"Bu ölkələr Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərgin olmasına çalışırlar" — AÇIQLAMA

QARABAĞ 29 iyl 2021, 14:55
"Regionun siyasi durumunda qeyri-stabilliyin hökm sürməsi vəziyyətin təhlükəli olmasını göstərən açıq sübutlardandır. Ermənistan və Azərbaycan arasında baş tutmuş və 44 gün davam etmiş İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi və geostrateji reallıqlar həm Ermənistanın, həm də ona dəstək olan dövlətlərin və qüvvələrin planlarını alt-üst etdi". 

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. 

Politoloq qeyd edib ki, Ermənistanın sərhəddə təxribat törətməklə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirilməsini yubatmaq istəyir:

"Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin icrasını ləngitmək və Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirməsini yubatmaq məqsədilə Ermənistan-Azərbaycan dövlət sərhəddində və Rusiya "sülhməramlıları"nın fəaliyyət göstərdiyi ərazilərdə daim atəşkəsi pozmaq, tərəflər arasında qalıcı düşmənçiliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında baş tutan telefon danışığı və tərəflərin görüşü, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Ermənistan-Azərbaycan sərhəddinə səfər etməsi də Ermənistanın təxribat addımlarına kimlərin rəvac verdiyini göstərir. Həmçinin Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu ölkənin Azərbaycandakı səfiri Zakari Grosun Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş xarici ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina addımını müdafiə etdi. Bu, baş verən təxribatların arxasında kim(lər)in dayandığını rahatlıqla deməyə imkan verir. Hesab edirəm ki, sözügedən bu üç ölkənin atdığı addımların bir neçə səbəbi var. Bu səbəblər arasında

- 30 ilə qədər heç bir funksiyanı yerinə yetirməyən və İkinci Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirmək,
-10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə arxivin zibilliyinə gedən Dağlıq Qarabağın statusunu bərpa etmək,
- Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almaq,
- Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirmək,
- Azərbaycan və Türkiyənin vasitəsi ilə gerçəkləşdirilən regional və qlobal layihələrin həyata keçrilməsinə mane olmaq,
- Öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaqdır. 

Görünən odur ki, sərhəddə baş verən toqquşmalar  bu üç ölkənin marağındadır və ona görə də daimi şəkildə vəziyyətin gərgin olmasına çalışırlar. Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var. Bunlar Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsi və 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bayannamələrinin şərtlərinin icrasını ləngitməsi və yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasıdır. Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma bu cür  problemlər hələ uzun müddət davam edə bilər".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top