Mina xəritələrin alınması prosesini sürətləndirmək lazımdır — RƏYLƏR

GÜNDƏM 09 iyl 2021, 21:12
İyulun 8-də daha iki mülki şəxs işğaldan azad olunmuş Füzuli rayonun ərazisində minaya düşüb.

Onlardan biri ölüb, digəri isə ağır yaralanıb.

İyulun 3-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycana Füzuli və Zəngilan rayonlarının mina xəritələrini verib, əvəzinə isə Azərbaycan 15 nəfəri erməni əsilli şəxsin Ermənistana təhvil verib. Həmin şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 aylıq həbs cəzasına məhkum edildiyi bildirilir.

Hazırda məhkəmədə digər iki qrup Ermənistan vətəndaşlarının məhkəmə prosesi keçirilir. Bəzi ekspertlərin fikrincə, onların əksəriyyəti də digər işğaldan azad olunmuş rayonların mina xəritələrinə dəyişdiriləcəyi gözlənilir. Bəziləri isə hesab edir ki, mina xəritələri məsələsi 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapmalı idi.

Mina xəritələr veriləndən sonra mülki şəxslər həlak olmağa davam edirsə, mübadilə prosesi davam etməlidirmi? Mina xəritələri məsələsi 10 noyabr bəyanatında öz əksini tapmalı idimi?

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, hər kəs öz fikrində sərbəstdir. «Lakin mənə elə gəlir ki, 44 günlük müharibədə qalib çıxmağımızın sərkərdəsi olan Ali Baş komandanımız bu məsələlərin həllini daha yaxşı bilir. Cənab Prezident özü də çıxışlarından birində dedi ki, «nəyi, nə vaxt və necə eləmək lazımdır, onu mən bilirəm»».

Deputatın sözlərinə görə, beynəlxalq hüquqda təsbit olunub ki, müharibədə məğlub olan tərəf qalib tərəfin bütün şərtlərini yerinə yetirir. «Eyni zamanda minalanmış ərazilərin xəritələrini də qeyd-şərtsiz özü təhvil verməlidir. Vermədiyi təqdirdə müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq o yeni bir cinayət işlətmiş olur. Yəni, ermənilər könüllü olaraq xəritələrin verməyəndə yeni cinayət işlətmiş olurlar, çünki bu, günahsız adamların ölümünə səbəb olur».

Komitə üzvü qeyd edib ki, Azərbaycan qalan mina xəritələrini da alacaq. «Onları da müəyyən şərtlər daxilində alacayıq. Azərbaycanın Ermənistana təzyiq vasitələri çoxdur. Eyni zamanda xəritəsiz də biz müharibə qurtaran gündən əraziləri minalardan təmizləməsi işinə başlamışıq».

Politoloq Azər Qasımlı isə "Azadlıq radiosu"na bildirib ki, mina xəritələrin verilməsi məsələsi 10 noyabr bəyanatında qismən də olsa öz əksini tapa bilərdi. «Bu 10 noyabr sazişə görə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaları da bərpa olunmalı idi. Amma görürsünüz ki, Ermənistan bunu yerinə yetirmir. Mina xəritələr məsələsi bu sazişdə olacaqdısa onu da yetinə yetirməyəcəkdilər».

Ekspertin fikrincə, bu saziş yalnız rus hərbi kontingentini Qarabağa yeridilməsi üçün lazım idi. «Başqa nəsə axtarmağa dəyməz. «Ermənistan kapitulyasiya etdi», «Ermənistan diz çökdü» kimi ifadələr yalnız söz yığınıdır. Yəni, bütün bu prosesin məqsədi o idi ki, Rusiya bölgəyə hakim olsun və 10 noyabr sənədində bu, öz əksini tapdı».

A.Qasımlı qeyd etdi ki, məhkəmə prosesləri gedən Ermənistan vətəndaşlarını terrorist elan etməklə Azərbaycan göstərir ki, onlar uzunmüddətli həbs cəsasını alacaqlar. «Təbii ki, bu da Ermənistanı mina xəritələrini verməyə daha çox sövq edir. Bu qarşılıqlı bir bazarlıqdır».

O, vurğulayıb ki, burada Azərbaycan üçün problemli məqam var. «İndi söz-söhbət çıxdı ki, bu mina xəritələri o qədər də həqiqətini əks etdirmir. Ona görə də burada əsas diqqət ediləcək məqam məhz o mina xəritələrinin yoxlanılması və yaınız sonra onları bazarlıq predmeti kimi qəbul etməsidir».

Politoloq hesab edir ki, erməni hərbçiləri həbs olunmasaydı Azərbaycana mina xəritələri verilməyəcəkdi. «Bizdən başqa şeylər istəniləcəkdi. Amma əslində belə olmamalı idi. Nə Ermənistan bu cür hərəkət etməli idi, nə də Azərbaycanı bu cür hərəkət eyməyə vadar etməli. Çünki mən burada günahı keçmiş və indiki Ermənistan rəhbərliyində görürəm».

O, vurğulayıb ki, bölgədə Rusiya faktoru var ki, nəzarəti əlində saxlamaq üçün hər zaman pazlları qarışdırıb, nifaq salıb. «Ona görə də belə pis vəziyyət yaranıb. Qonşu ölkələr bir birinə güvənmir və açıq bazarlıqdadır. Lakin bizim başqa yolumuz yoxdur».
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top