Bakı Ermənistanın “dilini” daha gödək edəcək “kartı” işə salır


GÜNDƏM 24 iyl 2021, 10:50
Azərbaycanın Ermənistana qarşı təzminat davası ilə bağlı ilk növbədə qiymətləndirmə, dəyən zərərin hesablanması işləri başlamalıdır. “Yeni Müsavat” xəbər verir ki, söhbət 100 milyardlardan gedir. Prezident İlham Əliyev hələ ötən il noyabrın 12-də müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımların atılacağını bildirmişdi.

Onun sözlərinə görə, artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin: “Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Lakin bu istiqamətdə aktiv fəaliyyət nəzərə çarpmır. Bir çox politoloqlara görə, təkcə bu iddianın qaldırılmasının özü İrəvanı “özünü yığışdırmağa” vadar edəcək, “öz müqəddəratını təyinetmə” iddiasını bir az da kəsərsiz hala gətirəcək, Ermənistanın işğalçı imicini təzədən gündəmə qaytaracaq.

Rəsmi Bakı həmçinin təklif etmişdi ki, işğal dövründə ərazimizdə qanunsuz fəaliyyət göstərən xarici şirkətlər könüllü şəkildə Azərbaycana təzminat ödəyərsə, onlara qarşı beynəlxalq arbitraj məhkəmələrində iddia qaldırılmaya bilər, onlar da bunun əvəzində öz işgüzar imiclərini qoruya bilərlər. Əks halda peşman olacaqlar. Prezident AzTV-yə son müsahibəsində bir daha həmin şirkətləri könüllü şəkildə təzminat ödəməyə çağırdı.

Bəs beynəlxalq məhkəmələr bizim yanımızda olacaqmı? Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hazırda ermənilərin 30 ildə bizə vurduğu zərərlərin qiymətləndirməsi işləri həyata keçirilir. Ç.Qənizadənin sözlərinə görə, bu işdə xüsusilə beynəlxalq ekspertlər iştirakı edirlər və dəyən ziyanın hesablanması davam etməlidir. Hüquq müdafiəçisi hesab edir ki, beynəlxalq mütəxəssislərin prosesə cəlb olunmasının mühüm əhəmiyyəti var. Onun fikrincə, dünyaya yerli mütəxəssislərin deyil, məhz beynəlxalq ekspertlərin hesablamalarını təqdim etməklə mövqeyimizi daha möhkəmləndirmiş olacağıq, şəffaflığı təmin edəcəyik.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Ç.Qənizadənin sözlərinə görə, bu işlər yekunlaşandan sonra hüquqi müstəvidə addım atılacaq: “Qanun və beynəlxalq hüquq düzgün işləsə, əlbəttə ki, Ermənistandan təzminat almaq mümkündür. Çünki biz heç nəyə haqsız iddia irəli sürməmişik. Erməni işğalçılarının 30 ildə torpaqlarımızı viran qoyması, abidələrimizə, tikililərimizə zərər vurması, Ağdam və Füzulini yerlə-yeksan etməsi bütün dünyaya nümayiş olunub, diplomatlar, səfirliklərin attaşeləri azad edilən ərazilərə aparılaraq erməni vandalizminə şahid olublar”.

Ç.Qənizadə bildirdi ki, işğal dövründə ərazilərimizdə qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlər olub, böyük gəlirlər əldə ediblər: “Prezidentin bir daha onlara çağırış etməsi təsadüfi deyil. Həmin şirkətlər Qarabağda yerüstü və yeraltı sərvətlərimizi talan ediblər, mədənlərdə çalışıblar, istismara məruz qoyublar. Ona görə Prezident bir daha çağırış etdi ki, nə qədər gec deyil gəlib etiraf etsinlər, dəymiş zərəri qarşılıqlı müzakirələr əsasında ödəsinlər. Bununla dövlət başçısı onların nəzərinə çatdırdı ki, heç də dayanmamışıq, iş gedir və zamanında təzminat ödəməsələr, beynəlxalq arbitraj məhkəmələrində iddia qaldırılacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Avropa İttifaqı tərəfindən Ermənistana və Gürcüstana 2.6 milyard, Azərbaycana cəmi 150 milyon yardım nəzərdə tutulması ədalətsizlikdir: “Prezident çıxışında bunu da vurğuladı. Çünki Azərbaycana daha çox zərər dəyib. Ancaq ədalətsiz Avropa bu addımı atırsa, ermənilərə daha çox yardım ayırırsa, gələcəkdə təzminat davası ilə bağlı onlardan ədalətli məhkəmə qərarı gözləmək də bir qədər sadəlövhlük olardı. Bununla belə, biz əl-qolumuzu sallamalı deyilik, mübarizəmizi davam etdirməliyik. Necə ki, diplomatik sahədə davamız gedir, eləcə də hüquqi müstəvidə savaşımızı aparmalıyıq.

Bu, həm də ermənilərin absurd iddialarından geri çəkilməyə sövq edə bilər. Onların hələ də “status” xülyaları var və bu məsələyə də Prezident müsahibəsində nöqtə qoydu. Cənab İlham Əliyev bildirdi ki, keçmiş “Dağlıq Qarabağ muxtar vilayəti” ləğv edilib və orada yaşayan cəmi 25 min erməniyə görə status ola bilməz. Onda Qərbi Azərbaycandan qovulmuş 200 min soydaşımızın statusu iddiasını qaldırmalıyıq. 25 min erməni üçün status istəmək beynəlxalq hüquqa ziddir və ədalətsiz yanaşmadır".(musavat.com)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top