“Lazım olsa, rəy alıb, Qız Qalasını da sökmək olar” — "Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi"

KRİMİNAL 20 sen 2021, 17:55
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində dindirilən Mədəniyyət Nazirliyinin Mədəni irsin qorunması, bərpası və inkişafı ilə bağlı Dövlət Xidmətinin sabiq əməkdaşı Feyzi Rzayev ifadə verib.

O bildirib ki,  Dilarə Əliyeva 141 saylı bina hələ sökülməyib: "Mən vəzifədən azad olunana qədər həmin bina sökülməmişdi. Binanın yanında tikinti aparılmışdı və nəticədə Dilarə Əliyeva 141-də çatlar əmələ gəlmişdi. Tarixi binalar mütəxəssislər tərəfəinn qeydiyyata alınır və Nazirlər Kabinetinə göndərilir. Dilarə Əliyevanın şikayət gəlmişdi. Biz FHN əməkdaşları ilə binaya baxış keçirdik, çatlar əmələ gəlmişdi. Binanın yanında yaşayış binası  tikilirdi. Dedilər ki həmin tikintiyə görə tarixi binada çatlar əmələ gəlib. Bu barədə aidiyyəti qurumlara məlumat vermişik. Biz əraziyə gedərkən binanın zirzəmisi tikilmişdi".

Vəkillərin suallarını cavablandıran şahid deyib ki, Dilarə Əliyeva 145-in sökülməsini sonradan eşidib: "Həmin bina ilə bağlı məndə məlumat olmayıb. Bir müddətdən sonra eşitmişəm ki bina sökülüb. Binanın Mədəniyyət Nazirliyinin tarixi abidələr siyahısından silinməsi barədə heç nə bilmirəm. Həmin binanın tarixi abidə olması ilə bağlı bina sakinlərinin bəzilərində müqavilə var idi. Binaya dəymiş ziyan ilə bağlı FHN akt tərtib etməli idi. Mən binanın vəziyyəti barədə arayış yazdım, olduğu vəziyyəti qeyd etdim. Amma nələri yazmışam onu xatırlamıram".

Vəkil bildirib ki, şahid binanın vəziyyəti barədə alta nə yazdığını xatırlamır, bununla da suallardan yayınır".

Şahid bildirib ki, arayışda binanın vəziyyəti qeyd edilib: "Aktı tərtib edib Bakı şəhər İcra Hakimiyyətinə, bir nüsxəsini Fövqəladə Havalar Nazirliyinə verdik, biri isə özümüzdə qaldı".

Şahid bildirib ki, binaya vaxt keçirilmə tarixi yadında deyil: "Binaya baxış keçirilmə və akt tərtib olunması tarixi yadımda deyil. Bilirəm ki, Dilarə Əliyeva 141-in bir hissəsi sökülmüşdü. Sakinlər bildirdilər ki,  binanın sökülməsi dayandırılsın və bina bərpa olunsun".

Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və  Baş memarı olmuş Akif Abdullayev ifadə verib. O bildirib ki, tarixi binaların sökülməsi-təmir olunması ilə məşğul olmayıb: "Mən yalnız təzə tikilən binalara baxmışam. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verəndən sonra mən həmin sərəncamı icra ediridim. 1976-cı ildən Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişəm. Rəis müavini olanda adətən layihələrə baxırdım  Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda olurdu. Rasim Quliyevi tanıyıram.  Dilarə Əliyeva 141 ünvanının sökülməsi ilə bağlı sərəncam verilmişdir. Sonradan dedilər ki, həmin ərazidə metro stansiyası tikmək istəyirdilər. Ona görə sərəncam dayandırıldı".

Prokurorun suallarını cavablandıran Akif  Abdullayev deyib ki, Rasim Quliyevi aparat rəhbəri kimi tanıyıb: "Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyətinin birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, bilmirdim və maraqlanmırdım".

Rasim Quliyev isə bildirib ki, Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunandan sonra çox güman möhür Akif Abdullayevə verilib: "Amma mənə verilməyib. Məndə olan möhürü vəzifədən azad olunanda aktlaşdırıb təhvil vermişəm".

Akif Abdullayev bildirib ki, hər hansısa bina tikintisinə icazə verilərkən daxil olan sənədə icazə verəiləndə sənədləri araşdırmaq ixtiyarı olmayıb: "Memarlıq və Şəhərsalma Baş İdarənin səlahiyyətləri tikinti üzrə sənədləri araşdırmaq idi. Hacıbala Abutalıbov sənədləri araşdırıb qərara gələndən sonra rəylər bizə daxil olurdu, biz də razılıq verirdik".

Akif Abdullayev prokurorun suallarını cavablandırmaqdan yayınıb. Hakim bildirib ki, sualları düzgün cavablandırmaq lazımdı: "Tikinti ilə bağlı müraciət olunarkən araşdırma aparılanda hansısa bir qurum mənfi rəy verdisə, onu kim araşdırırdı?".

Akif Abdullayev deyib ki, Bakı şəhərİcra Hakimiyyətinə daxil olan müraciətlərə mənfi rəy  verilmirdi. Yerli icra hakimiyyəti rəy bildirirdi, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verirdi. 

Hakim: Necə yəni, kimsə müraciət etsə ki, Qız Qalasını sökün, sökəcəkdiniz?

Akif Abdullayev: Lazım olsa rəy alıb Qız Qalasının da sökmək olardı. 

Akif Abdullayev bildirib ki, Rasim Quliyevin hansı binanın sökülməsinə sərəncam verdiyini xatırlamır.

Dövlət ittihamçısı bildirib ki, Akif Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsində ziddiyyətlər var. 

Akif Abdullayev bildirib ki, tikinti işlərinə nəzarət etmişəm, təzə salınan məhəllələrə, tikilən yollara, kommunikasiya xətlərinə nəzarət edib. 

Vəkilin suallarını cavablandıran Akif Abdullayev bildirib ki, Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarındakı söküntülər sən xəbəri olmayıb. 

Hakim bildirib ki, Akif Abdullayev 45 il Bakı şəhər İcra Hakimiyyətində işləyib, amma sualları cavablandıra bilmir: "Siz iş üzrə əsas şahidlərdənsiniz. Bu prosesdə sizin iradəniz mühüm rol oynayır. Siz isə suallara cavab verə bilmirsiniz. Yaddaşınızı təzələyin, növbəti prosesdə aydınlıq gətirin".

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının,habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Quliyevin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura İdarəsi zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top