Əməkdar jurnalist: "Medianın inkişafı və dövlət tərəfindən dəstəklənməsi ilə bağlı yeni bir proses başlayıb"

GÜNDƏM 02 iyl 2021, 12:20
"Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn mediaya maliyyə yardımı ilə bağlı elan etdiyi müsabiqənin nəticələrini açıqladı. Gözlənildiyi kimi, açıqlanan nəticələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Şübhəsiz ki, bu nəticələrdə media adına iddia bütün subyektləri razı salmaq mümkün deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.
 
O, Medianın İnkişafı Agentliyinin çap və onlayn media subyektləri üçün elan etdiyi müsabiqə və nəticələri ilə bağlı fikirlərini bölüşüb:

"İstənilən halda, medianın inkişafı və dövlət tərəfindən dəstəklənməsi ilə bağlı yeni bir proses başlayıb. Onlayn mediaya ilk dəfədir ki, dövlət tərəfindən maliyyə dəstəyi verilir və nəzərə alaq ki, bu addım “Media haqqında” qanunun qəbul edilmədiyi bir vaxtda atıldı. Bu baxımdan media  sahəsində aparılması nəzərdə tutulan islahatların intensiv bir şəkildə irəliyə doğru aparılacağı ilə bağlı ortalıqda gerçək bir niyyətin, iradənin olduğunu qəbul edə bilərik".

Əməkdar jurnalist müsabiqənin medianın inkişafına dəstək verəcəyini düşündüyünü bildirib:

"İllərdir ki, media sektorunda köklü islahatların aparılmasından, medianın müstəqil maliyyə mənbələrinin formalaşmasından danışırıq. Media  subyektinin həqiqətən də islahat, dəyişiklik tərəfdarı olduğu, əslində onun şəxsi, korporativ maraqlarına yox, prosesin özünə münasibətində büruzə verir.

Baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzeti uzun illər gündəlik qəzet kimi fəaliyyət göstərib. Son iki il ərzində həftədə 3 dəfə - günaşırı nəşr olunub. Son müsabiqənin nəticələrinə görə isə, qəzet həftədə bir dəfə işıq üzü görəcək. Amma istənilən halda “Media haqqında” qanunun tez bir zamanda qəbul olunmasını, xaosa, özbaşınalığa, dərəbəyliyə son qoyulmasını arzulayırıq".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top