Erməni terrorçudan etiraf: “Azərbaycan ordusu hər gün irəliləyirdi, Cəbrayıldan hərbi qulluqçularla qaçdıq”

KRİMİNAL 05 iyl 2021, 13:20
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Qriqoryan Feliks Arşakoviç ifadə verib.

O, bildirib ki, ötən ilin noyabrında hərbi komissarlığa dəvət olunub: 

"Orada mənə bildirdilər ki, çağırışa gəlməsəm, barəmdə cinayət işi başlanacaq. Bu səbəbdən ora getdim. Hərbi Komissarlıqda silah-sursatla təmin  olundum. Bizə komandir polkovnik-leytenant Arsen Kazaryan təyin edildi. Gecə avtobuslara yola düşdük. Səhər saatlarında Laçına çatdıq. Orda hamı erməni idi. Daha sonra rus sülhməramlılarının yanından keçərək bir dağ tərəfə gəldik. Orda Arsen Kazaryan demədi ki, bura Azərbaycan torpağıdır. Bizə deyilmişdi ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. 13-14 gün orda qaldıqdan sonra bizə dedilər ki, aşağı düşün. Evə qayıtmalıydıq. Aşağı düşəndə Azərbaycan ordusu tərəfindən saxlanıldıq. Silahlarımızı təhvil verərək təslim olduq".

Daha sonra hakim təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsində olan ziddiyyətli hissələri elan edib. 

Digər təqsirləndirilən Anbardanyan Vels Karapetoviç bildirib ki, xidmət üçün yollandıqları yerin Azərbaycan torpaqları olduğundan xəbərsiz olub: 

"10 noyabr bəyanatından xəbərim olub. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin biz Laçına gələcəyimizi xəbərimiz olmayıb. Ora çatandan sonra xəbərimiz olub ki, biz Laçında olduğumuzu bildik".

Təqsirləndirilən Mikaelyan Andranik Vazgenoviçin sözlərinə görə, müharibə dövründə Cəbrayıl istiqamətində olub: 

“Sentyabrın 27-də çağırışçı kimi hərbi komissarlığa getmişəm. Məni Cəbrayılda yerləşən hərbi hissəyə göndərdilər. Cəbrayılın Azərbaycan ərazisi olduğunu bilirdim. Sadəcə etiraz edə bilmədim. Dedilər, əmrə tabe olmasam həbs ediləcəm. Cəbrayılda döyüşlərdə olmamışam. Azərbaycan ordusu hər gün irələyirdi. Ordumuzdan itkilərimiz var idi. Bir müddət qaldıqdan sonra Cəbrayıldan bəzi hərbi qulluqçularla qaçdıq. Oktyabrın 17-də artıq evdəydim. Daha sonra hərbi polis zəng elədi dedi ki, gəlməsən həbs olunacaqsan. Noyabrın 27-də hərbi komissarlığa getdim”.

Proses günün ikinci yarısında davam edəcək. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top