Azərbaycanlıların 61,1 faizi pulunu manatda saxlayır — RƏSMİ

SOSİAL 07 iyl 2021, 13:33

Sosial Tədqiqatlar Mərkəzi 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində bir neçə mövzu üzrə telefon sorğusu keçirib. Sorğuda əminlik intervalı 95.0%, xəta marjası 3.0% təşkil edib. 

Sorğuda üç istiqamət üzrə suallar soruşulub:

-    Mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər
-    Manatın məzənnəsindən gözləntilər və Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətinin dəyərləndirilməsi
-    Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət


Demoqrafik


Telefon zəngi vasitəsilə keçirilən sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə təsadüfi qaydada seçilən 1073 respondent iştirak edib. Orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən 53.5% işləyir, 7.8% isə işləmir. Evdar qadın və təqaüdçülərin çəkisi müvafiq olaraq 20.1% və 14.9% təşkil edib. Seçmədə aylıq gəliri 251-500 manat arası olanların çəkisi yüksəkdir (42.5%).

Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə münasibət


Sorğuda Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair də iki sual soruşulub. Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi erməni xalqı müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəməsini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib. 

Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%). Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. 

 

 

Sosial-iqtisadi vəziyyət

 

Sorğu nəticələrinə əsasən son aylar ərzində əhalinin maddi vəziyyətində bir sıra istiqamətlərdə mənfi tendensiyalar müşahidə edilib. 


Demək olar ki, hər on nəfərdən doqquzu (84.4%) son aylar ərzində istehlak (ərzaq) məhsullarının qiymətində artım müşahidə etdiyi halda, respondentlərin yarıdan çox hissəsi (50.9%) son bir il ərzində ailə büdcəsindən ərzaq məhsullarına çəkilən xərclərin çox, təxminən 40.0% isə müəyyən qədər artdığını bildirib. Son aylar ərzində istehlak (ərzaq) məhsullarının qiymətində 14.3% respondent heç bir dəyişiklik görməyib. Demək olar ki, bütün iqtisadi rayonlar üzrə həm istehlak (ərzaq) məhsullarının qiymətində artım müşahidə edənlərin, həm də ərzaq məhsullarına çəkilən xərclərinin artdığını deyənlərin çəkisi oxşardır. Maraqlıdır ki, bütün gəlir qrupları üzrə ərzaq məhsullarına çəkilən xərclərin artdığını deyənlərin çəkisi ən azı 90.0% təşkil edir.


2021-ci il ərzində ailə büdcəsindən çəkilən xərclərin artması fonunda cəmi 6.3% respondentin ailəsinin gəlirlərində artım müşahidə edilib. Əgər hər üç nəfərdən birinin ailəsində (31.4%) aylıq gəlir azalıbsa, ərzaq məhsullarına çəkilən xərc yalnız 4.3% ailədə azalıb. Respondentlərin əhəmiyyətli hissəsi üçün (60.2%) ailə gəlirlərində 2021-ci ildə dəyişiklik olmayıb. 


Ev təsərrüfatı gəlirlərində artım müşahidə edilənlərin nisbətən daha çox hissəsi Lənkəran (12.6%) və Yuxarı Qarabağ (10.2%) iqtisadi regionlarının payına düşür. Aylıq gəliri azalma dinamikası isə iqtisadi regionlar üzrə dəyişir. Əgər Bakı, Lənkəran və Aranda respondentlərin 30-40%-də azalma müşahidə edilibsə, Quba-Xaçmaz və Yuxarı Qarabağ üçün bu göstərici 8.0%-20% arası dəyişir. 


Aylıq gəliri 1.000 manatdan aşağı olan hər üç ailədən birinin aylıq gəliri 2021-ci ildə azaldığı halda, gəliri 1.001 manatdan yuxarı olanların yalnız 11.0%-də eyni hal müşahidə edilib. Həm dövlət, həm də özəl sektorda çalışanların dörddə bir hissəsinin aylıq gəliri bu il ərzində azalıb.


Narahatedici məqam odur ki, seçmənin əhəmiyyətli hissəsi son 1 ildə gəlirlərindən heç bir yığım edə bilməyib. Aylıq gəliri 1.000 manatdan aşağı olanların 6.0% civarında bir hissəsi yığım edibsə, gəliri 1.001 manatdan yüksək olanlarda bu göstərici 12.0%-ə yaxındır. Maraqlıdır ki, işsizlərin 11.0%-i, dövlət və özəl sektorda çalışanların isə 4-5%-i yığım edib. Şəki-Zaqatala (17.1%) və Dağlıq Şirvanda (19.4%) yığım edənlərin çəkisi digər bölgələrə nisbətən ən azı 2 dəfə daha çoxdur. 


Respondentlərin 36.1%-i elektrik (işıq), 28.7% qaz və 25.6%-i isə yanacaq tariflərinin 2021-ci ildə artacağını gözləyir. Rəyi soruşulanların üçdə bir hissəsi (29.3%) heç bir artım gözləmir. Abşeron, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ bölgələrində elektrik (işıq) tarifinin artmasını gözləyənlərin çəkisi digər bölgələrə nisbətdə daha yüksəkdir. Şəki-Zaqatala və Yuxarı Qarabağ bölgələrində qaz tarifinin artmasını proqnozlaşdıranların nisbəti daha çoxdur. Əksər kommunal xidmətlər üçün aylıq gəlir artdıqca tarifin artmasına dair gözləntilər də artır. 


