Bakı məhkəməsinin sədri və tanınmış hakimlərin adı rüşvət və dələduzluq ittihamında hallanır — Şok faktlar

KRİMİNAL 14 sen 2021, 12:08
Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş İbrahim Xələfzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İbrahim Xələfzadə 2018-ci ilin oktyabrından 2021-ci ilin fevralın 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən həmin məhkəmənin hakimi Rahib Salmanovun icraatında Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci (quldurluq)  maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisinə vəd verib.

Quldurluq edən şəxsi necə azadlığa buraxılması istənilib?

İbrahim Xələfzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, həmin məbləğdə pulu alıb.

Kriminal avtoritetin qatillərinin niyə həbsdən azad olunmadı?

Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin icraatında Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4-cü (qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq), 228.1, 228.4-cü (qanunsuz silah əldə etmə) maddələri ilə təqsirləndirilən Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncuların atası Orucun 2020-ci ilin mayında özünə istintaqa məlum olmayan ünvanda etdiyi müraciətlə əlaqədar məhkəmənin yüksək vəzifəli şəxsləri ilə əlaqələrinin olmasını sonuncuya yalandan bildirib. O, bu yalanla zərərçəkmişdən 80 min manat alıb.

Qeyd edək ki, Səxavət və Vüsal Hüseynov qardaşları kriminal avtoritet Mübariz Budaqlının qətlində təqsirli biliniblər. Məhkəmənin hökmü ilə Vüsal 17, Səxavət isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən İbrahim Xələfzadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

İbrahim Xəlfzadənin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

“Həmin məbləği Mahmud Nəbiyevə verəcəyimi dedim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim Xəlfzadə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 2 il əvvəl təsadüfən məclislərin birində bir nəfər ilə tanışlığı yaranıb və sonuncunun vasitəsilə Şahidi tanıyıb: “2020-ci ilin mayında Şahid yaşadığı binanın həyətindəki qarajda ilə söhbət etdiyi zaman sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyimi dedim. O, isə yaxın tanışı olan Səxavət Hüseynovun barəsində olan cinayət işinin qeyd olunan məhkəmənin icraatında olduğunu, bu səbəbdən də Səxavət Hüseynova köməklik etməsinin mümkün olub-olmadığını soruşdu. Məndən müsbət cavab aldıqdan sonra o da öz tanışına Səxavət Hüseynovla, habelə onun ailə üzvləri ilə əlaqə saxlayıb, dəqiq bir söz deyəcəyini qeyd etdi. Bir neçə gündən sonra həmin şəxs mənimlə əlaqə saxladı, görüşdülər. Səxavət Hüseynovun ailəsinin ümumilikdə 30.000 manat pullarının olduğunu mənə bildirdikdə, cavabımda Səxavət Hüseynovun həmin məbləğ müqabilində azadlığa buraxılmasının mümkün olduğunu qeyd etdim. Həmin məbləği ya məhkəmənin sədri Mahmud Nəbiyevə, ya da məhkəmənin hakimi Novruz Kərimova verəcəyimi dedim. Həqiqətdə isə həmin 30.000 manat pulu adları çəkdiyi şəxslərə deyil, öz şəxsi ehtiyaclarım üçün xərcləmək niyyətim olub”.

“Pulu məhkəmənin sədrinə verdiyimi bildirdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonradan isə iş Səxavət Hüseynovun xeyrinə həll olunarsa, bu zaman özünü guya işi həll etmiş kimi göstərəcəyini, yox əgər həmin şəxsin xeyrinə həll olunmasaydı, qeyd olunan məbləği geri qaytaracağını planlaşdırıb: “Qısa müddət keçdikdən sonra Səxavət Hüseynovun atası ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında görüşdükləri zaman 30.000 manat pul vəsaitini şəxsən mənə təqdim etdi. Həmin məbləği götürərək təxminən 15.000 manatla borclarımı bağladım, digər 15.000 manatı isə özümdə saxladım. Bundan bir neçə ay keçdikdən sonra tanışlarım mənim Səxavətin atasını aldadaraq pulunu almağımdan şübhələndilər, bu barədə sonuncuya məlumat verdilər. Məni görüşə çağırdılar, işin gedişatı ilə maraqlandılar. Həmin görüşdə bir daha yalandan 30.000 manat pulu məhkəmənin sədrinə verdiyimi, sonuncu ilə yaxın münasibətdə olduğumu və işlərinin tezliklə həll olunacağını bildirdim. O, da mənə inanmadığını gördüm. Həmin vaxt Oruc kişi məndən məsələnin mahiyyətini soruşduqda, atasına da yalandan qeyd olunan 30.000 manat pulu məhkəmənin sədrinə verdiyimi, Səxavət Hüseynovun xeyrinə tezliklə hökmün çıxacağını dedim. Yalan danışmaqda məqsədim isə vaxt qazanmaq və borclarıma verdiyim 15.000 manat pulu düzəldərək geri qaytarmaq olub”.

“80.000 manat pul vəsaiti almağım barədə göstərdikləri yalandır”

Təqsirləndirilən şəxs qeyd edib ki, 5 fevral 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Səxavət Hüseynov 16 il, Vüsal Hüseynov isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər: “Bu səbəbdən bir müddət gizlənmişəm. Bu müddət ərzində Qobustan və Göyçay rayonlarında otellərdə qalmışam. Bir neçə dəfə 30.000 manat pulu qaytarmaq istəsəm də, sonuncu pulu geri almayaraq həmin məbləğin 5 qatını məndən alacağını bildirdi. Həmin 30.000 manatdan başqa Səxavət Hüseynovun və Vüsal Hüseynovun işlərinin həll olunmasına köməkliyə görə hər hansı məbləğdə pul almamışam. Yalnız işdən əlavə olaraq öz şəxsi işlərinə görə borc olaraq 10.000 manat pul almışam, həmin məbləğdən də 3.000 manat pulu qaytarmışam. Səxavət Hüseynov və Vüsal Hüseynovun işlərinin müsbət həllinə köməkliyə görə guya onlardan ümumilikdə 80.000 manat pul vəsaiti almağım  barədə göstərdikləri xüsusatlar yalandır”.

İbrahim Xələfzadə bildirib ki, Zaur adlı şəxsdən yaxın qohumunun məhkəmədə olan işinin həll olunmasına köməkliyə görə sonuncudan 30.000 manat pul alması barədə göstərilən ifadə də yalandır: “Guya onlardan Ceyhun Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə sonuncunun əməlinin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı ümumilikdə 10.000 manat məbləğində pul vəsaiti almağım, həmin iş alınmadıqdan sonra qeyd olunan məbləği qaytarıb, apelyasiya məhkəməsində işi həll edəcəyi adı ilə yenidən 9.000 manat pul istəməyim barədə həmin şəxslərin ifadələrində göstərdiyi xüsusatlar cəfəngiyatdır. Ceyhun Əliyevin cinayət işinə yanında işlədiyim hakim Rahib Salmanov baxın, Hünər və digər şəxslər mənə bir neçə dəfə zəng edib, məhkəmə prosesinin keçirilmə vaxtı ilə maraqlanıblar. Hətta onların təklifi ilə Əhmədli qəsəbəsi ərazisində görüşmüşük, sonuncu məndən apelyasiya instansiyasında qardaşı Ceyhun Əliyevə hansı formada köməklik edilə biləcəyimi soruşdu. Ona heç bir formada köməklik edə bilməyəcəyimi dedim. Hünər və onun əmisindən hər hansı məbləğdə pul istəməmişəm”.

Məhkəmənin hökmü ilə İbrahim Xələfzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top