"Azərbaycanda terror hazırlayan ermənilər 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər" — Hakim

KRİMİNAL 01 iyl 2021, 13:19
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Prokuror ittiham aktının elan edib. 

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.
Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər. 

Prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər ifadə verəcək.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top