Demoqrafik inkişaf: sosial-iqtisadi yüksəlişin əsas göstəricisi kimi

SOSİAL 19 sen 2021, 10:53
Xalqın genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Çünki əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı “İnkişaf Konsepsiyası”nın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin  potensialının və idmanın inkişaf etdirilməsi bu mənada əsas istiqamət hesab olunur. 

BMT-nin ekspertləri tərəfindən işlənmiş və 1990-cı ildə təqdim olunmuş insan inkişafı konsepsiyası əhalinin rifahını əsas tutur. Bu isə davamlı inkişafın əsas və yeganə məqsədi deməkdir. Eyni zamanda, sosial-iqtisadi inkişaf yolunda əhalinin rifahının təminatı hər bir dövlət üçün əsas məqsəd kimi hesab olunur. Beləliklə, insan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı əlaqəlidir və bir-birini şərtləndirir. İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə ehtiva edir.

Bəşəriyyətin inkişaf tarixi əhalinin təkrar istehsal dinamikasının dəyişməsi ilə sıx bağlıdır. Heç şübhəsiz ki, müasir dövrün qlobal məsələri arasında demoqrafik problemlərin həlli vacibliyi dünya dövlətləri tərəfindən qəbul edilmişdir. Əhalinin qocalması prosesinin güclənməsi ictimayyətin qarşısında ciddi sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial problemlər yaradır. Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar. Qlobal və milli səviyyədə davamlı insan inkişafı iqtisadi, sosial və demoqrafik inkişafla birlikdə qarşılıqlı əlaqələrin mürəkkəb sistemini təşkil edir.

Son zamanlar araşdırmalar nəticəsində məlum olub ki, doğumun ümumdünya səviyyəsi, yəni qadının reproduktiv yaşı müddətində dünyaya gətirdiyi uşaqların orta sayı XXI əsrin əvvəlində 2,9–a qədər düşmüşdür. Onu da qeyd etmək lazımdır ki, 1985-ci ildə bu səviyyə 4,2 təşkil edirdi. Müasir dövrdə bir çox ölkələrdə ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Bu gün dünya əhalisinin 44 faizinin yaşadığı 61 ölkədə doğum səviyyəsi əhalinin indiki sayını saxlamaq üçün zəruri olan 2,2-dən aşağıdır. 30-dan çox ölkədə əhalinin sayı sabitləşib və uzun illər ərzində dəyişilmir.

BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaqdır. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həll olunandır. Bunun üçün hər bir ölkənin spesifikasını nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır. Bütün bu məsələlərin fonunda mexanizmlər işlənilir və problemlərdən çıxış yolları axtarılır. 

Yuxarıda göstərildiyi kimi, demoqrafik siyasət əhalinin say və struktur dinamikası meyllərini dəyişdirmək və ya saxlamaq üçün əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sahəsində dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü fəaliyyətidir. Başqa sözlə, bu, doğum, ölüm, nikah, boşanma proseslərinə və əhalinin yaş strukturuna təsir edən siyasətdir.

Əhalinin təbii artımının çox da yüksək olmayan göstəriciləri ilə xarakterizə olunan təkrar istehsalın birinci tipinə aid olan ölkələrdə aktiv demoqrafik siyasət aparılır. Onun məqsədi doğumu və təbii artımı yüksəltməkdədir. Əsasən iqtisadi vasitələrin istifadə olunduğu(uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s.)demoqrafik siyasətin həyata keçirildiyi ölkələrə Fransa, Çexiya, Macarıstan, Avstriya, Danimarka aiddir.

Azərbaycanın müasir demoqrafik tarixi 1990-2002-ci illər və 2003-cü ildən başlanan dövrlərə bölünə bilər. 1990-cı ilin əvvəllərində ölkəmiz Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuşdur. Bir çox keçmiş ölkələri kimi, bazar iqtisadiyyatı və demokratiyanın inkişafı istiqamətində dəyişikliklərə məruz qalmışdır. Keçid dövrünün bir sıra iqtisadi və sosial problemlərinin qarşıya çıxması ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Nəticədə 20 mindən çox soydaşımız həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4 mindən çox insanımız itkin düşmüşdür. Bir milyondan çox qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sosial problemləri ağır yük kimi gənc müstəqil dövlətin üzərinə düşmüşdür. 

Belə bir şəraitdə inkişafın sosial aspekti daha çox əhəmiyyət kəsb etməyə başladı. Bütövlükdə ölkəni bürüyən böhran 90-cı illərdə əhalinin həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxardı. Şübhəsiz, bu da ölkənin demoqrafik inkişafına öz mənfi təsirini göstərdi. Beləliklə, müstəqillikdən sonra Ümummillli Lider Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda  demokratiyanın, qanunvericiliyin  formalaşması  üçün geniş imkanlar yaratmışdı. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərmişdir. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin azalması, xüsusən körpə ölümünün, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması, ölkədən miqrasiya axınının azalması və müsbət miqrasiya saldosuna tədricən keçid müşahidə olunur.

