Azərbaycan və İraqın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə etdilər

XARİCİ SİYASƏT 19 iyn 2021, 09:48
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Demokrat.az-a verilən məlumata görə, Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top