Qulu Məhərrəmli: "Saytlar qəzetlərdən daha operativ, daha keyfiyyətli informasiya xidməti göstərirlər"


MEDİA 05 iyl 2021, 12:05
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektləri arasında keçirilən müsabiqənin nəticələrini elan edib. 
 
Professor, əməkdar jurnalist Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında müsabiqənin nəticələri ilə bağlı fikirlərini bölüşüb.
 
O, bildirib ki, saytların büdcədən maliyyələşdirilməsi media ilə bağlı aparılan prosesin tərkib hissəsidir: "Saytların dövlət büdcəsindən maliyyələşdirilməsinə, əlbəttə ki, münasibət birmənalı deyil. Yəni bir qism adam belə hesab edir ki, bu, normaldır, yəni saytlar da dövlət büdcəsindən vəsait almalıdır. Qəzetlərə verilirsə, niyə saytlara verilməsin, çünki bunlar da məlumatlandırma işi ilə məşğuldurlar və qəzetlərdən daha operativ, daha keyfiyyətli informasiya xidməti göstərirlər. İkinci baxış isə ondan ibarətdir ki, saytlar nə qədər müstəqil qalsalar, dövlət büdcəsindən vəsait almasalar, yalnız reklam hesabına öz fəaliyyətlərinə davam etsələr bu, daha uyğun olar. Çünki belə hesab edirlər ki, büdcədən pul almaq müəyyən çərçivəni və öhdəlikləri qəbul etməkdir. Mən şəxsən ikinci yanaşmanın tərəfdarıyam. Amma bunların hər ikisində səmərəli olan məqamlar var.
 
Professor maliyyə alacaq olan media qurumları tövsiyələrini də verib: "Yaxşı olar ki, saytlar həm pul alsın, həm də öz müstəqilliklərini, sərbəstliklərini saxlasınlar. Bir az daha keyfiyyətli məlumatlandırma sistemi qursunlar, əməkdaşlarını normal maaşla təmin etsinlər. Yəni bu, arzuolunan bir xəttdir. Deyim ki, məsələn, qəzetlərin maliyyələşdirilməsi başlayanda böyük ümidlər var idi. Qısa zaman keçəndən sonra məlum oldu ki, qəzetlər sözün yaxşı mənasında öz mübarizliklərini itirdilər. Hazırda media ilə bağlı bir proses gedir. Hesab edirəm ki, büdcədən maliyyələşdirilməsi də bunun tərkib hissəsidir. Bu, nə dərəcədə effektli olacaq, nə dərəcədə saytların və ümumən medianın xeyirinə olacaq bunu da zaman göstərəcək. Yəni bir ildən sonra bu barədə daha rahat danışmaq mümkün olacaq”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top