Deputat: "Çox arzu edərdik ki, qonşu İran dövləti ilə münasibətlərimiz hər zaman yaxşı olsun"

GÜNDƏM 19 iyn 2021, 17:28
Xəbər verdiyimiz kimi, İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi ölkənin yeni rəhbəri seçilib. O, İranın Ali dini lider Əli Xameneyi tərəfindən dəstəklənir. 

Yeni prezidentin Azərbaycan və İran arasındakı münasibətlərə təsiri barədə Demokrat.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov ikili əməkdaşlığın inkişaf edəcəyini düşündüyünü bildirib:

"Dövlətlərarası münasibətlərdə İran prezidentinin də mövqeyi vacibdir, amma münasibətlərdə əsas həlledici olan tərəflərin milli, strateji maraqları olur. Çox arzu edərdik ki, qonşu İran dövləti ilə münasibətlərimiz hər zaman yaxşı, daha dərin anlamda isə səmimi olsun. İran böyük qonşu dövlətdir və onun ərazisində milyonlarla azərbaycanlı yaşayır. Buna görə də, onlarla münasibətlərimizin yaxşı olması, inkişaf etməsi və səmimiyyət vacibdir. Yeni prezidentin seçilməsindən sonra bu münasibətlərdə əks-addımların atılması gözlənilmir". 

İranın Ermənistanla yaxın münasibətlərinə toxunan deputat Rəisinin fəaliyyəti dövründə bu məqamların geridə qalacağına ümid etdiyini vurğulayıb:

"İranla əməkdaşlığımız var, qonşu dövlət kimi münasibətlərimiz normaldır. Lakin torpaqlarımız işğalda olarkən, 44 günlük müharibə dövründə və indi də İranın Ermənistanla isti münasibətləri bizi hər zaman narahat edib və etməkdədir. Bu, gizlədilməsi mümkün olan bir fakt deyil, reallıqdır. Çox təəssüf edirik ki, İran İslam Respublikası İslam, müsəlman dəyərlərini murdarlayan, dağıdanlarla dostluq edir.
Çox istəyərdik ki, yeni prezident bu məsələlərdə daha diqqətli və həssas olsun. Onun fəaliyyəti dövründə Azərbaycan-İran münasibətləri yaxşı olmaqda davam etsin, səmimiyyəti isə artsın. Biz hər zaman vurluğayırıq ki, bu ikili münasibətlərdə səmimiyik və inkişafa çalışırıq. Onlar da öz növbələrində bizimlə dost olduqlarını deyirlər. Lakin bu dostluğun arxasında bu illər ərzində Ermənistana silah-sursat, yanacaq daşınmasının şahidi olmuşuq və təəssüf ki, bu proses bu gün də davam edir. Arzu edirik ki, Rəisinin gəlişi ilə bu hallara son qoyulsun və dostluğumuz, əməkdaşlığımız səmimi olsun".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top