MEDİA-nın layihələri Azərbaycan mətbuatına nə vəd edir? — Baş redaktorların şərhi

GÜNDƏM 16 iyn 2021, 14:34
Medianın İnkişaf Agentliyi jurnalistlər üçün silsilə tədbirlər keçirir, müsabiqələr elan edir. Agentliyin fərdi olaraq jurnalistlər, qəzetlər üçün, həm də internet media subyektleri üçün təşkil etdiyi bu müsabiqələr mətbuatda hansı keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq?

Editor.az məsələni media nümayəndələri ilə müzakirə edib.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib ki, Medianın İnkişaf Agentliyinin elan etdiyi müsabiqələr medianın inkişafına müsbət istiqamətdə təsir göstərəcək:

“Agentlikdə baş verən yeniliklər maraqla izlənilir. Medianın inkişafı istiqamətində atılan addımlar sağlam şəkildə həyata keçilir. KİV-ə Dövlət Dəstəyi Fondunda şəffaflıq qorunmadığı və tanışlıq-qohumluq prinsipləri önə keçdiyi üçün cəmiyyətdə, xüsusən jurnalist camiəsində müsabiqələrin şəffaf keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar var. 10 ildən artıq bir müddətdə Vüqar Səfərli imperiyasının ədalətsiz yanaşmaları ilə üzləşən jurnalistlərin belə narahatçılığı təbiidir. Lakin hal-hazırda dövlət rəhbərliyi tərəfindən bu sahəyə ayrılan xüsusi diqqət və nəzarət yüksək səviyyədədir. Eyni zamanda, Medianın İnkişaf Agentliyinin rəhbərliyində də kifayət qədər peşəkar jurnalistlər təmsil olunur. Yeni komandanın məqsədi yalnız Azərbaycan mətbuatında irəliləyişə nail olmaqdır. Agentlik tərəfindən keçirilən müsabiqələr lazımlıdır və mətbuatın inkişafına ciddi töhfələr verəcək”.

“Demokrat.az” xəbər portalının baş redaktoru, tanınmış jurnalist Vasif Həsənli bildirib ki, Agentliyin son müsabiqələri islahatlara doğru atılan addımlardır:

“Medianın İnkişaf Agentliyi yaranana qədər biz bunu görməmişdik. Vüqar Səfərli və onun komandası mafioz bir qrup yaratmışdılar. Hər dəfə eyni adamlara müsabiqədə yer verilirdi. Hətta jurnalistikaya aiddiyyatı olmayan insanları qalib edirdilər”.

Onun sözlərinə görə, Medianın İnkişaf Agentliyinin bu cür təşəbbüslərinə maksimum dəstək vermək lazımdır:

“Agentliyin keçirdiyi müsabiqələrdə əsas məqam jurnalistlərə fərdi şəkildə yanaşılması və qiymət verilməsidir. Bu müsbət haldır. Eyni zamanda, media haqqında qanunun qəbulu gözlənilir. Düşünürəm ki, bundan sonra mətbuatda daha ciddi dəyişikliklər olacaq və qeyri-peşəkarlar artıq sıradan çıxacaq”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top