davranışlar “fincandan böyük fil”in, “quyruqlu şir”in qüdrət göstərici deyil. Bizim regional oyunçuya çevrilməyimizin, “İranın milli maraqlarına” cavab verməsə də, Zəngəzur dəhlizi ilə bağlı problemi həll etmək əzmimizin yaratdığı sancılardır. Özünü fil qədər qüdrətli, şir qədər cəsarətli hesab edənlər Soçi görüşü (və gələcəkdə Türkmən qazı, Lazurit yolu və s. ətrafından gedəcək danışıqlar) ərəfəsi məsələləri quyruqları (maraqları) tapdalanmadan həll olunması üçün hələ də regionda söz sahibi olduqlarını, Azərbaycanı, hətta Türkiyəni dindar işğtişaşları ilə silkələməyə qabil olduqlarını sübut etməyı çalışır. Bizə deyil, fildən də böyük olanlara. Ona görə də iki gün əvvəl Rusiyadan narazılıq da qabardılırdısa, bir gün sonra “Keyhan” Rusiya və İranın birgə maraqlarından dəm vururdu.

Hərçənd Azərbaycan münaqişə həllinə dair məlum 3 tərəfli bəyant imzalanandan dərhal sonra İranın da maraqlarının təmin olunması üçün 3+3 formatı irəli sürmüş, İran şirkətlərini də Qarabağın bərpasında iştiraka dəvət etmişdi. Halbuki Azərbaycana təklif olunan başqa formatlar da var . Məsələn, ABŞ-ın hələ ki sabiq diplomatların ekspert yazıları şəklində SC3+2 (üç Cənubi Qafqaz ölkəsi, ABŞ və Avropa İttifaqı) formatı təklif etdiyi bəllidir. Maraqlı, düşündürücü formatdır, ən azı müzakirə etmək olar.

Cəmaləddin Quliyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top