Ordenli şəhid polkovnikin uçuq daxmada yaşayan ailəsi — FOTOLAR

SOSİAL 27 sen 2021, 13:48
Azərbaycanın, Qəhrəman Bərdəmizin İkinci Vətən Müharibəsi iştirakçılarından, İgidlərindən və Qəhrəmanlarından biri də Vətən sevdalısı, əslən ağdamlı, peşəkar hərbçi, polkovnik-leytenant Mehman Nəriman oğlu Qəmbərovdur…

Dünən, 26 sentyabr tarixində Şəhid ailələrini növbəti ziyarətimiz zamanı Bərdəli Şəhid anası, Fəxri Qəribzadənin anası Mehparə xanım, o cümlədən Goranboylu Qazilərimiz-Fuad Həsənov və Nail Mirzəyevlə Şəhidimizin valideynlərinin yaşadığı Qarağacı kəndinə üz tutduq, Nur üzlü Məryəm ana və Nəriman atanı ziyarətə getdik…

Qeyd edim ki, iki qardaş, bir bacı olan Mehmangil əslən Ağdamın Maqsudlu kəndindəndirlər…

1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər…

Köçkün düşən vaxt 1981-ci il təvəllüdlü Mehman 5-ci sinifdə oxuyurmuş…

Və Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçibmiş…

Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov zəhməti, xidmətləri ilə polkovnik-leytenant qədər rütbəsinə yüksəlib(miş)…

Vətən, Qarabağ eşqi ilə alışıb-yanan Mehman Qəmbərov İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Qəhrəman hərbçimiz döyüşlərin 4-gü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb…



Nəşi isə bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…

İgidliyinə və Qəhrəmanlığına görə bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Şəhidimizin iki övladı Vətənə əmanət qalıb…

Şəhidimiz həm də uzun illər ailəsi birlikdə kirayələrdə yaşayıb…

Şəhidimizin ailəsi-həyat yoldaşı və iki övladı hazırda Bakı şəhərində olurlar…

Şəhidimizin Əsalətli, Dik duruşlu anası Məryəm xanımın dediklərindən:

“O vaxt oğluma dedim ki, müəllimlik oxu, qayıt gəl, Qarağacıda dərs de…Bu zaman Mehman güldü və dedi ki, ana, Vətəni, torpağı işğalda olan oğul hərbçi olmalıdır, mən hərbçi olacağam…Və dediyim kimi, hərbçi oldu, hərb sənətinə yiyələndi, ali təhsilli hərbçi kimi xalqına, Vətəninə qulluq etdi və Xalqı, Vətəni yolunda da 39 yaşında Şəhid oldu…Oğul Vətən üçündür…

Hərbçi Vətən üçündür…Hərbçi Vətənini, torpağını qorumayıb, kim Vətəni qorumalıdır? Heç şübhəsiz ki, hərbçi Vətənini qorumalıdır…Oğlum da hərbçi kimi Vətən yolunda Şəhid getdi və oğlumla da Fəxr edirəm…Fəxr edirəm ki, Vətəni hər şeydən üstün tutan, onun yolunda canını fəda edən bir Şəhidin anasıyam…”.

Şəhidimizin atası Nəriman kişi də oğlu ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirir…

Şəhidimizin ailəsini ziyarətimiz haradasa 40 dəqiqə çəkir…



Şəhidimizin valideynləri 28 ildir olduqca şəraitsiz bir evdə, ona da ev demək mümkümndürsə, daxmada, kümədə yaşayır…

Şəhidimiz özü də 17 yaşından bu “ev”dən hərb sənəti dalınca gedib və 39 yaşında yenə də bu “ev”ə dönüb…Ancaq bu dəfə özü yox, nəşi, tabutu…

Və çox təəssüflər olsun ki, Mehman Qəmbərovun Şəhidliyindən sonra da dəyişən heç nə yoxdur…

Yaşlı valideynləri yenə də daxmada, kümədə yaşamaqda davam edirlər…

Kimsə də onlarla, şəraitləri ilə maraqlanmır…

Amma Qürurlu və Məğrur Şəhid valideynləri yaşayışlarından, “ev”lərindən…narazılıq etmirlər…

Qeyd edirlər ki, bu evdən Mehman kimi bir oğul çıxıbsa, bu, elə hər şeyə bəs edər…

Ancaq bununla belə, inanmaq və ümid etmək istərdik ki, heç olmasa, Şəhidimizin bir ilinin tamamından sonra Şəhid valideynlərinin durumu nəzərə alınacaq və onlara illərlə yaşadıqları “ev”in yerində daha şəraitli, daha normal ev tikiləcək…

Bununla da həm Şəhidimizin ruhu sevindiriləcək, həm də yaşlı və Qürurlu valideynləri Haqq etdikləri evdə yaşayacaqlar!



Ümid də ən sonda ölür deyirlər…Allah ümidlərimizi ölməyə son qoymasın!

Böyük Yaradan Şəhidimizin məkanını cənnətlik etsin, Nur içində yatsın!

Allah valideynlərinə, ailəsinə, əzizlərinə səbr, dözüm versin!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Mehman da, Mehmanlar da var olacaq, ruhən, mənən yaşayacaqlar!

Ruhu qarşısında baş əyirəm, baş əyirik!(etikxeber.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top