Elçin Mirzəbəyli: "Rusiya Cənubi Qafqazdan gedəcək"

GÜNDƏM 04 sen 2021, 14:08
Rusiya siyasətinin “üz qabığı”. Rusiya Müdafiə Nazirliyinin internet resursunda, həmçinin məramı sülhdən başqa nə desən olan təxribat missiyasının əməllərində davamlı şəkildə nəzərə çarpan “yanlışlıqlar” sistemli və məqsədyönlü xarakter daşıyır. Bu, Rusiya siyasətinin yeganə gerçək və heç zaman dəyişməyəcək simasıdır. Məhz bu baxımdan da, bu simanın nə zamansa dəyişəcəyini gözləmək sadəlöhvlük olardı...

Neobolşevizim və neoimperializmin qarışığından əmələ gələn “siyasi horra” təfəkkürlü Rusiya siyasətçilərindən və beyinlərində, əsasən başlarındakı papağın halqası ölçüsündə qırışlar olan hərbiçilərindən də sivil, mədəni, əxlaqlı davranış gözləməyə dəyməz. Bu “siyasi horra” reallıqları qəbil edə, anlaya və anlaşa bilmir. O yalnız hesablaşmağı bacarır – sözün bütün mənalarında...

Bu səbəbdən də baş verənlərə emosional reaksiya verməyə, qəzəblənməyə, “nə üçün”, “niyə” və bu kimi cavabı heç zaman verilməyəcək sualların girovuna çevrilməyə ehtiyac yoxdur. Mənə görə, Rusiya siyasətçiləri və hərbçiləri ilə onların anlaya biləcəyi üslubda – yumşaq desəm, siyasi “poxrenizm” dilində danışmaq, imkan düşdükcə, yenə də başa düşəcəkləri şəkildə alışdıqları yerə və istiqamətə “göndərmək” lazımdır.

Hələ kiçik yaşlarımda rəhmətlik atam “rusun siyasəti “dovşana qaç, tazıya tut” prinsipi üzərində qurulub, mürəkkəb heç nə yoxdur” deyirdi. 40-45 il bundan öncə! Hətta babamın da belə dediyini vurğulayırdı. Yəni 80-85 il bundan əvvəl! Bu isə o deməkdir ki, çarizmin də, bolşevizmin də, həmçinin müasir demo-oliqarxokratiyanın da prinsipi eynidir, dəyiməyib və dəyişməyəcək. Rusiyada adlar dəyişir, mahiyyət yox. Formalizm bu ölkənin yeganə “üz qabığıdır”. Rusiyanın “təşəbbüsü” və dominantlığı ilə yaranan təşkilatlara baxın: “Müstəqil Dövlətlər Birliyi”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”, “Avrasiya İqtisadi İttifaqı” və s. “Müstəqil Dövlətlər Birliyi” üzv dövlətlərin müstəqil siyasət yürütmələrinə, “Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatı” üzv dövlətlərin öz kollektiv təhlükəsiziklərini təmin etmələrinə, “Avrasiya İqtisadi İttifaqı” isə azad iqtisadi siyasət həyata keçirmələrinə mane olmaq üçün yaradılıb. Bunun əksini sübut etmək istəyən varsa, buyursun, istənilən müstəvidə və daha detallı şəkildə izahını verim. Rusiya siyasətinin missiyası rus xalqını yaxşı yaşatmaqdan ibarət deyil, başqalarının yaxşı yaşamasına mane olmaqdır. Bu ölkədə heç vaxt “mən niyə pis yaşayıram” sualına cavab axtarmayıblar, “başqası niyə yaxşı yaşayır” deyə gileyləniblər və bütün enerjilərini həmin o “başqası”nın yaxşı yaşamaması üçün çeşidli oyunlar qurmağa yönəldiblər...

..Rusiya dünyanın nəhəng təbii resurs mənbəyi və ideya generatorudur. Amma dünyadan fərqləri ondan ibarətdir ki, Rusiyada resursları və ideyaları öldürməklə məşğul olurlar. Dünyanın ən nəhəng təbii ehtiyatlarının “üzərində oturan” dövlətin gününə bax... Şəhərləri, qəsəbələri, kəndləri SSRİ zamanında necə idisə, indi də elədir. SSRİ dövründə Rusiyanın yaşayış məntəqələrini “abıra salan” da “müttəfiq” respublikaların təmsilçilər idi...

...İndi bu nəhənglikdə təbii resurslarla özünə normal iqtisadiyyat, müasir standartlarla müqayisədə orta səviyyədən də aşağı avtomobil sənayesi qura bilməyən, texnologiyasının inkişaf səviyyəsinə görə dünya reytinq cədvəlində 2.68 indekslə 46-cı sırada dayanan bir ölkə başqalarına nə verə bilər? Gün ağlaya bilirsə elə özünə ağlasın...

Hətta Qazaxıstan belə texnologiyasının inkişaf səviyyəsinə görə Rusiyadan 10 pillə öndədir. Rusiya qlobal inkişaf reytinqində öz təbii və insan resurslarına görə, autsayderlər sırasında - 76-cı yerdədir, amma hərbi gücünə görə 2-ci sırada... Yəni Rusiya üçün prioritet silahdır, insan yox... Öz ölkəsinin insanının rifahını düşünməyən bir dövlət səni, məni niyə düşünməlidir ki? Elə buna görə və təbii ki, heç vaxt dəşiməyəcək və dəyişməsi lazım olmayan nəsnələrə görə sinir sistemimizi korlamağa, gileylənməyə dəyməz.

Rusiya Cənubi Qafqazdan gedəcək. Yuxarıda qeyd etdiyim “yanlışlıq”lar da, aşırı qəzəb də həqiqətin qəbul edilə bilinməməsindən doğan çırpıntılardır.

Elçin Mirzəbəyli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top