Azərbaycanda və dünyada informasiya texnologiyalarının inkişaf tendensiyaları

İKT 08 iyl 2021, 21:31
XXI əsr dünyada yeni elmi inqilab və texnoloji inkişaf çağı hesab olunur. Məhz bu inkişaf sayəsində dünya tarixində mühüm keyfiyyət dəyişiklikləri üçün gərəkli olan zaman müddəti dəfələrlə azalıb. Əgər əvvəllər önəmli texnoloji yeniliklərin ortaya çıxması və bu kəşflər nəticəsində insanlığın yeni inkişaf səviyyəsinə qədəm qoyması üçün 200 illik bir zamana ehtiyac vardısa, günümüzdə bunun üçün sadəcə 10-15 ilə ehtiyac var. Yaxın gələcəkdə bu göstəricinin cəmi bir neçə aya enəcəyini təsəvvür etmək elə də çətin deyil.

Texnoloji yeniliklərin sürətli inkişafı, insanlığın qarşısında bir əngələ çevrilən zaman amilini əhəmiyyətli dərəcədə azaltmağı bacarıb. Bu gün elmi-texniki tərəqqi bir insan ömrü müddətində yeni dünya inşa etməyə qadirdir. Şübhəsiz ki, bu inkişafın və tərəqqinin əsasında bəşəriyyətin informasiya sahəsində əldə etdiyi uğurlar yer alır. Bu gün bütün texnoloji yeniliklərin yaratdığı informasiya yükü insan miqyasını çoxdan keçib. Əgər yüz il əvvələ qədər texnoloji inkişafın əsasında insan amili dayanırdısa, artıq bu amil də sıradan çıxmaq üzrədir. Bəs, yeni dövrün reallığında insanın yeri nədir?

Düşünürəm ki, yaxın gələcəkdə cavab tapmalı olduğumuz əsas sual məhz bu olacaq.

Mövcud inkişaf tendensiyaları olduqca böyük informasiyanın çox qısa bir zamanda emal edilməsini, ən qısa zamanda nəticə əldə etməyi şərtləndirir. Bu həcmdəki informasiyanın emal olunması isə insanın sərhədlərini aşan texnoloji imkanlar tələb edir. Bu gün dünya Kvant kompüterləri sahəsində qlobal rəqabətin şahididir. Kvant kompüterləri elmdə yeni kəşflər, insanları xilas etmək üçün dərmanlar, xəstəlikləri daha tez təyin etmək üçün öyrənmə üsulları, daha səmərəli cihazlar hazırlamaq, qaynaqları sürətli yönləndirmək üçün alqoritmlərin inkişafına təkan verə bilər.

Texnoloji inkişafın sürəti informasiyanın emal prosesində insan faktorunu qabaqlamağı və sıradan çıxarmağı bacarıb. Bu gün insan sadəcə prosesi başladan və əldə olunan nəticələri analiz edən mövqedə yer alır. Lakin mövcud inkişaf sürətinin qarşısında bu mövqe də keçicidir. İnsan zəkasına bərabər və bəzi hallarda onu belə qabaqlamağı bacaran süni intellektin inkişafı insan amilini ümumiyyətlə prosesdən kənarlaşdırmağa qadirdir. Lakin bu heç də dünyanın süni intellekt tərəfindən ələ keçiriləcəyini iddia edən gələcək ssenarilərinin reallaşacağı demək deyil.

Düşünürəm ki, informasiya texnologiyaları sahəsində baş verən ciddi inkişaf gələcəkdə bir sıra yeni tendensiyaların da yaranmasını şərtləndirəcək. Yeni peşələrin, süni intellektdən fərqli olaraq insanın aparıcı olacağı yeni istiqamətlərin yaranması qaçınılmazdır. Yaddan çıxarılmamalı əsas həqiqət bütün texnoloji yeniliklərin məhz insanın məqsədlərinə xidmət etmək üçün yaradıldığı gerçəyidir. Bu məqsədlərin nə olduğunu, necə bir gələcək görmək istədiyini isə müəyyən edən hər zaman insandır.
Texnoloji yeniliklərə, süni intellektə və gələcək perspektivlərə məhz bu baxımdan yanaşmaq zənnimcə daha doğrudur. Texnologiyanı gözümüzdə düşmənə çevirmədən öncə texnologiya ilə dost olmağı bacarmalıyıq. Bunun bizi daha uğurlu gələcəyə aparan bir vasitə olduğunu da unutmamalıyıq. Qəbul etsək də, etməsək də texnologiya və inkişaf bu günümüzün və gələcəyimizin reallığıdır. Öz mövcudluğumuzu qoruyub saxlamaq isə bu reallığı dərk etməyi və ona ən yaxşı şəkildə uyğunlaşmağı tələb edir.
İnformasiya texnologiyaları və bu istiqamətdəki uğurlu fəaliyyət gələcəyin açarı hesab olunur. Elmi-texnoloji inkişaf, böyük həcmli informasiya emalı və nəticələrin analizi bir çox aparıcı sahənin ayrılmaz tərkib hissəsidir. Dünyanın sürətli şəkildə informasiya çağına qədəm qoyduğu bu dövrün reallıqları Azərbaycan üçün də keçərlidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas istiqamətlərdən biri informasiya texnologiyaları bazarında öz yerini tutmaq və informasiya məkanında daha yüksək səviyyədə təmsil olunmaqdır. Mövcud reallıqlar Azərbaycanda informasiya texnologiyaları sahəsində ciddi işlərin görülməsini və bu sahəyə qoyulmuş yatırımların artırılmasını şərtləndirir.

İlham Nağıyev
"A2Z Advisors" QSC-nin Müşahidə Şurasının Sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top