Mövsümün ilk qarı sentyabrın 26-da yağıb

SOSİAL 30 sen 2021, 17:26
"Bu ilin sentyabr ayı əsasən bol yağışlı hava ilə seçilib. Mövsümün ilk qarı sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüyüb. Belə ki, Şahdağda qarın hündürlüyü 1 sm olub".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, sentyabr ayı ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360, Qazax-Gəncə bölgəsində 158, Balakən Şəki zonasında 209, Lənkəran-Astara bölgəsində isə 179 faizini təşkil edib:

"Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib. Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm qeydə alınıb, bu da iqlim normasının 809 faizini təşkil edib. Havanın temperaturu isə əsasən komfort göstəricilər ətrafında dəyişib. Bununla yanaşı, ayın əvvəli ilə sonu müqayisə edildikdə böyük temperatur fərqinin olduğu görünür. Belə ki, Bakıda bu ay üçün maksimal temperatur sentyabrın 2-də 36.1 dərəcə, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub. Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı enib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top