“BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib

GÜNDƏM 16 sen 2021, 10:33
“BBC News” televiziya kanalının saytında Azərbaycanın müasir və tarixi memarlıq abidələrindən bəhs edən “Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib” sərlövhəli məqalə dərc edilib.

Demokrat.az xəbər verir ki, məqalədə memarlıq həvəskarları üçün Azərbaycanın paytaxtı Bakı şəhərində bir sıra qədim və müasir memarlıq incilərinin olduğu bildirilir. Müəllif qeyd edir ki, həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər nəticəsində son 20 ildə dünyanın ən iddialı və möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir.

Vurğulanır ki, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Bakı şəhərində müasir göydələnlər, qədim qalalar, tarixi abidələr mövcuddur. Yazıda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan XII əsrin tarixi memarlıq abidəsi olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı “Crystal Hall, “Külək-alov” konsepsiyası əsasında tikilən “SOCAR Tower”, səthi tamamilə LED ekranlarla örtülən “Alov qüllələri”, “Park Bulvar” ticarət mərkəzi, barokko memarlıq üslubunda inşa edilmiş Hökumət Evinin binası, Azərbaycan Milli Xalça Muzeyi habelə inşası davam edən iri tikililər barədə məlumat verilib.

Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan məscid barədə də məlumat yer alıb. Müəllif hündür minarələrin, xüsusi bəzək elementlərinin, o cümlədən günbəzlərin məscidin daxilinə xüsusi gözəllik verdiyini bildirir. O, Bakı şəhərində 90-cı illərdə əsaslı şəkildə təmir edilmiş XIII əsrə aid olan Bibi-Heybət məscidi barədə də məlumat verir.

Müəllif vurğulayır ki, qabaqcıl və dünya səviyyəli memarlıq üslublarını dəstəkləyən Azərbaycan önümüzdəki illərdə dünyanın ən maraqlı və innovativ memarlıq layihələrinin bir çoxunu özünə cəlb etmək niyyətindədir.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top