“Prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır”

GÜNDƏM 25 sen 2021, 14:44
“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il icra olunmamış qaldığını xatırlatdı. Dövlət başçısı bununla həm də ikili standartların və selektiv yanaşmanın yolverilməz olduğunu bir daha diqqətə çatdırdı. Bu baxımdan, Azərbaycan irəli sürdüyü tələbdə haqlıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət də artıq Azərbaycanın sülhün təminatı istiqamətində atdığı addımları görür:

“Həmçinin, münaqişə başa çatdığından Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu görür. Dünya birliyi də anlayır ki, belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın bu təkliflə bağlı müsbət reaksiyasının olmaması isə bölgədə sülh və təhlükəsizliyin qorunmasına çalışan bütün tərəfləri düşündürməlidir. 
Bu gün Azərbaycan öz maliyyə vəsaiti hesabına azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işlərinə start verib. Prezidentin də qeyd etdiyi kimi, əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Təəssüf ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. 

Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi, üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyinin cəmi 25 faiz olması beynəlxalq ictimaiyyətin bu məsələdə hərəkətverici güc kimi roluna ehtiyac yaradır. Ermənistan azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur edilməlidir. 

Dövlət başçısı, ölkəmizin bu regionda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasına xidmət edən səyləri dəstəklədiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Burada prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top