Səməd Seyidov Zöhrabyandan danışdı: "Mənə yaxınlaşıb dedi ki..."

XARİCİ SİYASƏT 30 iyn 2021, 23:26
Ermənilər əvvəllər Azərbaycanın, torpaqlarının hesabına nə isə qazanmaq istəyirdilər. İndi də deyəsən torpaq əllərindən çıxandan sonra deputatlarımızın hesabına nəsə əldə etməyə çalışırlar. Çünki ermənilər həmişə kiminsə hesabına özlərinin reytiqini qaldırmaqda maraqlıdırlar.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Deputat erməni millət vəkili Naira Zöhrabyanın onunla 40 dəqiqə söhbət aparması məsələsinə aydınlıq gətirib: “Nə yaxşı ki, Azərbaycan nümayəndə heyətinin üzvləri yanımda idi. Ermənilər yalan, böhtan danışdıqlarına görə onları parlamentdən də kənara atıblar. Daha öncə də erməni deputatı komitə sədrliyindən kənarlaşdırıblar”.

Millət vəkili söyləyib ki, erməni deputat Zöhrabyan AŞPA-da iclasdan çıxanda qapıda ona yaxınlaşıb: “Erməni terrorçular haqqında soruşdu. Təsdiqləyirəm ki, bəli o mənə yaxınlaşıb, bir-iki kəlmə söz danışılıb. Söylədi ki, erməni terrorçuları nə vaxt buraxacaqsız? Mən də cavab vermişəm ki, “onlar əsgər deyillər, terrorçulardır. Terrorçuların taleyi yalnız məhkəmə yolu ilə həll olunur. Bu istiqamətdə də artıq məhkəmələr başlayıb”. N.Zöhrabyan mənə qayıtdı dedi ki, “axı biz Dilqəmi, Şahbazı buraxdıq. Onlar da cinayət törətmişdilər”. Dedim ki, “cinayət törətdiklərini siz deyirsiniz, onlara qarşı normal, müstəqil dövlətin məhkəməsi olmayıb. Ancaq Azərbaycanda normal, beynəlxalq standartalara uyğun məhkəmələr gedir”.

Səməd Seyidov erməni deputatın "əsirləri geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyü tanınsın" kimi fikirlərinə də münasibət bildirib: “Bütün bunların hamısı ermənilərin növbəti uydurdurmasıdır, özlərinə reytinq qazanmağa çalışırlar. Onlar başa düşürlər ki, artıq siyasi səhnədən siliniblər. Bu səbəbdən də biri deyir mən müxalifətəm, o biri deyir mən azərbaycanlı deputatla söhbət etmişəm...Zöhrabyanın 40 dəqiqə mənimlə söhbət etməsi ağ yalandır. Söhbət heç qırx saniyə də çəkməyib. Yaxşı ki, yanımda Azərbaycan nümayəndə heyətinin üzvləri də vardı. 40 dəqiqə bilirsiniz nə deməkdir? Koridorda, qapının ağzında, mən sənədləri götürürdüm, yaxınlaşıb bir iki kəlmə sözü bir-birimizə demişik. Ancaq 40 dəqiqə ayrıca söhbət etmək, bu dərəcədə yalan eşitməmişəm”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistanı təmsil edən Naira Zöhrabyan Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovla 40 dəqiqə söhbət etdiyini deyib: “Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasının vacibliyini bildirdim. Səməd Seyidov dedi ki, Azərbaycan erməni əsirləri qaytarıb, yerdə qalanlar terrorçudur. Ancaq xoş mərama sahib olan Azərbaycan bütün əsirləri rəsmi İrəvana təhvil verə bilər. Bunun üçün Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top