“Dağlıq Qarabağ” ifadəsini birdəfəlik aradan qaldıran, Qərbi Zəngəzura qayıdışı hədəfləyən MÖHTƏŞƏM FƏRMAN

GÜNDƏM 08 iyl 2021, 15:26
Prezident İlham Əliyevin ötən gün imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib. Sənəd yalnız iqtisadi aspektdən, yəni çevik iqtisadi siyasətin həyata keçirilməsi baxımından önəm daşımır. Bu tarixi Fərman birmənalı olaraq gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır.  44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqdan doğan Fərmanda Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda birləşdirilib, Şərqi Zəngəzur tarixi adı bərpa olunub. Bundan başqa, Xankəndi, Xocalı Qarabağ iqtisadi rayonuna daxil edilib. 

Bu nə deməkdir?

Diqqət çəkən və üzərində xüsusi dayanılmalı önəmli məqam “Dağlıq Qarabağ” bölgüsünün həmişəlik ləğv olunmasıdır. Məsələnin mahiyyətinə toxunmazdan öncə Prezidentin münaqişədəm sonra bəyan etdiyi fikirlərə diqqət edək. 

İlham Əliyev Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını, münaqişənin öz həllini tapdığını dəfələrlə bəyan edib və vurğulayıb ki, bu məsələyə qayıtmaq əbəsdir. Fərmanda Dağlıq Qarabağ ifadəsinin yer almaması, vaxtilə süni şəkildə yaradılmış bu ərazi bölgüsü ifadəsinin ləğvi Prezidentin haqqa, ədalətə dayanan cəsarətli mövqeyinin rəsmi olaraq həyata vəsiqə qazanmasıdır. 1921-ci ilin iyulun 4-5-də Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun (Paşinyanın dediyi “Kokeyşn Büro”) plenumunun iclas-protokolu ilə süni şəkildə “Dağlıq Qarabağ” ifadəsi və bölgüsü (sonradan bu ifadə əsasında 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb) ortaya atılıb. Bu ifadə və bölgü 100 il sonra Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə aradan qaldırıldı və tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkildi, “Dağlıq” sözü Qarabağdan çıxarıldı və süni bölgü tarixdə qaldı.  

Xatırlatmaq yerinə düşər ki, 2020-ci il  fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri təşkil edilmişdi. Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ictimaiyyət önündə canlı yayımlanan  debatda tarixi faktlara söykənən cavabları ilə Azərbaycan dövlət rəhbəri Paşinyanı ifşa etmişdi və onu çıxılmaz vəziyyətə salmışdı.  Məşhur “Kokeyşn büro” ifadəsi ilə özünü rüsvay edən Paşinyan siyasi dueldə gülünc durumda qalmışdı. 

Beləliklə, Prezidentin Fərmanında yer alan bu məqam həm də Qarabağla bağlı yaranmış yeni reallığı həzm etmək istəməyən, erməni diasporasının təsir dairəsində olan müəyyən ölkələrə açıq mesajdır. Dağlıq Qarabağ ərazi bölgüsü artıq yoxdur və Azərbaycan öz tarixi torpaqlarına əbədi dönüb, vaxtilə Qarabağla bağlı tarixi yanlış ifadələr rəsmi olaraq aradan qaldırılıb. 

Bundan sonra Qarabağla bağlı müzakirələrdə, sülh sazişinin hazırlanmasında Dağlıq Qarabağ adı ətrafında hər hansı spekulyasiyaların edilməsi mümkünsüzləşir. Prezidentin 44 günlük müharibədən sonra dəfələrlə bəyan etdiyi kimi Dağlıq Qarabağ adı altında status məsələsi olmayacaq. Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsündə bu ad yoxdur.  Ermənilər digər azsaylı xalqlar kimi yalnız Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamaq imkanına malikdirlər.

Yeni bölgüdə Şərqi Zəngəzur ifadəsinin yer alması gələcəyə istiqamətlənmiş, gələcəklə bağlı hədəflərimizi ehtiva edən mühüm addımdır. Bu, Qərbi Zəngəzura qayıdışı hədəfləyir. Sənəddə vurğulanr ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. 

Bununla yanaşı, Qarabağ iqtisadi rayonunun da yaradılmasının zəruriliyini əsaslandıran arqumentlər sənəddə yer alıb: “Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir". 

Ümumiləşdirsək,

▪️ Fərman ikinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqlar fonunda böyük tarixi və siyasi əhəmiyyətə malik hüquqi aktdır;

▪️Artır tarix boyu Azərbaycan dövlətinin coğrafiyasına daxil olan Şərqi Zəngəzur və digər toponimlər dövlət quruculuğuna dair hüquqi sənədlərdə əks olunur və bu, həmin məkanların hüquqi baxımdan Azərbaycana məxsusluğu barədə tarixi faktların, əsasların daha da möhkəmləndirilməsinə xidmət edir;

▪️Fərman Qarabağ və Zəngəzur kimi coğrafi ərazilərin tarixi barədə dünya ictimaiyyətinin təsəvvürlərinin daha düzgün formalaşmasına ciddi töhfə verəcək;

▪️ İşğaldan azad edilmiş ərazilərin də əhatə olunması ilə iqtisadi rayonların sayının 10-dan 14-ə qədər artırılması ölkə üzrə bütövlükdə daha çevik və səmərəli iqtisadi siyasətin həyata keçirilməsini, azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına sürətli  inteqrasiyasını təmin edəcək; 

▪️Yeni təsdiq olunmuş bölgü, xüsusilə Qarabağ bölgəsinin gələcək inkişafı və tərəqqisi üçün geniş imkanlar yaradacaq.
İqtisadi rayonların yeni bölgüsü barədə Fərman Prezident İlham Əliyevin tarixi və siyasi uzaqgörənliyinin daha bir nümunəsi olmaqla, gələcəyə hesablanmış strateji sənəddir. Bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasını, ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin daha da güclənməsini hədəfləyən Fərman 44 günlük Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top