"Qarabağda döyüşmək istəmirdim, ona görə qaçdım..." — Erməni terrorçu

SİYASƏT 01 iyl 2021, 22:09
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az  xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə ifadə verən təqsirləndirilən Dilanyan Arman Vazgenoviç deyib ki, ötən il noyabrın 27-də Ermənistan sərhədlərini qorumaq üçün hərbi komissarlığa cəlb edilib:

"Bizi gecəynən Laçına gətirdilər, daha sonra səhəri gün rus sülhməramlıların durduqları yerdən keçərək bir az dağlıq əraziyə gətirdilər. Piyada dağa qalxdıq. Orada digər erməni hərbçilərin növbəsini dəyişməliydik. Bizə oranın Ermənistan ərazisi olduğu və sərhədlərimizi qoruduğumuzu demişdilər. Bir müddət qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə dağdan endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq və silahlarımızı onlara təqdim edərək təslim olduq".

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan azərbaycanlılara silahlı müqavimət göstərmək idi.

Prokurorun suallarını cavablandıran Arman Dilanyan bildirib ki, müharibə zamanı Cəbrayıl istiqamətinə cəlb olunub:

"Oktyabrın ayın 3-dən 15-nə qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olunmuşam. Lakin mən orda olduğum müddətdə döyüşlərdə iştirak etməmişəm. Mən ayın 15-i oradan qaçdım. Müharibə bitəndən sonra hərbi polis gəldi ki, əgər indi getməsən, hərbi xidmətdən yayındığın üçün səni həbs edəcəyik. Bu səbəbdən mən də hərbi komissarlığa getdim. Yenə müharibə olsaydı, qanuni olaraq olaraq orda iştirak etməliydim, amma vicdanım orada döyüşmək istəmirdi".

Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində qeyd edib ki, Cəbrayılda 200-ə yaxın erməni ilə birlikdə Azərbaycan ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.

Daha sonra prosesdə Soğomanyan Setrak Samveloviç ifadə verib. O da digəri kimi analoji ifadə verib. Bildirib ki, hərbi komissarlıqdan avtobusla Laçına, oradan Xocavəndə aparılıblar:

"Bizə dedilər ki, Ermənistan sərhədlərini qoruyacağıq. Lakin bizə Qarabağa gedəcəyimizi demədilər. Bizi aldatdılar".

Suallara cavab verən təqsirləndirilən şəxs digəri kimi müharibə vaxtı Cəbrayıl istiqamətində hərbi birləşmədə iştirak edib:

"Döyüşlər zamanı silahdan istifadə etməmişəm. Biz geri çəkilmişik, daha sonra mən evə qaçdım. Hərbi polis məni axtarırdı. Bildirmişdilər ki, hərbi komissarlığa getməsəm, cinayət işi başlayacaq. Ona görə noyabrın 27-də hərbi komissarlığa yollandım. Noyabrın 10-da olan üçtərəfli bəyanatdan məlumatım olub. Bilirdim ki, müharibə başa çatıb".

Prosesdə Karapetyan Rafik Robertoviçə ifadə vermək təklif edilib. O da sərbəst ifadəsində noyabrda hərbi komissarlığa çağırıldığını, ordan Laçına və daha sonra Xocavənd istiqamətinə gətirildiyi deyib:

"13-14 gün orda qaldıqdan sonra evə qayıdacağımızı dedilər. Biz aşağı enəndə Azərbaycan Ordusu tərəfindən saxlandıq".

Rafik Karapatyan da müharibədə Cəbrayıl istiqamətində iştirak etdiyini bildirib:

"Ötən il oktyabrın 4-də artıq mən Cəbrayıldan qaçaraq Qubadlı ərazisinə keçdim. Orada da Gorusda gəldim, silahımı polisə təhvil verdim. Daha sonra rayonumuza qayıtdım. Lakin müharibədən qaçdığım üçün axtarışa vermişdilər. Müharibə bitəndən sonra dedilər hərbi komissarlığa gəlməsən səni 12 ilə qədər həbs edəcəyik".

Daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıblar və hərbi ləvazimatla təmin ediblər:

"Bizə Ermənistan ərazisindəki postlara gedəcəyimizi bildirdilər. Mən özüm də Ermənistan ərazisində postlara çıxacağımı bildirdim. Sonra gecə bizi avtobusa mindirdilər, apardılar. O tərəflərdə heç vaxt olmamışdım. Səhər açılanda gördüm ki, Laçına gəlmişik. Sonra bizi "Ural" maşınına mindirdilər. 10-15 dəqiqə gedəndən sonra Rus sülhməramlılarını gördük. Təxminən 45 dəqiqə gedəndən sonra yol olmadığı üçün piyada getməyə başladıq. 2-3 saat çətin yollarla getdik. Bizi postlara yerləşdirdilər. Bizə göstəriş verdilər ki, burada tərəflər arasında atəşkəs pozulmayacaq. Atəşi pozan tərəf mühakimə olunacaq. Bizə sayla patron verdilər. Bir dəfə havaya atəş açmışıq. O da çörək gətirəni bilmək üçün".

Eduard Giraqusyan qeyd edib ki, postdan düşəndən sonra bir qədər gediblər və qarşılarına tonqal başında əyləşən şəxslər görüblər:

"Fikirləşdik ki, bizimkilərdir. Amma onlara yaxınlaşanda gördük ki, yaşma uşaqlarıdır. Onlar bizə təslim olmağı bildirdilər. Bizdə yüksək vəzifəli heç kəs olmadığı üçün onlara atəş açmadıq və təslim olduq. Bizi bir kəndə gətirdilər. Orada bizi Azərbaycan maşınlarına mindirdilər, bilmədiyimiz yerə gətirdilər".

Təqsirləndirilən şəxs deyib ki, postda olduqları zaman cəmi bir dəfə atəş açıblar:

"Duman və.çən olduğu üçün bizim olduğumuz yeri bilən olmayıb. Gümrü şəhərində idman müəllimi olmuşam. Andranik Manukyanla eyni ərazidə müəllim işləsək də, bir-birimizi tanımamışıq. Burada bir-birimizi görmüşük".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, onlar Azərbaycan hərbçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıqlar alıblar. Onun ifadəsinə görə, Azərbaycan ərazisində olduqlarını biliblər.

Digər təqsirləndirilən Gevorg Martirosyan ifadəsində bildirib ki, Dağlıq Qarabağda yerləşən qanunsuz orduda kiçik çavuş rütbəsində xidmət edib:

"Oranın Azərbaycan ərazisini olduğunu bilməmişəm. Biz öz qulluğumuzu yerinə yetirmişik".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Hakim həmin ziddiyyətli ifadələri elan edib. Məlum olub ki, onların məqsədləri Azərbaycan ordusunun mövqelərinə hücum etmək olub:

"Arsen Kazariyan olduqları yerin Ermənistan ərazisi oldunu deyib. Biz də ona inanmışıq. Ermənistan ordusuna qoşulmaqda məqsədimiz üzərimizdə olan silahlarla Azərbaycan Ordusuna basqınlar etmək olub".

Təqsirləndirilən Volodya Akopyan ifadəsində deyib ki, onlara atəş açmamağı qəti tapşırıq veriblər, bir hadisə olduqda isə Rus sülhməramlılarına məlumat vermək barədə göstəriş alıblar. O deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib və onu məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, ora getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".

O qeyd edib ki, dağda olan postda onlar 62 nəfər olublar, Gümrüdə olan 40 nəfər isə Arsen Kazariyan ilə birlikdə olublar:

"Bizim həmin şəxslərlə əlaqəmiz olmayıb, bir yerdə olmamışıq. Onlar Arsenal başqa yerdə olublar. Mənim Azərbaycan ordusuna hücum etmək fikirim olmayıb. Əgər belə bir hal olsaydı, mən özüm silahı yerə atardım".

Növbəti proses iyulun 5-də saat 10.00-da davam edəcək. / Teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top