Sosial mediada, şəbəkədə dövlətə, vətəndaşa mənəvi terror varsa, hüquqi mexanizmlər təcili ortaya qoyulmalıdır

GÜNDƏM 19 iyn 2021, 17:43
Azərbaycanda sosial medianın qanunla tənzimlənməsi məsələsi ötən hər gün daha da aktuallaşır. Amma nə yazıq ki, bu məsələ bir neçə nəfərin bu istiqamətdə açıq mövqe sərgiləməsindən o yana keçmir... Yalnız hansısa proses baş verəndə, fikir azadlığı ilə aşırı özbaşınalığın bir-birinə qarışdığı sosial mediada hansısa müsahibə kiminsə diqqətini cəlb edəndə məsələ gündəmə gəlir. Vəssalam! Sonra məsələ unudulur...

Sosial medianın fəaliyyətinin qanunla tənzimlənməsi mütləq tətbiq olunmalıdır. Bu mediada çalışan insanlar məsuliyyət hiss etmədikcə, qanun qarşısında cavabdehlik daşıdığını anlamadıqca, bunun acı nəticələrini zaman-zaman yaşayacağıq. Hansısa tənqidlə, ictimai qınaqla  bu problem həll olunmayacaq. 

Bu gün sosial mediada dövlətin maraqlarına zidd müsahibələr, rəylər meydan sulayır. Bu vəziyyətə isə, sadəcə hamı tamaşa edir - adi vətəndaş da, bunun qarşısını qanunla almalı olan qurumlar da. Hansı ki, ikincilər çoxdan hərəkətə keçib məsələnin qanunla tənzimlənməsini gerçəkləşdirməli idilər. Burada söhbət mətbuat, fikir azadlığını məhdudlaşdırmaqdan getmir. Söhbət dövlətin ümumi maraqlarına zidd yanaşmadan, anti-Azərbaycan fəaliyyətdən gedir. Bu gün sosial mediada heç bir məsuliyyət olmadığı üçün qonşusundan, dostundan və s. aldığı məlumatı dövlətçilik anlayışı olmayan şəxslərlə müzakirə edib yanlış ictimai rəy yaradılırsa, müvafiq qurumlar nəyi və kimi gözləyirlər? 

Qanuni metodlar lazımdır və bu heç də sərt nəzarətə canatma deyil! Bu çağırışların arxasında məhz dövlətin maraqları dayanır. Hamı yaxşı anlayır ki, internetin azad olduğu bir ölkədə hansısa sərt nəzarət mexanizmindən danışmaq mümkün deyil. Amma bütün sahələrdə olduğu kimi, sosial mediada da qanunla məsuliyyət daşıma mexanizmi olmalıdır. Əks təqdirdə sosial mediada sərhəd tanımayan özbaşına mühit daha açı nəticələrə yol açacaq. Necə ki, artıq açıb... 

Gözlənti budur ki, media ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər zamanı bu məsələ nəzərə alınacaq. Eyni zamanda, ölkədə mövcud olan digər qanunlara dəyişikliklər etməklə hüquqi tənzimləmələr gerçəkləşəcək. Bütün hallarda bunun edilməsi vacibdir və sosial mediada təhqirə, böhtana yol verilməsi, şəxsi həyata müdaxilə kimi məsələlərə görə məsuliyyət nəzərdə tutulmalıdır!

Bu gün ənənəvi media da, sosial media da eyni işlə - kütləvi informasiya daşıyıcısı olmaq işi ilə məşğuldur. Sadəcə, birincinin fəaliyyətinin qanunla tənzimlənməsi  var, ikincinin isə yox? Məntiqlidirmi? Xeyr! 

Nəzərə almaq lazımdır ki, “virtual terror” platformasına çevrilən sosial media anti-Azərbaycan fəaliyyətlə yanaşı, ayrı-ayrı insanlara qarşı münasibətdə həm də mənəvi terrorla məşğul olur. Ortada mənəvi terrora məruz qalan şəxsin əlində hüquqi yola baş vurması üçün tutarlı mexanizm yoxdur. Bu halda o insan nə etməlidir? Qəbilə üsulu iləmi hərəkət etməlidir? Oturub hamının bu terrorun qurbanına çevrilməsini gözləmək nə dərəcədə doğru mövqedir?

Sosial medianın auditoriyası olduqca genişdir. Məhz bu faktor həmin sahənin qanunla tənzimlənməsini diqtə edir. Bu, bütövlükdə bütün toplumun xeyrinə olan addımdır. Belə bir inzibati yasağın anti-demokratiya və çağdaş dünyanın yeniliklərinin ziddinə getməklə əlaqəsi yoxdur!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top