Bəhruz Quliyev: "Haqsız narazılıqlar yaranmaqda olan yeni rəqabət mühitinə zərər verir"

GÜNDƏM 02 iyl 2021, 14:10
“Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn informasiya subyektləri arasında keçirilən müsabiqənin qaliblərinin adı açıqlandı. Bu maliyyə dəstəyinin sayəsində qalib veb-saytların, elektron informasiya resurslarının həm iqtisadi imkanları, həm də rəqabətə davamlılığı kifayət qədər artacaq. Bu baxımdan MEDİA-nın addımı yalnız təqdir olunmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “SƏS” Media Qrupunun baş direktoru Bəhruz Quliyev deyib.

O, Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin nəticəsi ilə bağlı sosial şəbəkələrdəki fikirlərə münasibət bildirib:

"Bu yenilik, yaxud təşəbbüs ilk addımdır. Şübhə yoxdur ki, qarşıdakı zamanlarda müsabiqənin daha da təkmilləşdirilməsi prosedurları həyata keçiriləcək. İstənilən sahə üzrə atılan ilk addımlarda həm uğurlar, həm də müəyyən nöqsanlar olur və nöqsanlara görə yaranan narazılıqlar təkmilləşdirilmə yolu ilə aradan qaldırılır. Bu baxımdan, MEDİA-nın reallaşdırdığı müsabiqələr gələcəkdə istər veb-saytlar arasında, istərsə də çap mediasında rəqabət meyllərini daha da artıracaq. İctimai rəydə, oxucuda daha çox rəğbət qazana bilən resurslar agentlik tərəfindən müsabiqənin qalibi elan ediləcək. Bu gün də məhz həmin prinsiplər əsas olaraq götürülüb. Xəbərin dolğunluğu, aktuallığı və operativliyi kimi meyarlar bu kimi seçimlərdə önəm daşımaqdadır. Ona görə də düşünürəm ki, həmkarımız olan hər hansı bir elektron media resursu qalib seçilmirsə, onlar bundan təəssüflənməməli, layihəyə dəstəklərini dayandırmamamlıdırlar. Əksinə, öz fəaliyyətlərində nöqsanlarını axtarmalı, hansı boşluqlara yol verdiklərini araşdırmalı, növbəti müsabiqədə qalib olmaq üçün media məkanına öz yeniliklərini gətirməlidirlər. Narazılıqların olması normaldır, amma haqsız narazılıqlar yaranmaqda olan yeni rəqabət mühitinə zərər verir”.

O, müsabiqənin Azərbaycan mediasında rəqabətli mühit yaradacağını, media orqanlarının da bu mühitdə sağlam mübarizə aparmalarının vacib olduğunu qeyd edib:

“Düşünürəm ki, müsabiqədə qalib gələ bilməyən media qurumları rəqabətli fəaliyyət mühitində özlərini oxucuları qarşısına təsdiq etsinlər. Bu, həmçinin mətbuatımızın inkişafı baxımından təqdirəlayiq addım olar. Bu kimi addımlar həm də qeyri-dəqiq, yoxlanılmamış informasiyaların mətbuat resurslarında dərc olunmasının aradan qaldırılmasına, "qara piar"-ların, xüsusilə də plagiat yazıların sıradan çıxmasına şərait yaradacaq. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir və nəticə etibarı ilə real jurnalistikanın inkişafına da öz təsirini göstərir. Məncə, müsabiqədə qalib olmayanlar fəaliyyətlərini dolğunlaşdıraraq gələcək müsabiqələrdə qalib olmaları üçün maksimum səy göstərməlidirlər. Bu yolda bütün media həmkarlarımıza uğurlar arzu edirəm. MEDİA-ya isə həyata keçirdiyi yeni layihələrdə də uğur diləyirəm. Atılan hər ilk addım, verilən hər ilk qərar uğurlu gələcəyə doğru istiqamət götürür və daha geniş standartlara əsaslanaraq təkmilləşir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top