Deputat: "Ermənistan işğaldan azad etdiyimiz digər ərazilərlə bağlı da oxşar addımı atmalıdır, əks halda..."

GÜNDƏM 14 iyn 2021, 15:07
“Mina xəritələrinin verilməsi indiki məqamda olduqca əhəmiyyətli hadisədir. Bu, bizim işimizi yüngülləşdirdi. Xəritələrin alınması kifayət qədər vacib addımdır və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bizim təzyiqlərimiz öz nəticəsini verdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ağdamın minalanmış ərazisinin xəritəsinin əldə edilməsi ilə bağlı danışarkən deyib.

Bu hadisənin Azərbaycanın yürütdüyü siyasətin müsbət nəticəsi olduğunu bildirən deputat prosesin davam etdiriləcəyini də vurğulayıb:

“Unutmamalıyıq ki, qarşımızdakılar ermənilərdir. Onların təqdim etdiyi mina xəritələrinin nə dərəcədə doğru olduğunu əməli təcrübədə yoxlamalıyıq. Xəritədə göstəriləndən əlavə də ərazidə minalar ola bilər. Bu, bizi ehtiyatlandırır. Düzdür, mina xəritələrinin əvəzində biz erməni diversantlarının bir qismini qarşı tərəfə verdik, amma bu, belə də gözlənilirdi. Diversantların hamısını hər hansısa bir şəkildə burda saxlamaq fikrində deyilik. Saxlanılan diversantlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə çərçivəsində onların fəaliyyətinə baxılacaq. Hansınınsa əməllərində yüngülləşdirici amillər olduqda, biz onların müəyyən şərtlərlə geri qaytarılmasını düşünə bilərik, amma təbii ki, əvəzində tələb etdiyimiz məsələlərin həll olunması həyata keçirilməlidir. Bu tələblər isə əsasən minalanmış ərazilərin xəritələri ilə bağlıdır. Ermənistan işğaldan azad etdiyimiz digər ərazilərlə bağlı da oxşar addımı atmalıdır, əks halda etimadsızlıq mühiti davam edəcək. Bu da tərəflərin heç birinin xeyrinə deyil”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top