Əhalinin qarşıdakı 1 il ərzində ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı qənaəti birmənalı deyil. Belə ki, 31.6% əhalinin sosial-iqtisadi rifahının müsbətə, 26.4% isə mənfiyə doğru dəyişəcəyini düşünür. Hər dörd nəfərdən biri (23.3%) vəziyyətin dəyişməyəcəyi qənaətindədir. 


Vəziyyətin müsbətə doğru dəyişəcəyini düşünənlərin daha çox hissəsi 65 yaşdan yuxarı (yaş qrupları üzrə, 45%), aylıq gəliri 500 manatdan yüksək (gəlir qrupları üzrə, 40%) və təqaüdçülər və evdar qadın (məşğuliyyət qrupları üzrə, 40%) olanların payına düşür. İqtisadi rayonlar üzrə ciddi fərq müşahidə edilib. Əgər Abşeron və Gəncə-Qazaxda respondentlərin yarısı vəziyyətin müsbətə doğru dəyişəcəyi qənaətini paylaşırsa, Yuxarı Qarabağdan olan respondentlər üçün bu göstərici 70%-dən yüksəkdir. Quba-Xaçmaz (4.8%) və Şəki-Zaqatala (8.6%) isə bu mənada gələcəyə dair daha bədbin olan bölgələr kimi qarşıya çıxır. Tam orta (34%) və ali təhsillilər (33%) öz qrupları daxilində gələcək barədə ən nikbin qruplar kimi diqqət çəkir. Bakı (38.8%) və Abşeronda (34.8%) əhalinin qarşıdakı 1 il ərzində ölkədəki sosial-iqtisadi vəziyyətinin pisləşəcəyini hesab edənlər digər bölgələrə nisbətdə daha geniş yayılıb.
 


Milli valyutaya inam və məzənnəsindən gözləntilər


Hazırda əlində əlavə vəsait olanların 31.5%-i onu manat formasında saxladığını bildirib. Şəki-Zaqatala (42.9%) və Dağlıq Şirvanda (36.1%) manat formasında əlavə vəsaiti saxlayanlar digər bölgələrə nisbətən daha geniş yayılıb. 18-25 yaş qrupunda olanların və aylıq gəliri 1.000 manatdan yuxarı olanların manat formasında əlavə vəsaiti saxlama ehtimalı daha yüksəkdir.
Maraqlıdır ki, seçmənin daha çox hissəsi (61.7%) ehtiyatda vəsait olacağı halda onu manat formasında saxlayacağını bildirib. Respondentlərin bu mənada seçdiyi ikinci valyuta isə dollar (31.5%) olub. Dağlıq Şirvan (57.8%) və Quba-Xaçmaz (52.6%) yeganə iqtisadi bölgələrdir ki, burada respondentlərin daha çox hissəsi dollara üstünlük verir. Dollara meyllilik yaş artdıqca azalır. Aylıq gəliri 500-1000 manat aralığında olanların 53.2%-i ehtiyatda vəsait olduğu halda onu manat formasında saxlayacağını deyib ki, bu da digər müvafiq qruplardan daha yüksəkdir. Özəl sektorda çalışanların 36.3%-i dollara üstünlük verir ki, bu da digər müvafiq qruplardan daha çoxdur. 


Qarşıdakı dövrlərdə manatın məzənnəsi ilə bağlı respondentlərin 10.9%-nin heç bir gözləntisi olmadığı halda, daha böyük sayda iştirakçı (58.7%) manatın məzənnəsinin sabit qalacağını hesab edir. Devalvasiya ehtimalının yüksək olduğunu 17.6% düşünür. Təhsil səviyyəsi artdıqca devalvasiya ehtimalını yüksək dəyərləndirənlərin də sayı artır. Şəki-Zaqatala (47.1%), Gəncə-Qazax (21%) və Abşeronda (21%) devalvasiya gözləntiləri daha geniş yayılıb.


Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətini respondentlərin üçdə bir hissəsi (45.3%) bu və ya digər dərəcədə yaxşı dəyərləndirib. 21.3% əks mövqedən çıxış edib. Seçmənin əhəmiyyətli hissəsi isə Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasəti barədə ya məlumatsız olduğunu deyib (21.6%), yaxud məlumatlı olduğu halda cavab verməkdə çətinlik çəkib (11.9%). Adıçəkilən fəaliyyətə dair ən mənfi və müsbət rəy müvafiq olaraq aylıq gəliri 0-250 manat aralığında və 1.000 manatdan yüksək olan respondentlər üzrə müşahidə edilib. Özəl sektor və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar məşğuliyyət qrupları arasında Mərkəzi Bankın hazırki valyuta (kurs) siyasətindən ən çox razı qalan qruplardır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top