Şəhid atasının şikayəti ilə bağlı YAŞAT Fondundan AÇIQLAMA

GÜNDƏM 03 iyl 2021, 14:53
Vətən müharibəsi şəhidi Sərxan Mustafayevin atası sosial şəbəkələr vasitəsilə videomüraciət yayıb və YAŞAT Fondunun ona vədlər verdiyini, amma heç birinə əməl etmədiyini iddia edib.

Demokrat.az xəbər verir ki, Qazax rayon Aslanbəyli kəndinin sakini Mustafayev İslam buna görə prezidentə müraciət edib: "Mən aldanılmışam, aldanılıram. YAŞAT Fondunun əməkdaşları tərəfindən dəfələrlə evimin şəkli çəkilib, evimin təmiri və problemlərimin həlli ilə bağlı dəfələrlə vədlər verilib, siyahı tutublar. Kreditim var, borcum var, yoldaşım xəstədir. Bunların hamısını təmin etmək üçün vədlər veriblər, amma əməl eləməyiblər. Dövlətin fondu tərəfindən aldadılıram".

Şəhid atasının iddiaları ilə bağlı YAŞAT Fondundan Yeniavaz.com-a açıqlama verilib və şəhidin həm həyat yoldaşının, həm də valideynlərinin müraciətlərinin təmin olunduğu bildirilib: "Şəhid Sərxan Mustafayevin ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciətləri Fond tərəfindən təmin edilmişdir. Şəhidin həyat yoldaşı Ş. Mustafayevanın müraciəti 2021-ci il 25 may tarixində 2500 AZN köçürülərək, valideyni İ. Mustafayevin müraciəti isə 3 iyun tarixində 2500 AZN cari bank hesabına köçürülməklə təmin edilmişdir. Əlavə olaraq qeyd edək ki, şəhid Sərxan Mustafayevin digər valideyni F. Mustafayevanın müvafiq istiqamət üzrə müraciəti hazırda icradadır və yaxın günlərdə öz həllini tapacaq".(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top