Deputat: "Azərbaycan xəritələri almaqla Ermənistanı növbəti dəfə ifşa etdi"

GÜNDƏM 14 iyn 2021, 16:54
"Mina xəritələri verilərkən məlum oldu ki, təkcə Ağdamda tank və piyada əleyhinə 97 mindən çox mina basdırılıb. Təkcə bu rəqəmə baxdıqda, xəritələrin əldə edilməsinin nə qədər əhəmiyyətli olduğu anlaşılır. Ağdamda minalanmış ərazilərin xəritəsinin alınması Azərbaycan dövlətinin uğurudur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Ağdamda basdırılan minaların xəritəsinin əldə edilməsi barəsində danışan deputat Azərbaycanın siyasi baxımdan əhəmiyyətli hadisəyə imza atdığını qeyd edib:

“Minalanmış ərazilərin xəritəsinin alınması prezidentin post müharibə dövründə qaldırdığı məsələlərdən biri və birincisidir. Beynəlxalq aləmdə prezident bütün çıxış və bəyanatlarında bildirirdi ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayətə imza atır. Bu, Ermənistanın faşist mahiyyətinin növbəti təzahürüdür. Mina xəritəsinin əvəzində diversantların verilməsi isə Azərbaycanın xoşməramlılığını göstərdi. Ermənistana təhvil verilən 15 erməni diversantının Azərbaycan əhalisinin həlak olmasında, həmçinin hansısa terrorçuluq fəaliyyətində əməlləri müəyyənləşməyib. 

Digər baxımdan, Azərbaycan xəritələri almaqla Ermənistanı növbəti dəfə ifşa etdi. Ermənistanın siyasi-hərbi rəhbərliyi açıqlamalar verirdilər ki, guya minalanmış ərazilərin xəritəsi onlarda yoxdur. Onlar hətta mina basdırmadıqlarını da iddia edirdilər. Azərbaycan yürütdüyü siyasətlə növbəti dəfə beynəlxalq aləmdə Ermənistanı ifşa etdi. Bütün dünya gördü ki, Ermənistan həmin ərazilərdə kütləvi şəkildə minalar basdırıb. Bununla da onlar həm də öz fikirlərini təkzib etməli oldular”.

Deputat vurğulayıb ki, Azərbaycan faşizm əməllərindən əl çəkməyən Ermənistanın kimliyini bir daha dünyaya sübut edib:

“Ermənistanın həm müharibədən əvvəl, həm müharibə, həm də post müharibə dövründəki addımları faşizm təzahürlərinin hələ də bu dövlətdə qalmasının bariz sübutudur. Beynəlxalq hüquqda nəzərdə tutulur ki, müharibə, silahlı münaqişə bitirsə, hər iki tərəf özündə olan basdırdığı minaların xəritələrini bir-birinə təqdim etməlidir. Müharibə Azərbaycan ərazisində olub və biz öz torpaqlarımızı düşməndən azad etmişik. Düşmən Azərbaycanın ərazisindən çıxanda, hətta müharibədən sonra da diversiya ilə məşğul olublar və qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olaraq, mina basdırıblar. Bu, dünyaya Ermənistanın faşist niyyətini açıq-aşkar göstərir. Basdırılan 97 mindən artıq minanın xəritəsinin Azərbaycana təqdim edilməsi Ermənistanın kimliyini dünya qarşısında ortaya qoyur. Bu, prezidentin uğurlu siyasətinin nəticəsidir, bu, Azərbaycan diplomatiyasının, Ali Baş Komandanının uğurudur”.

Deputat minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin insanların Ağdama qayıdışını da sürətləndirəcəyini bildirib:

“Digər əhəmiyyətli nüans ondan ibarətdir ki, Ağdamın baş planı təsdiqlənib və artıq şəhərdə quruculuq işləri başlayıb, sürətli işlər gedir. Minalanmış ərazilərin xəritəsinin alınması şəhərdə infrastruktur işlərinin sürətli aparılmasına da böyük təsir göstərəcək. Həmin xəritələr əsasında ərazinin minalardan təmizlənməsi işləri daha sürətli aparılır. Bununla da, Ağdamın bərpasını nəzərdə tutulandan daha tez başa çatdıra bilərik. İnanırıq ki, digər şəhər və rayonlarda da basdırılmış minaların xəritələrini ala biləcəyik”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top