Qərəzin səbəbi nədir: Tehranın xatırlamaq istəmədiyi SƏNƏD

GÜNDƏM 14 sen 2021, 12:29
Azərbaycan və Türkiyənin region ölkələri tərəfindən diqqətlə izlənilən hərbi təlimlərinin növbəti ünvanı Xəzər dənizi olub. Birgə təlimlər Ermənistanla yanaşı qonşu İranı da ciddi narahat etməyə başlayıb. İran iki qardaş ölkənin təlimlərinə qarşı qərəzli reaksiya verməklə, məkirli mövqeyini nümayiş etdirib.

Belə ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Xəzər dənizində Türkiyə-Azərbaycan birgə təlimlərinin keçirilməsini pisləyib.

“Xəzər dənizinin hüquqi statusu barədə konvensiya bu məsələyə aydınlıq gətirdi. 5 sahilyanı ölkə kənar ölkələrin dənizdə hərbi mövcudluğunu arzuolunmaz qəbul edib. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur”, - deyə Nazirlik rəsmisi söyləyib.

Bəs bununla bağlı “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvesiyada nələr qeyd olunub?

 

Modern.az xatırladır ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvesiya 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanıb.

Bu Konvensiyanın iştirakçıları Xəzər dənizinin sahilində yerləşən dövlətlər - Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistandır.

Sənəd Aktau şəhərində 12 avqust 2018-ci il tarixində Azərbaycan, fars, qazax, rus, türkmən və ingilis dillərində bir əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İranın o zamankı Prezidenti Həsən Ruhani, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Konvensiyanı digər dövlətlər ratifikasiya etsə də, İran hələ də sənədi təsdiqləməyib.



2019-cu ildə İranın xarici işlər naziri olmuş Məhəmməd Cavad Zərif Tehranın sənədi niyə təsdiqləməməsi barədə bunları deyirdi:

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı hər bir qərar Milli Təhlükəsizlik Ali Şurası və İranın Ali liderinin icazəsi və imzası ilə verilib. Lazımi prosedur keçdikdən sonra “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ratifikasiya üçün parlamentə göndəriləcək”.

İranın Konvesiyanı ratifikasiya etməməsinin səbəbi nədir?

1979-cu il inqilabından sonra atasıyla ölkədən qaçan Məhəmməd Rza Pəhləvinin oğlu mühacirətdə yaşadığı ABŞ-dan Tehranın Xəzərin hazırkı şəkildə bölüşdürülməsinə etiraz edib. Guya atasının vaxtında İranın Xəzərdəki payı daha çox idi, indi azaldı. Pəhləvi bunu deyərkən SSRİ adlı dövlətin var olmadığını və Xəzər sahilində yeni ölkələrin mövcudluğunu unudub. Pəhləvi “İranın payı Xəzərdə azaldı” fikrini səsləndirərkən ümid edir ki, onun bir qrup tərəfdarı Tehranda fəallaşa bilər. Onun bütün açıqlamaları ailə hakimiyyətinin İrana geri dönüşü ümidlərinə hesablanıb.

İranın təsdiqləmədiyi Konvensiya çərçivəsində kiməsə öz narazılığını bildirməsi beynəlxalq hüquq cəhətindən düzgündürmü?

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, İran və başqa ölkələrin bu kimi bəyanatları hər zaman mövcud olub:

“Biz bilirik ki, İranın mövqeyi digər dörd dövlətdən fərqlidir. Qonşu ölkələr anlamalıdır ki, bu kimi təlimlərin mahiyyəti ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə hesablanıb. İranın bəzi dairələri Azərbaycan və Ermənistan arasında olan əlaqələrə çox qəribə yanaşırlar. Amma hər kəs bilməlidir ki, Azərbaycan suverən ölkədir və öz təhlükəsizliyini təmin etmək üçün sərbəst addımlar ata bilər”.
 
“Son günlər İran tərəfinin bizim ərazilərdəki hərəkətləri diqqət çəkir. Təbii ki, bu kimi məsələlər müsbət qarşılanmayacaq. İranın son günlərdə ərazimizdə bizdən icazəsiz gördüyü işlər, təlimlərə reaksiyası nədənsə narahat olduğundan xəbər verir. Amma hər kəs bilməlidir ki, Azərbaycan istənilən ölkə ilə öz təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq edə bilər. Biz burdakı məsələrə qarşılıqlı münasibətlər nəticəsində aydınlıq gətirə bilərik. Həm bizi narahat edən məsələlərə, həm də İran tərəfini narahat edən məsələri həll edə bilərik”, - deyə sabiq XİN başçısı vurğulayıb.

Ümumilikdə isə İranın Azərbaycan və Türkiyənin birgə təlimlərinə qarşı qərəzli yanaşması başadüşülən deyil. Görünür, İran rəhbərliyi iki qardaş ölkənin hərbi və siyasi əlaqələrinin güclənməsindən ciddi narahatdır. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top