Azərbaycan və Türkiyənin aparıcı qüvvə kimi mövqeləri möhkəmlənəcək — ŞƏRH

XARİCİ SİYASƏT 14 iyn 2021, 22:26
“Azərbaycan-Türkiyə arasında münasibətlərin hüquqi bazasını “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış və həmin ildə ölkə Prezidentləri tərəfindən təsdiq olunmuş Müqavilə təşkil edir”.

Bunu “İki sahil”ə açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

R. İskəndərli bildirib ki, bu müqavilə Azərbaycan və Türkiyə arasında imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək anlaşmasıdır: “2010-cu il anlaşmasına əsasən tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlmişlər.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hüquqi baxımdan strateji xarakter  daşıması, eyni zamanda, hər iki ölkə əhalisi arasında sıx tarixi, etnik, dini, sosial və s. bağlar bu münasibətləri dünyada bənzəri olmayan hər hansı iki tərəfdaş arasında olan münasibətlər kimi xarakterizə edir. Bu ölkələr tarixən sübut edib ki, həm xoş gündə, həm də dar gündə Azərbaycan və Türkiyə birlikdədirlər. 44 günlük müharibə isə bunun bariz nümunəsi oldu”.

İctimai Birliyin sədri qeyd edib ki, Türkiyə və Azərbaycan iqtisadi bağlılıqla öyünə bilərlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin müvəffəqiyyətli icrası, yaxın gələcəkdə "Zəngəzur dəhlizi"nin açılması bu ölkələr arasında həm iqtisadi əlaqələrin inkişafına, son nəticədə isə ölkələrin əhalisinin ümumi rifah səviyyəsinin artmasına xidmət edir.

R. İskəndərli xatırladıb ki, 15-16 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək: “Türkiyə arasında hərtərəfli və genişmiqyaslı müqavilənin imzalanması, bizə onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə biz artıq iki ölkənin daha geniş regional spektrdə aparıcı qüvvə kimi liderlər rolunun möhkəmləndirilməsinin şahidi olacağıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top