Prezident İlham Əliyevdən Ermənistana YENİ ŞƏRT

GÜNDƏM 27 iyn 2021, 14:11
Prezident, Ali Baş Komandan İlham Əliyev bundan sonrakı dövrdə Azərbaycanın Ermənistanla münasibətlərinin hansı çərçivədə qurula biləcəyi barədə mövqeyini açıq şəkildə bəyan etdi. Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Prezident YENİ ŞƏRTİ təkcə Ermənistan üçün deyil, bölgədə marağı olan bütün qüvvələr üçün səsləndirdi. Ali Baş Komandan vurğuladı ki, Ermənistan üçün yeganə bir yol var: 

- öz qonşuları ilə normal münasibətlər qurmaq;
- ərazi iddialarından əl çəkmək;
- Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək; 
- Reallığı qəbul edib, sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaq;
- Delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaq. 

Ermənistanda bir həftə bundan öncə baş tutan seçkilərin ardından Prezident İlham Əliyevin bu konkret mesajları çatdırması təsadüfi xarakter daşımır. Sirr deyil ki, Azərbaycanın tarixi qələbəsinə hələ də hansısa formada kölgə salmaq istəyən dairələr var. Həm Ermənistanın daxilində, həm də erməni lobbisinin təsir dairəsində olan müəyyən çevrələrdə Dağlıq Qarabağ münaqişəsi ifadəsi yenidən gündəmə gətirilir. Məhv olmuş status məsələsinin dirilməsinə uğursuz və yersiz cəhdlər edilir. Prezidentin elan etdiyi yeni şərt, ilk növbədə bu dairələrə ünvanlanmışdı. Dövlət başçısının çıxışında “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub” vurğusu bu anlamda qəbul edilməlidir.

Digər tərəfdən, qalib Azərbaycan sülh mövqeyinə sadiqdir. Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyü məsələsində güzəştsiz mövqeyi yerində qalır. Azərbaycan hələ torpaqları düşmən tapdağında olanda ərazi bütövlüyü məsələsində bir addım belə olsun geri durmadısa, bundan sonra bunu gözləmək əbəsdir. Müharibədən ötən 7 ay ərzində təsəvvür edilməz sürətlə düşmənin viran qoyduğu Qarabağı dirçəltməyə başlayan Azərbaycanda nə iqtisadi, nə hərbi baxımdan heç bir  geriləmə yoxdur. Tam əksinə, Ali Baş Komandan çıxışında Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün nəzərdə tutulan planların ilkin konturlarını diqqətə çatdırdı: 

- İkinci Qarabağ müharibəsinin nəticələri və gedişatı düzgün təhlil ediləcək, hərbi gücümüzü artıracaq addımlar həyata keçiriləcək;
- Müharibədən sonra yeni kontraktlar imzalanıb, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb;
- Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqlənib və Ordumuzun say tərkibi artırılacaq. 

Göründüyü kimi, bir yandan Qarabağda daha da möhkəmlənən, quruculuq işləri aparan Azərbaycan hərbi gücünü daha da artırmaq üçün təxirəsalınmaz tədbirlər gerçəkləşdirməkdədir. 

Ermənistandakı vəziyyət isə göz önündədir. Ölkənin iqtisadi, hərbi, siyasi, sosial sahələrində durum daha da acınacaqlı xarakter alıb. Hazırda siyasi bataqlığı xatırladan Ermənistanın məhv olmuş ordusunu yenidən qurmaq on illiklər tələb edir. Yeganə çıxış yolu reallığı qəbul edib, Azərbaycanla əlaqələr qurmaqdır və Prezident çıxışında bu mesajı həm də Ermənistan cəmiyyətinə ünvanlamışdı. 

Seçkidən yeni çıxan erməni cəmiyyəti anlamalıdır ki, reallıqdan kənara çıxmağın əksi Ermənistanın dövlət kimi tam məhv olmasına aparan yoldur. Ermənistanın bu gün əslində müstəqil ölkə olmamasının, xarici yardımlardan asılı dövlət kimi güc-bəla ilə ayaqda durmasının tək səbəbi işğalçılıq siyasətidir. Bu siyasət yerində qalsa, hər hansı inkişafdan söhbət belə gedə bilməz.

Ötən illərdə Azərbaycan özünün iqtisadi əlaqələrini, beynəlxalq layihələri Ermənistansız həyata keçirib. Yəni, bu ölkə olmadan da Azərbaycan qarşıdakı illərdə öz inkişaf yolu ilə gedəcək. Ermənistan isə onlara təklif olunan şərtləri qəbul edib, gələcəyə baxmasa Azərbaycanın təcrid siyasəti qüvvədə qalacaq, Ermənistanın çöküşü davam edəcək. Prezident İlham Əliyev çıxışında bu məsələnin üzərində də xüsusi dayandı: “Bu gün Azərbaycana Ermənistan lazım deyil, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra edib”. 

İlham Əliyev daha sonra “Ermənistan ilk növbədə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun” bəyanatını səsləndirdi. Bununla Ermənistan olmadan da bölgədə iqtisadi əlaqələrin inkişafına vurğu etdi. Ermənistan özünün işğalçılıq siyasəti ilə  regionda əhəmiyyətsiz ölkəyə çevrilib. Region dövlətləri 30 ildir, öz iqtisadi əlaqələrini Ermənistan olmadan qurub və bu iqtisadi layihələrin müəllifi, lokomotivi Azərbaycan olub. İndi bu ölkənin qurulan iqtisadi münasibətlər sistemində iştirakı region ölkələrindən çox Ermənistana lazımdır. Bunun üçün təkcə Azərbaycanın deyil, Türkiyənin, Gürcüstanın, İranın, Rusiyanın razılığı olmalıdır. Və Ermənistan revanşist meylləri birdəfəlik kənara qoyub, iqtisadi rol almaq üçün xahiş etməli, razılıq almalıdır. Onu da nəzərə almaq lazımdır ki, xəstə təfəkkürlü Ermənistanın zaman-zaman Türkiyəyə, Gürcüstana qarşı da ərzai iddiaları gündəmə gəlib...

Beləliklə, Prezidentin irəli sürdüyü yeni şərti qəbul etməmək Ermənistan üçün yeni fəlakətin başlangıcı olacaq. İlham Əliyevin çıxışında Azərbaycan əsgərinin qəhrəmanlığını bir daha dönə-dönə vurğulaması da elə - belə deyildi. 30 il istehkamlar, 6 müdafiə xətti quran Ermənistan ordusu əlverişli relyefdə olmasına rəğmən 44 günə məhv edildi, belə çətin şəraitdə qələbə qazanıldı. Bu Azərbaycan Ordusunun hansı gücə malik olmasını, istənilən hərbi vəzifəni icra edə bilməsini bütün dünyaya nümayiş etdirdi. İndi Azərbaycan əsgəri öz doğma ərazilərində daha əlverişli mövqedə dayanıb. Ermənistan Azərbaycanın daha da inkişaf edəcəyini, güclənəcəyini yaxşı anlamalı, bir an öncə düşmənçilik siyasətindən əl çəkməlidir. 

Üctərəfli bəyanata imza atmaqla əslində Azərbaycanın qələbəsini tanıyan, Ermənistandakı növbədənkənar parlament seçkilərində yenidən qələbə qazanan Paşinyan hakimiyyəti özündə cəsarət tapıb gələcəyə baxmalı, rəsmi Bakının beynəlxalq hüquqa əsaslanan yeni şərtinə uyğun davranmalıdır. Yalnız bu halda Ermənistanın hansısa gələcəyi ola bilər.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top