Xəstəxana direktorunun məhkəməsi başlayır


KRİMİNAL 28 sen 2021, 18:31
“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Fövzi Tahirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmənin hazırlıq iclası oktyabrın 8-nə təyin olunub. 

İttihama görə, Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.

İstintaq orqanı tərəfindən Fövzi Tahirovun barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top