"Erməni snayperi boğazımdan vuranda dedim, hər şey bitdi" — VİDEO


SOSİAL 23 iyn 2021, 21:29
Bir müddət öncə jurnalistlərin işğaldan azad edilmiş Kəlbəcər rayonunda minaya düşərək şəhid olmaları ölkədə hərbi jurnalistikanın vəziyyətilə bağlı sualları aktuallaşdırdı.

Məhz hərbi jurnalistlərimizin cəsarəti, fədakarlığı sayəsində Birinci Qarabağ Müharibəsinin videoxronikası demək olar ki, tam olaraq qalır. O zaman bir neçə jurnalist və operator bu işi öz üzərinə götürmüşdü. Onlardan biri də “215 KL” studiyasının əməkdaşı Ədil Arifoğlu idi.
 
Azvision.az-ın qonağı olan Ədil Arifoğlu bir sıra maraqlı məqamlara toxunub: "Harada vəziyyət gərgin idisə, biz orada olurduq. Bu gün bizim lentə aldığımız kadrlarda kimsə öz yaxınını, şəhidini görə bilir. Demək olar ki, Zəngilanla Şuşadan başqa bütün yerlərdən çəkilişlərimiz var. Çünki hamısında olmuşuq".

Ədil Arifoğlu qeyd edib ki, döyüşlər yeni başlayanda, əvvəlcə onda qorxu hissi olub. Amma bu hiss tədricən öz yerini peşəkarlığa verib və getdikcə yoxa çıxıb:

- Çünki biz hiss edirdik ki, bunu çəkməliyik. Bu gün üçün çəkməliyik. Mənim ən çox çəkindiyim, qorxduğum snayper gülləsinə tuş gəlmək idi. Kameranın obyektivi gün işığını, ay işığını əks etdirir. Bu zaman da snayper üçün rahat hədəfə çevrilirsən. Ermənilər dəfələrlə jurnalistləri hədəf alırdılar. Çünki, adi əsgərin ölümü jurnalistin ölümü qədər ajiotaj yaratmırdı. Qorxduğum da başıma gəldi. Başımıza bomba yağdı, heç nə olmadı, amma snayperin hədəfinə çevrildim. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində 200 metr uzaqlıqdan atılan snayper gülləsi kameramı deşib, boğazıma girdi. 2 əməliyyat keçirtdim. Şükürbəyli səhra hospitalında əməliyyat zamanı öz-özümə dedim: “Bu da axırı. Ölürsən...”
 
Əməliyyatda 7,62 kalibrli snayper gülləsini boğazımdan çıxartdılar. Yaddaşlarda da sadəcə, "boğazından vurulan jurnalist" kimi qaldım. Hərçənd ki, fəaliyyətim zamanı əksər milli qəhrəmanları mən çəkmişəm. Allahverdi Bağırov, Fred Asif, Şirin Mirzəyev və s. buna misal ola bilər. Çəkdiyim döyüşçülərin 70 faizi şəhid olub. Hətta bu gün belə öz atasını, qohumunu mənim çəkdiyim kadrlarda tapanlar var.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top