Hərbi ekspert: "Ermənistan başa düşməlidir ki, artıq Azərbaycan tərəfi bu təxribatlara dözməyəcək"

GÜNDƏM 26 iyl 2021, 14:57
“Ermənistanın bu cür addımları gözlənilən idi. Post-müharibə dövründə Ermənistanın zaman-zaman müxtəlif təxribatlar törədəcəyi ehtimal edilirdi. Hazırda bu ölkədə orduya başçılıq edəcək və adekvat olacaq şəxs yoxdur. Dövlətin, hökumətin siyasətini yerinə yetirəcək uyğun adam yoxdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Ermənistanın sərhəddə təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini bildirən hərbi eskpert, Azərbaycanın Ermənistana növbəti dəfə dərs verməyinin vaxtının çatdığını bildirib:

“Hökumətin özündə də qarışıqlıq var. Bir qisim şəxs müharibənin olmasını, guya revanş almağı irəli sürür. Digər qisim isə Azərbaycanla müharibəsiz, problemsiz yaşamaq, Azərbaycanla münasibətlərin normallaşdırılması anlayışını ortaya qoyur. Bütün bunlar siyasi partiyaların içərisində gedən oyunlardır. Bu, xaricdəki erməni lobbisinin Ermənistanın daxili işlərinə qarışması və onları yenidən müharibəyə sürükləməsidir. Bu təxribatlar Azərbaycan Ordusu Ermənistanın təxribat törədən postlarını, hissələrini darmadağın edənə qədər davam edəcək. Azərbaycan bir daha onlara göstərməlidir ki, bundan sonrakı dövr artıq Azərbaycanın dövrüdür, bizim ordumuzun dövrüdür. Ermənistanda elə bir silahlı qüvvə anlayışı qalmayıb ki, bundan sonrakı proseslərdə Azərbaycanın gücünə duruş gətirə bilsin, onlarla üz-üzə dayansın. Hər dəfə deyirəm, həm işğaldan azad edilmiş ərazilərdə, həm də Azərbaycanla sərhəddə nöqtəli əməliyyatlar aparıb, təxribat törədən qüvvələri birdəfəlik məhv etmək lazımdır. Ermənistana bir daha bildirmək lazımdır ki, artıq onları qəti, ciddi cəza rejimi gözləyir. Ermənistan başa düşməlidir ki, artıq Azərbaycan tərəfi Ermənistanın təxribatlarına dözməyəcək, onların istədiyi, iddia etdiyi məsələlərlə bağlı heç bir danışıq olmayacaq. Çünki artıq Qarbağın müqəddəratı həll edilib. Heç bir beynəlxalq təşkilatın əli ilə status məsələsi qaldırıla bilməz. Azərbaycan Prezidentinin mövqeyi bu cürdür. O, bir daha bəyan etdi ki, artıq status yoxdur və bu məsələyə heç bir təsiredici qüvvə ola bilməz. Ermənistan xarici qüvvələrə güvənərək təxribat törətməyin ağır nəticələrə gətirib çıxardığını əməli olaraq görməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top