Politoloq: "Türkiyə Şuşada imzalanan bəyannamə ilə regionda öz gücünü bir az da artırdı"

GÜNDƏM 17 iyn 2021, 14:15
"1921-ci ildə Türkiyə ilə Rusiya arasında Qars müqaviləsi imzalandı. Hər iki ölkənin prezidenti də vurğuladı ki, imzalanan "Şuşa bəyannaməsi" Qars müqaviləsinə sadiqliyi göstərir. Bu müqavilə ilə Türkiyə Azərbaycanı həm Naxçıvan, həm də Qarabağ məsələsində rəsmi şəkildə müdafiə edə biləcək. Qars müqaviləsində Naxçıvanın müdafiəsi nəzərdə tutulurdusa, yeni bəyannamədə bütövlükdə Azərbaycanın təhlükəsizliyinin qorunması mövzudur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov Şuşada imzalanan bəyannamə ilə bağlı danışarkən deyib. 

O, bu bəyannamə ilə Türkiyənin regiondakı təsirinin artacağını bildirib: 

"Şuşa bəyannaməsi"ndə açıq şəkildə hərbi, siyasi, iqtisadi, mədəni, idman, təhsil və s. sahələrdə ikili sıx əməkdaşlıqlar nəzərdə tutulur. Lakin bizim üçün vacib olan hərbi sahədir. 2010-cu ildə Azərbaycanla Türkiyə arasında müttəfiqlik sözləşməsi imzalanmışdı, lakin o indiki bəyannamə ilə müqayisədə kölgədə qalır. "Şuşa bəyannaməsi" ilə dövlətlər Türkiyənin bölgədə mövcudluğunu təsdiq etdilər. Bu sənədlə Türkiyənin bölgədəki təsirinə və varlığına möhür vuruldu. "Şuşa bəyannaməsi"ni imzalamaq Azərbaycan üçün cəsarətli addım idi. Çünki xüsusilə müharibədən sonra həm Rusiya, həm də İran tərəfdən Azərbaycana böyük təzyiqlər vardı. Sözügedən ölkələr bu və ya digər şəkildə bu təzyiqi hiss etdirirdilər. Düşünürəm ki, növbəti mərhələdə Türkiyənin Qarabağda hərbi bazalarının yaradılması prosesi başlayacaq. Bu, ola bilsin ki, qarşıdakı aylarda mümkün olsun. Böyük ehtimalla hərbi baza türkiyəli və azərbaycanlı hərbçilərdən ibarət olsun. Bəyannamədə də birgə ordunun qurulmasına toxunulur".

Yeni bəyannaməyə əsasən Azərbaycanın dron istehsalına başlayacağını da vurğulayan politoloq bunun Azərbaycanın hərb sahəsinə müsbət təsirinə toxunub:

"Digər vacib məsələ odur ki, Türkiyənin dron istehsalı Azərbaycanda da həyata keçiriləcək. Bu, xüsusi bir addımdır. Bununla da Azərbaycan idxalçı yox, ixracatçı ölkəyə çevrilir. Ümumilikdə, yeni bəyannamədən sonra Türkiyənin Azərbaycandakı nüfuzu 90 faizə qədər artdı. 

Türkiyə Şuşada imzalanan bəyannamə ilə regionda öz gücünü bir az da artırdı. Bundan sonra nə Rusiya, nə İran, nə də hansısa başqa bir dövlət Azərbaycana qarşı açıq aqressiya göstərə bilməyəcək. Göstərmək istəsələr, qarşılarında Türkiyəni görəcəklər. Bunu Türkiyə dövlət başçısı həm Şuşadakı çıxışında, həm parlamentdəki iclasında bildirdi. Hər cür təhlükəyə qarşı Azərbaycanın yanında duran dövlət məhz Türkiyədir. Bu, həm Azərbaycanın gücünü, həm də Türkiyənin regiondakı təsirini artırır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top