Demoqrafik siyasət hazırda Azərbaycanda xüsusi aktuallıq daşıyır. Ümumi sosial siyasətin bir hissəsi kimi bu sahəyə olduqca diqqət yetirilir. Bununla əlaqədar olaraq, demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi 2004-cü il Prezident sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqram ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəricilərdən birincisi əhalinin yaş-cins strukturudur. Yaş-cins strukturu doğum, ölüm və əhalinin miqrasiyası prosesinin təsiri altında formalaşır.

Demoqrafik inkişaf kontekstində insan inkişafının davamlılığı dedikdə əhalinin optimal artımı, əhalinin təkrar istehsalının optimal tipi nəzərdə tutulur. Bununla bağlı vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar.

Ümumiyyətlə, bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri  doğulan uşaqların cinsi və yaş qrupları, eyni zamanda, uşaq ölümü  üzrə olan rəqəmlərdir. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 

Əhali sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə gətirib çıxarır. Belə ki, cavanların və orta yaşlıların əhalinin ümumi sayındakı xüsusi çəkisinin azalması ən böyük əmək yükünün yuxarı yaşlı əhali qrupunun üzərinə düşməsinə səbəb olur. İnsanların əmək aktivliyi isə çox vaxt onların yaş həddindən asılı olur.Normal iqtisadi inkişaf üçün gənclərin sayı kifayət qədər olmalıdır. 

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı azalmışdır. Belə ki,  əgər 1991-ci ildə əhalinin hər 1000 nəfərinə 6,2 idisə, 2017-ci ildə bu göstərici 5,5-ə düşmüşdür. Əmək qabiliyyətli yaşda ölənlərin sayı da 1991-ci illə müqayisədə azalaraq  2017-ci ildə əhalinin hər 1000 nəfərinə 2,6 olmuşdur. Bu gün dövləti düşündürən məsələlərdən biri də pensiya və müavinət alan əlillərin saydır.

Digər vacib məsələlərdən biri də odur ki, əhalinin sayının stabil saxlanılması üçün təbii ölümlə miqrasiyanın sayı eyni saxlanılmalıdır. Məsələn, Rusiyada immiqrantların hesabına əhalinin sayının saxlanılması prosesi daha sürətlidir. Lakin immiqrantların hesabına əhalinin sayının artması heç də müsbət hal deyil. Rusiyada bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunmuşdur.

Azərbaycanda miqrasiya məsələləri xüsusi olaraq diqqətdə saxlanılır. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. Daha dəqiq əgər 1991-ci ildə  daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 106 399 nəfər idisə, 2017-ci ildə bu rəqəm 1901 nəfərə düşmüşdür.

Azərbaycanın müstəqilliyi dövründən bu günədək baş verən miqrasiya proseslərinin 3 istiqamətini müşahidə edə bilərik. I mərhələ Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində etnik və hərbi xarakter daşıyan məcburi miqrasiya dövrü kimi qiymətləndirilir. Ölkədə bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların dörd yüz mindən çoxunu qadınlar, üç yüz mindən  çoxunu  isə uşaqlar təşkil edirdi. Yaşadıqları stress, fiziki və  psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işləri daha da gücləndirilir. Qeyd etmək lazımdır ki, bütün çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Və Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. 

Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Belə bir dövlətin əsasını isə ailələr təşkil edir. Bu gün  sosial-mənəvi inkişafı təmin edən, fəal, güclü ailələrin formalaşması üçün dövlət tərəfindən bütün imkanlar yaradılır. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olmuşdur. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Bu institutun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. 

Ölkədə ailə institutunun  möhkəmləndirilməsi  üçün güclü  qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşdirilir. Həmçinin,  qloballaşma şəraitində  dünyada  gedən proseslər  və çağırışlar, xüsusilə də  ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını  zəruri edir. 

Azərbaycan Respublikası sürətlə inkişaf etməkdədir. Ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, ümumbəşəri humanitar problemlərin, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirmişdir.  

Artıq Azərbaycan qalib dövlətə çevrilmişdir. Ali Baş komandanın rəhbərliyi altında ordumuz regionun siyasi xəritəsini dəyişəcək bir tarixi, bölgədə gələcək proseslərin istiqamətini dəyişəcək bir tarixi, əsrlərdir qələbəyə həsrət qaldığımız bir tarixi yazıb. Bu özü-özlüyündə xalqa, onun fərdlərinin psixologiyasına müsbət təsir göstərib. 

Zaur Hacılı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

No description available.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top